“Heç kim zəmanət vermir ki, onları vurub öldürməyəcəklər”

Baxış sayı:
5938

Türkiyənin İstanbul şəhərində elektron skuter xidməti istifadəyə verilib. Sakinlər bununla tıxaca düşmədən lazımı yerə vaxtından da tez çatırlar və məsafəni qısaldırlar. İstifadəçilərin sözlərinə görə, skuterlə yarım saatlıq yolu 8 dəqiqəyə gedirlər və bu avtomobildən, motosikletdən, velosipeddən daha təhlükəsiz nəqliyyat vasitəsidir. Bildirilir ki, 10 dəqiqəlik bir səyanət təxminən bir fincan kofe qiymətinə başa gəlir.

Ondan istifadə etmək üçün bir smartfonunuzun olması kifayət edir. Belə ki, müvafiq proqramı telefonunuza yükləyirsiniz və sizə bir kod göndərilir. Həmin kod vasitəsilə skuterin kilidini açıb istifadə etmək mümkün olur. Artuq həmin elektron skuterlərə İstanbulun bir çox küçələrində rast gəlmək mümkündür.

Bəs görəsən, bu sərfəli nəqliyyat vasitələrini Bakıda da istifadəyə vermək olarmı? Bunun üçün bizdə lazımı infrastruktur varmı?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan E. Muradlı hazırda elektron skuterlərin Bakıda istifadəyə verməyin çox çətin, hətta mümkünsüz olduğunu dedi:

“Dünyanın bir çox ölkələrində tətbiq olunan yeniliklər Azərbaycana uzun müddət keçəndən sonra gəlib çıxır. Mən inanmıram ki, bu yenilik yaxın zamanda Azərbaycanda tətbiq olunsun. Skuterlərin istifadəsi üçün imkan, şərait, yol infrastrukturu olmalıdır. İkincisi, əhalinin bundan istifadə qaydası genişləndirilməlidir. Amma bir çox dünya ölkələri bunu tətbiq edir və maraqlı nəticəsı var. 

Ətraf mühitin qorunması, çirkli havanın genişlənməməsi, avtomobillərdən zəhərli qazların az ixrac edilməsi üçün insanlar bu cür nəqliyyat vasitələrindən istifadə edirlər. Buna dövlət səviyyəsində həvəs yaradırlar. Ancaq bizdə bu skuterlərdən istifadə edənləri heç kim zəmanət vermir ki, maşınla vurub öldürməyəcəklər. Hələ heç sürücülərimiz buna hazır deyil. 

O cür nəqliyyat vasitələrinin istifadəsinə şərait də yoxdur. Normal hərəkət üçün şərait yoxdursa, skuter necə hərəkət edəcək? Velosiped yolları olarsa, bəli bu barədə danışmaq olar. Dünyada bunu bilirsiniz, necə tətbiq edirlər? Yollarda bunu pulsuz-parasız düzürlər, insanlar ondan istifadə edir, hansısa nöqtəyə gedib çatdıqdan sonra skuteri bir kənara qoyur. Onu heç kim gəlib oğurlamır. Onu hansısa qurum yığıb yenidən müəyyən bazada cəmləşdirə bilirlər. Bizdə siz onu küçədə qoyub gedin, görəcəksiniz ki, 5 dəqiqə sonra oğurlayıblar. Cəmiyyət olaraq buna hazır deyilik, heç bir müəssə də bunun tətbiqinə çalışmayacaq. Hələ biz normal velosiped zolağı yarada bilməmişik. Bizim yol infrastrukturumuz o səviyyədə deyil”.