“İKİNCİ DƏFƏ “YİYƏ”LƏRİ BUNLARIN ARXASINDA DAYANA BİLMƏYƏCƏK…” – Müdafi naziri nə demək istədi?

Baxış sayı:
9301

“Hesab edirəm ki, biz hərbçilər bu polemikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir”.

Bu sözləri müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan geniş müsahibəsində Paşinyanın sərsəm bəyanatları ilə bağlı suala cavabında deyib.

Nazir Qarabağın işğaldan azad edilməsi üçün yaxın vaxtlarda müharibənin başlaya biləcəyini bəyan edib: “Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtda olacaq. Görəcəyik ki, o öz sözünün üstündə dura biləcək, ya yox?! Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi onlara layiqli cavab verib. Heç Ermənistan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Boş-boş danışmaq onlara qalacaq”, - deyə nazir vurğulayıb.

Nazir yada salıb ki, 2016-cı ildə Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gün ərzində darmadağın edib: “Onda məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə… Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz ”yiyə”lərinin (Rusiya nəzərdə tutulur-red) yanına ki, “qoymayın, bizi qırırlar”. Lakin mən inanmıram ki, ikincidə bunların “yiyə”ləri bunların arxasında dayana bilsin”, – deyə nazir bildirib.

Qeyd edək ki, müdafiə nazirinin açıqlamasında yaxınlarda müharibənin başlayacağına işarə vurması ilə yanaşı, Moskvanı Ermənistanın “yiyə”si kimi göstərməsi, eyni zamanda Aprel döyüşlərinin məhz Rusiyanın müdaxiləsi ilə dayandırılmasını bəyan etməsi diqqəti cəlb edən məqamlardır. Eyni zamanda müharibənin yenidən alovlanacağı halda “yiyələrinin” Ermənistanın arxasında dura bilməyəcəyinin vurğulanması da maraqlıdır.

Zakir Həsənov son illərdə bəlkə də ilk yüksək rütbəli dövlət adamıdır ki, Ermənistanın Qarabağda işğalçılıq siyasətini davam etdirməsinin arxasında məhz Rusiyanın dayandığını belə açıq mətnlə bəyan edir. Bunu rəsmi Bakının Azərbaycan torpaqlarının uzun illər ərzində işğal altında saxlanılmasının məsuliyyətini həm də Moskvanın daşıdığını dilə gətirməyə başlaması kimi də şərh etmək olar.

Mümkündür ki, Rusiya ilə bağlı sıx dostluq siyasəti yürüdən Azərbaycan hakimiyyəti Moskvanın Ermənistanı himayə etməsinə son verməsini istəyir. Ona görə də Kremlə belə üstörtülü mesajlar göndərilir…/azpolitika.info/