Kəlbəcər də Qarabağ kimi əbədi Azərbaycandı(r)!

İşğaldakı torpaqlara kəşfiyyatçı göndərmək rüsvayçılıq yox, dövlətin şərəf işidir
Tanınmış jurnalist Əvəz Zeynallının “Xural”ının ekranından öz torpağında illərin düşmən əsirliyindən qurtulan Şahbaz Quliyevin “Qaçqınkom”un sədrinin kabinetindən yola salınmaları haqqında açıqlamaları toplumda çoxanlamlı qarşılanıb.
Şahbaz bəyin əsirlik, kəşfiyyat yoldaşı Dilqəm Əsgərov anında bu açıqlamanın şər – böhtan olduğunu keçmiş baş nazir müavini Əli Həsənovun vətənsevərliyi (?) ilə bağlayıb , “işgəncə yoldaşı”nı məhkəmə ilə hədələdi. Dilqəm bəy nömrəli silahların onluq olduğunu deməklə dövlətin adından doğma yurdlarına göndərildiklərini boynuna almış oldu. Eyni zamanda, Əvəz bəyin “dövlət sirri” daşıyan şəxslərin fikirlərini yayması qınaqla qarşılandı.
Hələ də qarşılıqlı ittihamlar, dövlət marağının satılması, rüsvay olmağımız haqqında fikirlər sürür. Hətta təcrübəli jurnalistlər, illərin qələm yiyələri , siyasi – hərbi ekspertlər dış dövlətlərin rəsmi Bakının onları “aldatması”, Kəlbəcərə ziyarətçi adına “diversant” göndərməsi “biabırçılığından” qorunmağın reseptini fikirləşməyə başlayıblar. Deyəsən, işğal olunmuş Qarabağ kimi, Kəlbəcərin də Azərbaycan olması unudulur! ? İstənilən ölkə istənilən yolla torpaqlarının işğaldan azad olunmasına çalışır. Bu yolların biri, ən başlıcası, hərbi kəşfiyyat yoludur. Və artıq məqsədə çatıldığından, Qarabağ, Kəlbəcər, işğaldan azad olunduğundan, gizlin heç bir şey qalmayıb, baş verənlər, lap sirr idisə də, artıq dövlət sirri olmaqdan çıxıb . Fikrimizcə, ziyarətçi – kəşfiyyatçı olmalarından asılı olmayaraq, bu şəxslər dövlətin yüksək himayəsi altında olmalıdırlar. Ən azı, yeddi illik əsirlik, işgəncə həyatı buna haqq verir.
Öz torpaqlarını işğaldan qurtarmaq üçün hərbi – diplomatik meydanda vuruşan Azərbaycan , Azərbaycan torpağına gizlin savaşçı göndərməklə heç bir biabırçı, rüsvayçı hərəkətə yol verməyib. Əksinə, şərəfli iş görüb. QARABAĞ -AZƏRBAYCANDIR, KƏLBƏCƏR - AZƏRBAYCANDIR! Bu dünən də belə olub, bu gün də belədir və əbədi belə olacaq!
Məğrur BƏDƏLSOY