İrandakı ermənilər qondarma "soyqırım"a necə ağladılar?

Baxış sayı:
5098

Aprelin 23-də İranın bəzi şəhərlərindəki, o cümlədən, paytaxt Tehrandakı erməni qəbiristanlıqlarında, erməni kilsələrində, ermənilərin kompakt yaşadığı yerlərdə şam və tonqallar yandırılıb. İranda yaşayan ermənilər bununla qondarma soyqırımın 105 illiyini qeyd ediblər.

Aksiyanın təşəbbüskarlarından biri Tehran erməni Yeparxiyasının baş yepiskopu Sepuh Sarkisyan olub. Tehran erməni Yeparxiyasının yerləşdiyi Müqəddəs Sarkis kilsəsinin divarında əvvəlcədən “soyqırımı”na həsr olunmuş və bütün erməniləri anım mərasimində iştirak etməyə çağıran plakat yerləşdirilib.

Həmin gün axşam virtualaz.org-un xüsusi müxbiri İkram Nur Tehranın Ararat mədəniyyət və idman klubunun ərazisində yerləşən bir kilsədə “erməni soyqırımı” qurbanlarının anım mərasiminin şahidi olub. Görüb ki, klubun rəhbəri Qarmik Zovelyan və mərasimdə iştirak edən dörd işçisi də bir əsr əvvəl baş verən hadisələrin xatirəsinə tonqal qalayıblar.

Maraqlıdır ki, erməni bloqerlər dərhal Facebook və İnstagramı, həmçinin Watsapp və Telegram mesaj xidmətini xatirə şamlarının foto və video çarxları ilə doldurmağa başlayıblar ki, bütün dünya İran ermənilərinin "əzazil türklərin" əli ilə "öldürülən" əcdadlarının xatirəsini necə əziz tutduqlarını görsün.

Bloqerlər tərəfindən lentə alınan videolardan birində Tehrandakı İtalyan məktəbinin musiqi müəllimi Teni Hakobyan və bacısı doğma dillərində, təbii olaraq "soyqırımı"na həsr olunmuş mahnı ifa edirlər.

Şahidlərin sözlərinə görə, Tehran və İsfahandakı erməni təşkilatlarının fəalları yanan şamları təkcə öz evlərinin eyvanlarına və pəncərələrinə deyil, yerli iranlıların şəxsi malikanələrinə də yerləşdirə biliblər.

24 apreldə isə İran Azərbaycanının qondarma erməni yeparxiyasında şam yandırılması mərasimi keçirilib. Bu “təşkilatın” adı heç bir məlumat mənbəyində yoxdur. Bununla belə, aksiyada 30 nəfərə qədər adam iştirak edib.

Yəni "soyqırımı"ilə bağlı tədbirlər kifayət qədər açıq və kütləvi şəkildə keçirilib. İran hakimiyyəti isə buna ümumiyyətlə maneə olmayıb, əksinə, ölkənin dövlət xəbər agentliyi İRNA hətta onlardan ətraflı bəhs edib, özü də quru məlumatlarla yox, Tehrandakı Müqəddəs Sarkis kilsəsindən bir çox fotoşəkil yayımlamaqla.

Buna baxmayaraq, “Dağlıq Qarabağ Respublikası” bayraqlarının hansı tarixi oxşarlığa görə asıldığı bəlli olmayan 2018 və 2019-cu illərdəki oxşar aksiyalardan fərqli olaraq, bu dəfə heç bir yerdə bu separatçı qurumun heç bir “rəmzi” müşahidə olunmayıb. Görünür, artıq İran erməniləri də Qarabağdakı və Yerevandakı qardaşlarının məqsəd və metodlarından məyus olublar./Virtualaz.org