Kəmaləddin Heydərovu Zaur Hüseynov əvəzləyəcək? - "Bakı Metropoliteni"nin rəhbəri “böyük çamodanlarla” məmurların qapısını döyməkdədir…

Baxış sayı:
5971

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynovun başının üstünü “qara buludlar” alıb. Belə ki, etibarlı qaynaqlardan əldə etdiyimiz məlumata görə, Z.Hüseynov yaxın günlərdə vəzifəsindən azad olunacaq.
Qeyd edək ki, əslində, “Metro Zaur”un vəzifədən azad olunacağı haqda informasiyalar yeni deyil. Hələ ötən ilin əvvəllərində onun özünü doğrulda bilmədiyi, tezliklə QSC sədrliyindən azad olunacağı deyilirdi. Hətta yuxarı dairələrdə onun yerinə namizədlər axtarışına çıxıldığı iddia olunur və konkret şəxslərin adı çəkilirdi. Lakin sonradan bu proses bir qədər səngidi və nəticədə Z.Hüseynov indiyədək öz işinin icrasını davam etdirməkdədir.
Buna baxmayaraq, mənbə iddia edir ki, Zaur Hüseynovla bağlı qərar dəyişməyib, onun yaxın günlərdə vəzifədən alınacağı istisna deyil. Məlumata görə, buna səbəb "Bakı Metropoliteni" QSC-də üzə çıxan korrupsiya faktları, peşəkar kadrların tanışlıq və rüşvət hesabına qeyri-peşəkarlarla əvəzlənməsi nəticəsində metroda tez-tez texniki nasazlıqların baş verməsi və sədrin özünün yarıtmaz fəaliyyətidir.
Mənbənin sözlərinə görə, bütün bu faktlar təsdiqini tapmasına rəğmən, Z.Hüseynovun indiyədək “Bakı Metropoliteni"nin rəhbərliyində qalmasının bir neçə səbəbi var. Məsələn, pandemiya ilə bağlı metronun doğru-düzgün işləməməsi, ikinci Qarabağ savaşı, ölkədəki sərt karantin rejimi və. s. Bütün bunlarla yanaşı, "Bakı Metropoliteni" QSC sədrinin bağlı olduğu qüvvələrin də bu məsələdə qismən rolu olduğu deyilir.
Mənbə bildirir ki, Zaur Hüseynov istər kollektivdə, istər də dost-tanışın yanında özünü “Paşayevlərin adamı” kimi təqdim edir. Belə ki, onun Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradovun qardaşı Elçin Muradovla yaxın olduğu deyilir. Daha doğrusu, Z.Hüseynovun öz çevrəsində “krışa”sının E.Muradov olduğu, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyindən getsə belə, daha yüksək vəzifəyə təyinat alacağını bildirdiyi haqda iddialar var.
Məlumata əsasən, Elçin Muradov Birinci vitse-prezidentin xalası oğlu olmaqla yanaşı, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqovla qudadır. Onun ölkədə nüfuzlu iş adamlarından biri olduğu bildirilir.
O ki qaldı Zaur Hüseynovun metropoliten rəhbərliyindən azad olunduqdan sonra hansı vəzifəyə təyinat ala biləcəyinə, mənbənin sözlərinə görə, o, “fövqəlnazir” postuna göz dikib. Deyilənə görə, son vaxtlar "Bakı Metropoliteni" QSC sədrinin ətrafında belə söz-söhbət gəzir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tezliklə vəzifəsindən azad olunacaq və onu Z.Hüseynov əvəzləyəcək.
Mənbə isə vurğulayır ki, Zaur Hüseynovun “fövqəlnazir” postuna gətiriləcəyi ilə bağlı informasiyalar həqiqətdən uzaq olsa da, QSC sədrinin son vaxtlar “böyük çamodanlarla” bir sıra məmurların qapısını döydüyü də diqqətlərdən qaçmayıb…

Muxalifet.az

Redaksiyadan: Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC sədrinin mövqeyini dərc etməyə hazırıq.