İDEYA! - Eldəniz Quliyev yazır

Baxış sayı:
334

TARİX baba deyir ki, dahi Pifaqor öz məşhur teoremini kəşf edəndə, sevindiyindən qurban olaraq, Allahlara düz yüz dənə öküz kəsib paylayıb...
Və o vaxtdan indiyəcən hər hansı bir kəşf, ya nəsə əhəmiyyətli bir şey icad olunursa, qorxudan bütün öküzləri titrətmə tutur!..
Qeyri-təvazökarlıq da olsa, deyəcəm: mənim də ağlıma "lappadan" qəribə, hətta unikal bir fikir gəldi. Baxdım ki, bu ideya elə, qəşən kəşf kimi bir şeydi...
Düzdü, mən Pifaqor deyiləm, ağlıma gələn ideya da dahiyanə-zad deyil. Bindan heç kənddə-kəsəkdəki öküzlərimiz də qorxub-titrəməyəcəklər. Amma əminən və əsla şübhəm yoxdur ki, hələlik rüşeym halında olan bu FİKİR, ən azından bir sürü qoyunu tir-tir titrədəcək...
Sizi intizarda qoymayım. Buyurun, qeyd elədiyim ideyanın canı, məğzi və mənası budur: bizlər, yəni cəmi məmləkət əhli, bundan sonra çox tədbirli davranmalıyıq. Yəni "gül ağzını açanda quş buraxan" millət vəkillərinə, yalanı əriştə kimi kəsib   qulaqlarımızdan asan hərşeyşünas politoloqlara, ekspertlərə, “cərimə atı”nı mahmızlayıb sadə vətəndaşları əzim-əzim əzən nadürüstlərə qarşı münasibətimizi redaktə və korrektə etməliyik.
Niyə?
Niyəsi budur ki, bundan sonra bu tip adamlara, bu sayaq səlahiyyət sahiblərinə, bu cür “doydum” deməyən cüvəllağılara və s. irad, etiraz bildirməyə "stop" qoymalıyıq. Onların əməllərində qüsur, səhv, xəta axtarmamalıyıq.
Ələlxüsus, demokratiya aşiqləri bunu sırğa eləyib qulaqlarından asmalıdılar. Ki, həmişə ağ yalanlar deyib yalaqlanan, bir nəfərin "malades"i üçün yüz minlərin nifrətini qazanmağa razı olan, başdan ayağa mədə və qarından ibarət olan təpəgöz məmur sürüsüylə, habelə tüpürcəklə sinəsinə "avtobus müxalifəti" medalı yapışdırmış bəzi "dostlarla"... qətiyyən işləri olmamalıdır. Nə məmuruyla (kaliberindən asılı olmayaraq), nə də ki, deputatı-meputatıyla! Onlara gülməməli, lağ etməməli. Onları dolamamalı, söyməməli, tənqid, təhqir, etməməli!..
Nə üçün?
Onunçün ki, - bunu yadda saxlayın! - vaxt gələcək, onlara büstlər yapılacaq, barələrində minnətdarlıq, nostalji hisslərlə dolu məqalələr, esselər, kitablar yazılacaq!..
Niyə?
İzah edirəm: bax, mən ölü, siz diri; çünki hal-hazırda onlar, cəmi müxalifətin (eləcə də külli-əhalinin), on illərlə edə bilmədiyini, bacarmadığını edirlər, üstəlik, bunu bacardılar da! Yəni bu gün onlar (özləri də bilmədən), hakimiyyətin qansız-qadasız, rahat yolla dəyişməsi yönündə misilsiz əmək sərf edirlər. Bəli, bu gün  hakimiyyətin yıxılmasında ən əsas rolu məhz onlar oynayırlar -  hakimiyyətin ortasında, yanında, ya qıraq-bucağında fırfıra kimi fırlanan quyruq bulayanlar və qazan dibi yalayanlar.
Necə?
Sadəcə, bu gün  onlar öz yaltaq-yalaq çıxışları, yersiz və səfeh tərifnamələri,  ağappaq yalanları, məzlum camaatın üzünə qıpqırmızı dirəşmələriylə, ən əsası, absurd cərimə və qadağa atəşləriylə, acgözlük və əndazəsiz riyakarlıqları və ütülü-sığallı saxtakarlıqları ilə edirlər bunu!..
Aydın oldumu?
Onlar bütün bu naqis əməl və fəaliyyətləri ilə mövcud  hakimiyyətin üsul-idarəsini o qədər silkələyib-laxladıblar, laxladırlar və o qədər laxladacaqlar ki... axırda hər şey uçub-dağılıb kəllə-mayallaq olacaq. Deməli, az sonra heç bir mücadiləyə, bihudə mübarizəyə, üsyana, mitinqə, canım sizə desin, piketə-filana da ehtiyac qalmayacaq...
Tak çto, demokratik qüvvələrin 30 il ərzində düçar olduğu  məhrumiyyətlər, "azadlıq", "istefa" və “demokratiya!" deyibən fəryad qoparan yüzlərlə siyasi fəalın təqib, təhqir, təhdid olunması, dəyənək, şillə, qapaz, təpik yeməsi və şər-şəbədəylə tutulması, habelə cəmi “bir cüt, iki tək” qalmış ziyalı bəndələrin haqq-ədalət, demokratik açılım, insanların fundamental hüquq və azadlıqları haqda  tələbləri və sair bu kimi prinsipial məsələlər də, istər-istəməz öz müsbət həllini tapacaq!..
Bax, mənim kəşfim, ya ideyam (adını nə qoyursuz qoyun), məhz bundan ibarətdir!
Necədi?..
Bu qədər sadə, bunca bəsit və neçə-neçə qoyun sürüsünü qorxudub titrəməyə məcbur edəcək bir İDEYA!
Gördünüz, vot!
Eldəniz QULİYEV