İdeoloji təbliğatı necə gücləndirməli - təklif

Baxış sayı:
14644

Ekspert: “İndiki şəraitdə  özəl televiziyalar, bir çox mətbuat  izləyici və oxucu etimadını itirib”
Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edən prezident İlham Əliyev bir sıra aktual məsələlərə toxundu. Ekspertlər bildirirlər ki, bu çıxışında prezident bir daha göstərdi ki, ölkədə ciddi islahatlar gedir, dəyişim baş verir. Azərbaycan prezidenti çıxışı zamanı ideoloji təbliğat məsələsindən də danışdı. O bildirdi ki,  Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır:

“Biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik”, - deyə prezident bildirdi.
Məlumdur ki, uzun illərdir Azərbaycanda bir çox xəbər saytları  və qəzetlərdə məmurların tənqidinə, ideoloji təbliğata geniş yer verilsə də,  televiziya kanallarımız bu işdən xeyli kənarda qalıblar. Son zamanlar ekspertlər də kanalların fəaliyyətini sərt tənqid edərək, onları mentalitetə zidd verilişlər verməkdə, ideoloji təbliğatdan uzaq olmaqda ittiham edib, qınayırdılar.
Lakin bir neçə aydır ki, artıq dövlət kanallarında ictimai müzakirələr təşkil edilib, hətta müxalifət cameəsinin nümayəndələri belə verilişlərə çağırılır. Bəs kanalların ideoloji təbliğat siyasəti necə, qənaətbəxşdirmi?
“Yeni Müsavat”a danışan media eksperti, telejurnalist Qulu Məhərrəmli bildirib ki, burada iki məqam var ki, onları bir-birindən ayırmaq lazımdır:

“İdeoloji mübarizə spesifik bir işdir. Məsələn, biz Ermənistanla müharibə vəziyyətində olan bir ölkəyik və informasiya savaşı da aparırıq. Bu, tələb edir ki, ölkənin bütün sistemi-informasiya, mədəniyyət, təhsil qeyd etdiyimiz platformanın üzərində qurulsun. Bunlar nəyin vasitəsilə aparılmalıdır? Təbii ki, televiziyaların, radioların, saytların  vasitəsilə bunu aparmaq lazımdır. Həmin vasitələr öz verilişləri, yazıları ilə auditoriyanın etimadını qazanmalıdır. Məsələn, bizim indiki şəraitdə  özəl televiziyalar, bir çox mətbuat  izləyici, oxucu etimadını itirib. Bu gün artıq İctimai Televiziyada gedən verilişlərin bir neçəsində cəmiyyətdə danışılan məsələlər müzakirə edilir. Artıq biz insanların problem kimi danışdıqları məsələləri ekrandan görə bilirik. Yəni o şeyləri ki, biz deməyə çalışırıq,  sayt və qəzetlər isə  vermək istəmirlər, həmin mövzular bu gün televiziyada müzakirə olunur. Bu, çox yaxşı haldır. Artıq onlar bir güzgü kimi cəmiyyəti ifadə edir. Eləcə də Azərbaycan Dövlət Televiziyasında da elə verilişlər var ki, orada müəyyən məsələlərin müzakirəsi üçün cəhdlər olur. Bu vasitələr auditoriyanın etimadını qazanmayan zaman orada deyilən sözlər hətta qızıl xırdalasan belə hədəfə dəymir. Ona görə də indiki şəraitdə bizim əsas məsələmiz mediaya olan inamı bərpa etmək, onun auditoriyasını geri qaytarmaqdır. Bunun üçün də ən gözəl yol verilişləri yaxşılaşdırmaq, yazıların keyfiyyətini artırmaqdır”.
Ekspert bildirib ki, ideoloji təbliğat üçün xüsusi mütəxəssislər, metodlar düşünülməlidir. “Bütün dünyada qəbul olunmuş informasiya, psixologiya müharibəsinin öz qaydaları var. Bunların haqqında düşünmək lazımdır. İndiyə qədər platformaları bir-birinə qatıblar, ancaq nəticədə heç də alınmayıb. Dəfələrlə deyirik ki, bununla xüsusi mütəxəssislər məşğul olmalıdır. Bütün bunların hamısı bizim medianın reallığıdır. Ona görə də prezidentin dediyi kimi, bəli, ideoloji təbliğatda da müəyyən uğursuzluqlar var. Medianın əvvəlki gücünü, nüfuzunu qaytarmaq mümkündür. Azərbaycanda kifayət qədər güclü redaktorlar, televiziyaçılar var. Sadəcə olaraq, işi düzgün qurmaq lazımdır”.//musavat