HÖKUMƏTİN HAVA İLƏ BAĞLI PANİKA YARATMASI KİMƏ LAZIM İDİ?! – Məqsədli şaiyələrin arxasındakı maraqlar...

Baxış sayı:
9694

Nə yaxşı ki, Azərbaycan ilboyu şaxtalı, çovgunlu, yağışlı hava iqlimi olan bir ölkə deyil, yoxsa bütün həyat iflic hala gələrdi...
 
İki gündür mətbuatda və sosial şəbəkələrdə yer alan “Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN!” tipli qorxuducu informasiyalar ölkə əhalisini əməlli-başlı təşvişə salıb. Nəticədə Bakı sakinləri demək olar ki, dükan piştaxtalarını boşaldıb, ən çox alınan ərzaq isə çörəkdir. Srağagün gecədən korlanmağa başlayan hava şəraiti dünən səhər daha xoşagəlməz olub. Yağış, külək, şaxta istər-istəməz adamın əhvalını təlx edir.
 
Doğrudur, hələ vəziyyət təsvir edildiyi qədər təhlükəli deyil, amma istənilən an hər şey dəyişə bilər. Axı sinoptiklər qar çovğununu yanvarın 17-dən 18-ə keçən gecə üçün proqnozlaşdırıblar. Bu haqda düşünəndə halına ən çox acıdığın təbii ki, evsiz insanlar və kimsəsiz heyvanlar olur.
 
Hava şəraitinin pisləşməsi ilə əlaqədar Təhsil Nazirliyi iki günlük təhsil müəssisələrinin fəaliyyətini dondurub.
 
Nazirliyin bu addımı cəmiyyətdə birmənalı qarşılanmır. Çoxları bunda gizli məna axtarır. Üstəlik, vatsap vasitəsilə naməlum insanlar qorxunc ismarıclar da yaymaqdadır. Məsələn, onlardan biri Aynurə adlı qadına müraciət edərək, bağça və məktəblərin hava şəraitinə görə bağlanmasını bəhanə adlandırır. Məsələnin daha ciddi olduğunu, bunun dünyaya yayılan donuz qripi virusu ilə bağlılığını, hava kütləsi ilə həmin virusun respublikamıza göndərildiyini, özü də adıçəkilən virusun məhz uşaqları tutacağını iddia edir. Və bütün valideynləri ayıq-sayıq olmağa, uşaqlarını evdən bayıra buraxmamağa, hətta eyvana belə çıxmalarının qaqrşısını almağa, qapı-pəncərəni bağlı saxlamağa çağırır. Bunu dünyayda uşaqlara yönələn terror aktı kimi dəyərləndirən həmin xanım söylədiklərinin telefon söhbəti olmadığını vurğulayıb, ismarıcın oxunan kimi pozulmasını xahiş etsə də, sözügedən səs yazısı qısa bir zamanda bütün şəhərə yayılıb.
 
Bunun məqsədli təxribat olub-olmadığını söyləməyə çətinlik çəkirik. Ümumiyyətlə, düşünürük ki, məsələnin pərdəarxası məqamları haqda danışmaq hələ tezdir. Amma bir çox ölkələr üçün qış aylarında adi hal olan hava şəraitinin bizim ölkədə, xüsusilə də paytaxtımızda artıq ciddi problemlərə səbəb olduğunu dünən səhər saatlarından müşahidə edirik.
 
Ən böyük problemsə nəqliyyatla bağldır. Bellə ki, paytaxtın bir çox rayonlarında avtobuslar işləmir.
 
Belə rayonlardan biri də Köhnə Günəşli qəsəbəsidir. Vətəndaşların bildirdiyinə görə, qəsəbədə səhərdən qar yağmağa başlayıb, külək və çovğun insanlara göz açmağa imkan vermir. Bu azmış kimi, həmin ərazidə heç bir istiqamətə marşrut işləmir. Hava şəraiti sözügedən əraziyə ən yaxın metro stansiyası olan Əhmədliyə piyada getməyə imkan vermədiyindən sakinlər qara, çovğuna sinə gərərək, saatlardır dayanacaqda avtobus gözləyir.
 
Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, bütün cəhdlərimiz boşa çıxdı.
 
Banu OĞUZ, Hurriyyet.org
 
P.S. Deyirəm, nə yaxşı ki, Azərbaycan ilboyu şaxtalı, çovgunlu, yağışlı hava iqlimi olan bir ölkə deyil, yoxsa batardıq, bütün həyat iflic hala gələrdi...