“İRƏVANDAKI BU SÜKUT RUSİYAYA YAXŞI HEÇ NƏ VƏD ETMİR” – “İnsanlar qərar veriblər ki, Qarabağ onlara lazım deyil”

Baxış sayı:
1067

“Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın yolunda özünün nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını rəsmən elan edib. Beləliklə, Ermənistanın 30 ildən artıq qızğın mübarizə apardığı Qarabağ ərazisi, nəhayət, Bakının tam nəzarətinə keçdi”.

Bu barədə Rusiyada nəşr olunan “Novaya Qazeta” da dərc olunan məqalədə bildirilir.

“Aprelin 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Ermənistan sərhədlərinin toxunulmazlığının eyni şəkildə tanınması müqabilində Azərbaycanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü tanımağa hazırdır. Yəni Ermənistan Qarabağa dair iddialarından əl çəkməyə hazırdır. Bir il əvvəl Paşinyanın daha təmkinli bəyanatı Ermənistanda Baş nazirin istefası tələbi ilə kütləvi etirazlara səbəb olmuşdu. 2023-cü ilin aprelində isə yalnız Rusiya dövlət mediası Paşinyanın bəyanatlarından qəzəblənir. İrəvanın çəhrayı dumanla dolu küçələri sakitdir və bu sükut Kremlə yaxşı heç nə vəd etmir”, - məqalədə qeyd olunur.

Qəzetə danışan tanınmış azərbaycanlı siyasi ekspert Ramiz Yunus bildirib ki, Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın həm Ermənistan-Azərbaycan sərhədində, həm də bir neçə min qanunsuz silahlının olduğu Qarabağ zonasında Ermənistanın davamlı təxribatlarına cavabıdır.

“Ermənistan Silahlı Qüvvələri 9-10 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən Azərbaycan ərazisini tərk etməli idilər”, - deyə R.Yunus bildirib. 

“Bu, Azərbaycanın Konstitusiyasına uyğun olaraq Azərbaycanın tam suverenliyinin və ərazi bütövlüyünün bərpasının yalnız başlanğıcıdır. Əminəm ki, bu qərar Qarabağın erməni azlığının Azərbaycanın hüquqi müstəvisinə yenidən inteqrasiyası ilə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək”, - o vurğulayıb.

İrəvanda yaşayan və 2018-ci il inqilabı günlərində reportajları sayəsində məşhurlaşan rusiyalı bloger Aleksey Romanov Ermənistanda hər hansı daxili siyasi gərginlik gözləmir. “Heç kim küçələrə çıxmır, mağazalarda, kafelərdə bunu müzakirə etmirlər. Hətta rəsmi qurumların hər açıqlamasından sonra adətən isterika yaranan sosial şəbəkələrdə də hər şey çox sakit gedir. Sizə deyirəm: İnsanlar özləri çoxdan qərar veriblər ki, bu Qarabağ onlara lazım deyil. İndi Paşinyan da eyni şeyi edir. Ermənistan cəmiyyəti Qarabağdan imtinanı müzakirə etməyə hazırdır. Və bu, 2018-ci il inqilabı sayəsində mümkün oldu. Əgər inqilab olmasaydı, uduzulmuş müharibə bu ictimai rəyə yaxınlaşmağa kömək etməzdi. "Miatsum" haqqında fikirlərini təkrar etməyə davam edəcəkdilər”.

Postsovet məkanı üzrə mütəxəssis, Karnegi Fondunun əməkdaşı Kirill Krivoşeyev isə bildirir ki, son 2,5 ildə Ermənistan anladı ki, bu münaqişədə heç kimin dəstəyinə arxalanmamalıdır: “Nə Rusiya, nə Avropa, nə də ABŞ onu hərbi güclə müdafiə etməyəcək. Ermənistana nə qaldı? 20 yaşlı oğlanları Yerablurda (İrəvandakı hərbi qəbiristanlıq - red.) dəfn etməyə davam edilsin? Bu, onların xalqını ələ salmaqdır. Ermənistan bu müharibədə heç vaxt qalib gələ bilməyəcək. Ona görə də biz barışıq yollarını axtarmalıyıq”.

Krivoşeyev xatırladır ki, Paşinyan 2022-ci ilin payızında Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə növbəti bəyannamə imzalayanda Qarabağ məsələsi ilə bağlı fundamental qərar qəbul edib. Orada hər iki tərəf ilk baxışda bir-birini istisna edən iki müddəanı özündə əks etdirən 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini vurğuladılar: “Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə açıq-aşkar Qarabağ sakinlərinə istinad edərək, xalqın öz müqəddəratını təyinetmə hüququnu müdafiə edir. Bu doğru deyil”.