İvanişvilinin qalmaqallı bəyanatının pərdəarxası - TƏHLİL

Baxış sayı:
8095

Rusiya separatçı qurumların maliyyə yükünü Gürcüstanın üzərinə yükləyir?..
 
Bu ilin oktyabr ayında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Yəqin ki, builki seçkilər daha əlamətdar olacaq. Əlbəttə, milyarder Bidzina İvanaşvilinin və “Gürcü arzusu”nun sayəsində.
“Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, Gürcüstan 2008-ci ilə görə Osetiyadan üzr istəməlidir. Həmçinin, deyib ki, ölkə avqust müharibəsini başlatdığına görə keçmişdə hakim partiya olmuş “Vahid Milli Hərəkat”ı cəzalandrrmalı olacaq. Onun sözlərinə görə, bu, oktyabrda keçiriləcək parlament seçkilərindən sonra baş verəcək və bunun nəticəsində hakim partiya deputat kürsülərinin çoxluğunu alacağını gözləyir.
“Oktyabrın 26-da keçiriləcək seçkilərin sonunda, müharibənin günahkarlarının mühakimə olunacağı, gürcü-osetin qardaşlığının və birgəyaşayışının məhvinə görə məsuliyyət daşıyanların hamısına ciddi hüquqi cavab veriləcəyi zaman xain “milli hərəkat”ın aldıqları tapşırıqla 2008-ci ildə bizim osetin bacı və qardaşlarımızı oda saldığına görə üzr istəməyə güc tapacağıq”.
O, seçkilərdən sonra keçmiş hakim partiyanın “Nürnberq məhkəməsi”ni planlaşdırdığını təsdiqləyib və onun fikrincə, bu, gürcülərlə osetinlərin “barışıq üçün ilkin şərt olacaq”.
İvanişvili “Rusiyaya qarşı “korrekt mövqe”yin zəruriliyindən də danışıb: “12 il əvvəl sizinlə danışarkən vurğulamışdım ki, Avropaya inteqrasiya bizim strateji seçimimizdir, lakin biz qonşularımızı seçə bilmədik və buna görə də Avropaya inteqrasiya ilə paralel olaraq Rusiyaya qarşı prinsipial, lakin düzgün mövqe tutmalı idik!”. Göründüyü kimi, burada “korrekt mövqe” Rusiyaya qarşı “ölçülüb-biçilmiş” mövqe kimi anlaşılmalıdır.
Maraqlıdır ki, bundan əvvəl də “Gürcü arzusu” seçkilərdən sonra ölkənin ərazi quruluşu ilə bağlı Gürcüstan Konstitusiyasına dəyişiklikləri elan etmişdi. Partiya liderlərinin fikrincə, bu, ərazi bütövlüyünün bərpası ilə bağlı məsələnin həlli üçün lazımdır. Hakim partiya konkret hansı dəyişikliklərin müzakirə olunduğunu demir. Müxalifət isə “Gürcü Arzusu”nun Abxaziya və Sxinvali regionu ilə konfederasiyaya razılaşacağını iddia etməklə yanaşı, onların bərabərhüquqlu qurumlar kimi tanınması ilə bağlı qorxularını ifadə edib.
Buna cavab olaraq, “Gürcü Arzusu” seçki kampaniyasını “ikinci cəbhə”, yəni Rusiyaya qarşı cəbhəyə çevrilmək tezisi üzərində qurur və iddia edir ki, müxalifət partiyaları seçkilərdə qalib gəlsələr, Gürcüstanı yeni müharibəyə sürükləyəcəklər. Söhbət Gürcüstanın Rusiya-Ukrayna müharibəsində açılacaq ikinci cəbhə olmağa razılaşmasından gedir. Hansı ki, rəsmi Tiflis bundan hər vəchlə boyun qaçırmağa nail oldu. Halbuki, bu mövqe Gürcüstanın Rusiyanın şikarına çevrilməkdən xilas etməyəcək.
Bidzina İvanişvilinin bəyanatı dərhal müxalifətin və ictimaiyyətin bu müxalifətə rəğbət bəsləyən hissəsinin sərt reaksiyasına səbəb olub. Bəziləri bunda qarşıdan gələn repressiyaların açıq işarəsini görür. Bəziləri isə həmin savaşda həlak olan müharibə qəhrəmanlarının xatirəsinin təhqiramiz şəkildə anıldığına və onların ölümündən sonra hərbi avantüra qurbanı statusuna endirildiyini hesab edərək, incik düşüblər. Çoxları üsyançı regionların - Abxaziya və Cənubi Osetiyanın tanınmaması siyasətində də dönüş sezirlər.
Bəs, Bidzin İvanişvilinin səs-küylü bəyanatının arxasında nə gizlənir? Əlbəttə, bu işin əslini yalnız özü bilir. Bəziləri hesab edir ki, məqsəd yalnız şimal qonşusunu bir daha sevindirmək istəyidir. Digərləri isə bu fikirdədir ki, bununla o, yenə də müxalifəti qızışdırmağa çalışır. Məqsəd odur ki, “Xarici agentlər haqqında” qanunda olduğu kimi, müxalifətin tərəfdarları seçkilərdən əvvəl haldan düşsün.
Ədalət naminə demək lazımdır ki, 2008-ci il Rusiyanın boyunduruğundan qurtulmaq uğrunda müharibə idi və Kreml müstəqilliyin əvəzində, ərazisində vətəndaş müharibəsi salmaqla, iki bölgəni Gürcüstandan qoparmaqla hayıf çıxdı. Sıravi vətəndaşlar bunu torpaqla, əziyyətlə, qanla ödəməli oldular.
O dövrlərin hadisələrini bugünkü prizmadan nəzərdən keçirmək kifayət qədər maraqlıdır. Əslində, o vaxtdan bəri artıq bir neçə dövr dəyişib. Lakin bir çox hərbi cinayətkarlar hələ də sağdırlar və azadlıqdadırlar. Birincisi, təqsirsizlik prezumpsiyası kimi bir məsələ var. İkincisi, hakimiyyət və cəmiyyətin təşəbbüskar hissəsi çoxdan hər şeyi bilir.
Təbii ki, Bidzina İvanişvilinin bütün bunlarla nə demək istədiyi məlum deyil. Hakimiyyət 12 ilə yaxındır ki, onun əlindədir. İstənilən halda, bu xeyli müddət ərzində hüquqi müstəvidə olmasa da, heç olmasa, məsələyə siyasi qiymət vermək mümkün idi. 16 il əvvəl baş vermiş faciəli hadisələrlə bağlı hələ də ictimai konsensus yoxdur. Təbii ki, ərazi bütövlüyü məsələsini həll etmək istəyi təqdirəlayiqdir. Amma həqiqətənmi Bidzinanın niyyəti Rusiyaya şirin görünüb, “rus ayısı”nın Abxaziya və Cənubi Osetiyanı öz xoşuyla Gürcüstana könüllü qaytarmasına nail olmaqdır? O, bu qədər sadəlövhdürmü? Bəs gürcü cəmiyyəti necə? Yumruğunu daim Cənubi Qafqazın başının üzərində hazır vəziyyətdə saxlayan Rusiyanın bu yumruğu onun başına endirməyəcəyinə zəmanəti varmı? Həm də dünyanın yenidən nüfuz dairələrinə bölünmə ərəfəsində olduğu dar macalda... Kreml 16 il əvvəl aldığını indi könülü şəkildə ona niyə geri versin ki? 
Gürcüstan cəmiyyəti növbəti dəfə Rusiyanın onu “barmağına dolayacağından” qorxur. Məsələn, Tiflis vahid konfederasiya yaratmaq üçün suverenliyi rəsmən tanıyır və Suxumi və Tsxinvali istədikləri hər şeyi əldə edərək, sadəcə olaraq son anda fikirlərini dəyişəcəklər. Niyə də olmasın? İvanaşviliyə indi oktyabr seçkilərində qalib gəlmək lazımdır. O, rusyönümlü olduğu üçün Rusiyadan “dobro” almaq və Rusiyaya stavka etmək məcburiyyətindədir. İndiki vəziyyətdə, ölkəni Rusiyaya təslim etdiyi vaxtda qələbəni də ona Kreml təmin edə bilər. O səbəbdən, “abxaz və osetin qardaşlardan üzr istəmək” ideyası Rusiyanın diqtəsidir. Hətta bu barışığın ardınca gələ biləcək konfederativ Gürcüstan da sözsüz ki, rus beyin məhsuludur və Rusiya ənənəvi olaraq istənilən an müharibə atəşini alovlandırmaq imkanını əlində saxlayacaq. Bu, həm də heç bir maddi vəsait xərcləmədən və abxaz, osetin qardaşların dotasiyasını Gürcüstanın boynuna atması, amma siyasi baxımdan da dirijor çubuğunun Rusiyanın əlində qalması üçün yaxşı gedişdir. Çünki “Gürcü arzusu” ölkəni heç vaxt Rusiyanın boyunduruğundan qurtaracaq iradəyə sahib olmayacaq. Həmçinin, Saakaşvilinin qurduğu müasir qərbyönlü idarəçilik modelinin izləri tamamən silinəcək və kökü qazınacaq.
Yeri gəlmişkən, bildirək ki, Gürcüstan şəhərlərində “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvilinin 2008-ci ildə baş vermiş hərbi münaqişəyə görə Cənubi Osetiya sakinlərindən üzr istəmək zərurəti ilə bağlı bəyanatlarından sonra etiraz aksiyaları keçirilib. Bu barədə “Mtavari Arkhi” televiziya şirkəti məlumat yayıb.
Aksiyanın təşkilatçısı “Dafion” gənclər hərəkatı olub. Nümayiş iştirakçıları “Kreml diktaturasına yox” şüarı ilə çıxıblar.
Tiflisdə parlament binası qarşısında, eləcə də Kutaisidə nümayişlər keçirilib. “Dafion” hərəkatının iştirakçılarından biri deyib ki, gürcü xalqı “başlamadığımız müharibəyə” görə üzr istəməyə məcbur edilir.
Başqa bir məsələ odur ki, Gürcüstan dövləti və iqtisadiyyatı üsyankar regionların inkişafı və inteqrasiyası üçün məsuliyyətin ağır yükünü öz üzərinə götürməyə nə dərəcədə hazırdır? Bunun üçün ağır yüklü vəsait tələb olunur. Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı qanuni şəkildə rəsmiləşdirilmiş şəkildə itirməsi Rusiyadan əskinaslar gözləyənlər üçün sərfəli ola bilər. Bu əskinas ovçuları, məsələn Ruben Vardanyan kimi, tərk edilmiş ərazilərin resursların mənimsənilməsi və işlənməsi layihələrində çekpot qazanmağa ümid bəsləyirlər. Hələlik onlara mümkün münaqişənin kölgəsi və “qulpu olmayan çamadan” statusu mane olur.
Suverenliyin tanınması ilə “ləziz tikələr”in dəyəri artacaq. Təsadüfi deyil ki, indi Moskva Suxumidən “ölkəciy”ə Rusiya kapitalının daxil olmasına şərait yaratmağı tələb edir. Bununla belə, Tiflisdən üz döndərmək təkcə Moskvada müvəqqəti əhval-ruhiyyəli rəsmilər üçün faydalı deyil. Bu, NATO, Avropa İttifaqı, Türkiyə və hətta Çinə də sərf edir. Mübahisəli ərazilər, münaqişə zonaları, üçüncü ölkələrin hərbi bazaları, eləcə də sərhədlərin dəqiq delimitasiyası və demarkasiyası olmadığı bir şəraitdə NATO-nun qapıları Gürcüstanın üzünə açıqdır. Əgər 2023-cü ildə hətta 75 illik bitərəf olan Finlandiya da NATO-ya daxil olubsa, o zaman Gürcüstan niyə indi ora gedə bilmir? Üstəlik, gürcü hakimiyyəti artıq bitərəfliklə bağlı bütün müzakirələri üzüqara şəkildə “xalça altına atıb”. Heç kimə sirr deyil ki, Aİ və Çin Gürcüstana mühüm nəqliyyat dəhlizi kimi baxır. Böyük pul təhlükəsizlik və nizam tələb edir. NATO çətiri bunu edə bilər. Çinliləri bu xüsusi narahat etmir. Axı Pekin NATO və Aİ üzvü Macarıstanla, yaxud NATO-nun sanballı üzvü və Aİ-yə namizəd Türkiyə ilə uğurla işləyir. Ancaq Türkiyənin də öz maraqları var. Birincisi, Gürcüstan avtomatik olaraq Türkiyənin məsuliyyət zonasına düşəcək. Coğrafiyanın özü də buna imkan verir.
İkincisi, Ankaranın Abxaziya ilə bağlı öz planları var. Bu, onun Şimali Qafqaza və Rusiyanın digər cənub bölgələrinə yol açır. Axı, Rusiya Federasiyasında siyasi təlatüm yalnız artmağa doğru gedəcək. Yeni fürsət pəncərəsindən yararlanmamaq sadəcə günahdır. Rusiyadan əskinaslar uman “resurs uğrunda döyüşçülər” bu baxımdan Türkiyəyə qətiyyən maneə deyil, əksinədir. Ancaq niyə yalnız Türkiyə? Məsələ ondadır ki, qlobal proseslərin dinamikası artıq çox böyükdür.
2024-cü ilin sonunda son nəfəsini verən dünya sistemi idarəolunmaz xaos mərhələsinə qədəm qoyacaq. Onu yenidən yığmaq üçün sadəcə olaraq heç bir resurs və vaxt yoxdur. Bəli, bu, XX əsrin birinci onilliyinin sonunda lazım olmadığı kimi, indi də lazım deyil. Qarşıda hamının sökülməsi və “hamının hamıya qarşı müharibəsi” var. Dünyanın yenidən inşasını isə digərləri aparacaq. Buna görə də bir çox mürəkkəb məsələlər rəfdə bir müddətli kənara qoyulmalı olacaq. Tarixin küləyi indi tamam başqa istiqamətdə əsir.
 
Ülviyyə ŞÜKÜROVA
 
P.S. Əgər hadisələr “rus küləyi”nin üfürdüyü istiqamətdə gedərsə və Gürcüstanın Rusiya boyunduruğu tam oturuşarsa, Cənubi Qafqazda nisbətən müstəqil ölkə kimi Ermənistan qalacaq. Çünki ən azı Zəngəzur məsələsi üzündən Rusiyaya qarşı yumşaq davranmağa çalışan Azərbaycan Kremlin “nazı ilə” oynamağa məcbur qalır. Bunu 2024-cü il 1 sentyabr parlament seçkilərində tam çılpaqlığı ilə gördük.