Hakimiyyət daxilində parçalanma

Ilham Əliyev Qərbin maliyyə institutları ilə əməkdaşlığa can atır, Ramiz Mehdiyev isə onları ittiham edir
 
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev 1news.az saytında Qərbi ittiham edən növbəti məqalə ilə çıxış edib.  Saytın qeydinə görə, bu məqalə Ramiz Mehdiyevin yeni kitabının əsasını təşkil edəcək.
 
PA rəhbəri məqalədə əsasən Qərbin maliyyə institutlarını hədəf alıb. Məqalədən bəzi hissələri təqdim edirik: “Anlamaq çətin deyil ki, neoliberal ideologiyalı qloballaşan dünya tədricən qeyri-müəyyənlik vəziyyətinə doğru yuvarlanır. 2008-ci ildə ABŞ-da və Qərbu Avropada başlamış maliyyə-iqtisadi böhranı, Qərbin inkişaf etmiş dövlətlərində işini itirmiş insanların səngiməyən kütləvi etirazları bədbin proqnozlar üçün əsas verir.
 
Bu faktlar onu göstərir ki, neoliberal demokratiyanın zəfər yürüşü ciddi çətinliklər yaşayır, siyasi-demokratik yenidənqurma, sürətini zəiflədərək zorakı xarakter alır (Liviya, Misir, Iraq, Suriya). Nəticədə, Avropa miqrasiya və millətlərarası böhran, multikulturalizmdən imtina təhlükəsi altında qalıb. Dünya ictimaiyyətini gələcəkdə nə gözləyir, heç kəs bilmir?.
 
Ramiz Mehdiyev Beynəlxaq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Ümümdünya Ticarət Təşkilatını (ÜTT) dövlətlərin düşməni kimi təqdim edir. Onun fikrincə bu strukturlar “dövlətlərin suverenliklərinin zəifləməsində” heç də az rol oynamırlar.
 
Ramiz Mehdiyevə görə,  ÜTT və digər beynəlxalq maliyyə qurumları hər vəchlə ölkələrin iqtisadiyyatları üzərində nəzarətlərini gücləndirirlər: “Onların yürütdükləri siyasət nəticəsində milli iqtisadiyyatlar dağılır, inkişaf etmiş dövlətlərin sırasına daxil olmayan ölkələrin əhalisinin sosial vəziyyəti ağırlaşır”.
 
PA rəhbəri hesab edir ki, qlobal maliyyə axınlarını tənzimləyən struktur olan BVF formal olaraq beynəlxalq təşkilat sayılır, əslində isə, daha çox inkişaf etmiş dünya ölkələrinin maraqlarını qoruyan alətə çevrilib. Onun sözlərinə görə, milli dövlətlərin iqtisadiyyatını dağıdan ÜTT də oxşar rolu oynayır. Nəticə olaraq, BVF, DB, ÜTT və digər beynəlxalq maliyyə təşkilatları bir tərəfdən dünya iqtisadiyyatına öz nəzarətlərini gücləndirirlər, digər tərəfdən isə milli iqtisadiyyatları dağıdır və bununla da ölkələrin əhalisinin sosial vəziyyətini pisləşdirirlər.
 
Ramiz Mehdiyevin indiki dövrdə belə bir məqalə ilə çıxış etməsi olduqca maraqlıdır. Məsələ burasındadır ki, maliyyə böhranından çıxmaq üçün Azərbaycan hakimiyyəti məhz Ramiz Mehdiyevin ittiham etdiyi maliyyə institutlarına ümid edir. Təsadüfi deyil ki, bir müddət əvvək BVF və DB-nin nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Səfər çərçivəsində ölkə başçısı Ilham Əliyev, maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşlər keçirilmişdi. Qısası, Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə bu qurumlarla əməkdaşlığa can atır. Hətta  siyası məhbuslardan bəzilərinin azad edilməsini də bu qurumlarla aparılan danışıqlara bağlayanlar var.
 
Belə bir ərəfədə Ramiz Mehdiyevin adıçəkilən qurumları sərt ittiham edən məqalə ilə çıxış etməsi hakimiyyət daxilində ikitirəliyin yarandığını deməyə əsas verir. Mümkündür ki, hakimiyyət daxilində anti-Qərb mövqeyi tutan qüvvələr bu danışıqları pozmağa çalışacaq(azadliq).