Kəmaləddin Heydərov hardadır? - Görüşlərin heç birinə getməyib

Baxış sayı:
7312

Xəbər verdiyimiz kimi, Bakıda Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus olan "LİBRAFF" mağazalar şəbəkəsinin bir-neçə şöbəsi bağlanıb. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, "LİBRAFF" mağazalar şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu öz feyzbuk səhifəsində bu barədə yazıb. Cəlalə Nəzəroğlu yazıb ki, mağazlar şəbəkəsinin "Bravo" supermarketlərində yerləşən filialları bağlanıb. Kəmaləddin Heydərovun oğluna məxsus mağazaların "Bravo" supermarketlərindən kənarlaşması, mətbuatda Fövqəladə hallar nazirinin hakimiyyətdəki mövqeyinin itirilməsi kimi dəyərləndirilib. Xatırlayırsınızsa, noyabrın 24-də Bibiheybət qəsəbəsində baş verən torpaq sürüşməsindən dərhal sonra Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər səlahiyyətli şəxslər həmin əraziyə gəlib müvafiq göstərişlər verdilər. Maraqlıdır ki, bu sahəyə birbaşa cavabdeh olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində görünməyib. Nazirlikdən mətbuata bildiriblər ki, həmin gün nazir müavinləri və digər rəhbər şəxslər hadisə yerində olublar. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yalnız 6 gündən sonra - noyabr ayının 30-da hadisə yerinə baxış keçirib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı digər müəmmalı məqam isə odur ki, ayrı-ayrı rayonlarda vətəndaşlarla görüş vaxtı təyin olunsa da, o, müəyyən səbəblərdən qəbullara getməyib. Bildirilir ki, nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbul etmə cədvəlində Kəmaləddin Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, Kəmaləddin Heydərov heç bir qəbula getməyib.