İcra başçısından şikayət etdiyi üçün söyüldü – MÜRACİƏT

Baxış sayı:
12616

Göyçay rayonu, Ərəbcəbirili kənd sakini Xasıyev Əziz Sadəddin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçından şikayət edən Ə.Xasıyevin məktubunu olduğu kimi dərc edirik:
“Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimov 31 iyul 2024-cü il tarixdə məni nalayiq sözlərlə söyüb təhqir etdi. Səbəb isə o olub ki, atam Sadəddin Xasiyev 11 iyul 2024-cü il tarixdə yağan yağışlar nəticəsində evimizin su basması, yolun dağılaraq bərbad vəziyyətə düşməsi barədə mətbuat vasitəsi ilə şikayətlər etmişdir. Buna görə atam dəfələrlə qəbullarda olaraq Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevə və Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimova şifahi müraciətlər edib.
Tədbir görülmədiyi üçün atam mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və digər aidiyyatı qurumlara müraciət ünvanlayıb.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimov 31 iyul 2024-cü il tarixdə, günün ikinci yarsı bizim yaşadığımız küçəyə gələrək, heç bir əsas olmadan anamın, ailəmin və uşaqlarımın gözü qarşısında məni söyüb təhqir etdi. Dövlət qulluqçusu olan Nazim Həşimovun məni söyüb təhqir etməsi faktını video-lentə almışam. Həmin videonu Sizə təqdim edirəm.
Nazim Həşimovun söyüşlərinin burada ifadə edilməsi qeyri-mümkündür. Bu hərəkətlərinə görə icra nümayəndəsi Nazim Həşimov məsuliyyətə cəlb edilməli, barəsində təsirli tədbirlər görülməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə əsasən, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.
Mən mətbuat vasitəsilə Prezident İlham Əliyevdən xahiş edirəm ki, 31 iyul 2024-cü il tarixdə məni söyüb-təhqir etdiyi üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nazim Həşimovun məsuliyyətinə cəlb edilməsi üçün qanuna müvafiq tədbirlər görəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.