İranda azərbaycanlılar Xomeneyinin tərəfinə keçdilər

Baxış sayı:
6613

Qonşu ölkədə sosial iqtisadi etirazlar siyasi çalar alır; ekspertlər deyir ki... İranda benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar bir qədər səngisə də, hələ dayanmayıb. Sosial yöndə başlayan və onlarla etirazçının həyatını itirdiyi aksiyalar artıq siyasi müstəviyə adlamaqdadır. Bu arada məlumat yayılıb ki, etirazları sakitləşdirmək üçün hökumət benzinin qiymətinin qalxmasından əldə etdiyi gəlirin bir hissəsini vətəndaşlara paylayacaq. Cebhe.info xəbər verir ki, bunu İranın “Təsmin” xəbər agentliyi yayıb. Politoloq Əhəd Məmmədli İranın parçalanmayacağını düşünür: “Hər bir etiraz aksiyası adətən siyasi, iqtisadi, sosial şüarlarla başlayır. Əvvəl siyasi şüar az olsa da, sonlara doğru artır. Bu məsələlər ideoloji sistemi olan ölkələrə daha çox aiddir. Bildiyiniz kimi, İran da ideologiyası olan dövlətdir. İranda son illərdə bu tipli etiraz aksiyaları çox olub. Unutmayaq ki, oradakı sistemin də qatı tərəfdarları - mühafizəkar şiələr var. İrandakı son proseslərin bir maraqlı tərəfi də odur ki, Cənubi Azərbaycan da bu proseslərə qoşulub. Bəzi hallarda Güney Azərbaycan etirazlara qoşulmurdu. İranda hər zaman inqilabları türklər edib. İndiki sistemi də şahı devirməklə türklər gətiriblər”. Politoloq bu proseslərin başlanmasında ABŞ-ın rolunu istisna etmir: “Amma hər şeyi Amerikanın etdiyini də demək doğru olmaz. Bu, sadəcə, proseslərə təkan verə bilər. ABŞ harasa müdaxilə etmək istəyəndə oradakı etirazçıları birbaşa dəstəkləmir. Ermənistanda bunun şahidi olduq. Deyə bilmərik ki, bu ölkədə inqilabın arxasında Amerika durdu. Amma faktiki budur ki, ABŞ-ın ən böyük səfirliyi düşmən ölkədə yerləşir. Doğrudur, Ermənistanı İranda müqayisə etmək mümkün deyil. Cənub qonşumuz çox güclü ölkədir və orada baş verənlər regiona təsirsiz ötüşmür. Bu etirazların sonunda sistemi dəyişib-dəyişməyəcəyini indidən demək tezdir. Sistem qalsa belə, ciddi dəyişikliklərin ola biləcəyini düşünürəm. Amma onu da deyə bilmərik ki, İranda sistem dəyişən kimi ölkə parçalanacaq, Cənubi Azərbaycan müstəqil olacaq. Bu ölkənin dağılmasına öncəliklə Amerika imkan verməz. İranın dağılmasının eyni zamanda Rusiya və Çinin də maraqlarına uyğun olmadığı bir reallıqdır. İranın minilliklər boyu dövlətçilik tarixi var. Belə etirazlarla bu ölkə dağılmaz. Biz çalışmalıyıq ki, oradakı milyonlarla soydaşımız söz sahibi olsunlar. Belə proseslərdən türklər maksimum istifadə etməlidirlər”. Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyir ki, İranda indiyə qədər olmuş və hazırda baş verən proseslərin hər zaman siyasi müstəviyə keçmə təhlükəsi olub və bu gün də var: “Bunu İran rəsmiləri də yaxşı bilir. O səbəbdəndir ki, hadisələrin idarəolunmaz mərhələyə keçməməsi üçün əllərindən gələnləri etməyə çalışırlar. Amma fikir verirsinizsə, etirazçılara qarşı aşırı aqressivlik və güc nümayiş etdirməkdən də çəkinirlər. Çünki belə bir hal olarsa, o zaman etirazların əhatəsi daha da böyüyər və iqtisadi tələblərə siyasi tələblər də əlavə olunar. Yəni bu istiqamətdə hakimiyyətin buraxdığı səhv geri dönüşü olmayan hadisələrlə nəticələnə bilər. İranda zaman- zaman baş verən bu kimi hadisələrdə çox vaxt ABŞ izi axtarılır. Əslində isə proseslər daxildə baş verən hansısa səbəblərdən dolayı narazılıqlardan başlayır. Təbii ki, İrandakı rejimi çökdürmək istəyən ABŞ belə hallardan maksimum istifadə etməyə çalışacaq. Amma bu, o demək deyil ki, etirazların ssenarisi ABŞ tərəfindən hazırlanıb. İran yarıqapalı ölkə olduğundan kənardan daxilə təsirlər həmişə zəif olub. Lakin bütün etirazlardan maksimum şəkildə rəqib dövlətlər istifadə etməyə cəhdlər göstərir. Müasir dünya siyasətində hər zaman qarşılaşdığımız hal olduğundan belə addımlar normal qəbul olunur. Eyni imkan İranın əlində olsa, o da ABŞ-la bağlı addımları məmnuniyyətlə atardı. Düşünürəm ki, bu gün İranda baş verənlərin hansı sonluqla başa çatması İran rəsmilərinin etirazlara necə yanaşmasından asılı olacaq. Bildiyim qədər insanları razı salmaq üçün müəyyən addımlar atmağı planlaşdırır. Amma buna nə qədər nail olacaq və ya insanlar nə qədər qane olacaq, bunu yaxın günlərdə baş verənlər göstərəcək. İstənilən halda bu, İranda baş verən ilk hadisə deyil. Həm etirazçıların, həm də hakimiyyətin bu mövzuda təcrübələri böyükdür”. Bu arada Cənubi Azərbaycanın müxtəlif şəhərlərində ali dini lider Ayətulla Xameneyinin “buyuruqlarına dəstək” bildirmək və keçən günlərdəki “iğtişaşları” pisləmək məqsədilə “xalq” yürüşlərinin keçirildiyi məlum olub. Xameneyi benzinin qiymətlərinin artırılmasına dair qərarı dəstəkləyərək etirazçılara qarşı sərt ölçülər götürülməsini istəmiş, onları “iğtişaşçı” adlandırmışdı...//musavat