Gürcüstan nömrəli avtomobillərlə bağlı yeni qadağalar nədən qaynaqlanır?

Baxış sayı:
8773

Ekspertlərdən ölkənin avtomobil parkının yenilənməsi üçün mühüm təkliflər

Gürcüstan nömrəli avtomobillərin Azərbaycanda qalma müddətinə tətbiq edilən məhdudiyyət etirazlara səbəb olub. İctimaiyyət nümayəndələri, iqtisadçı ekspertlər, nəqliyyat ekspertləri də hesab edir ki, insanların məcburiyyətdən əl atdığı bu yolun qarşısı kəsilirsə, avtomobillərin ölkəyə gətirilməsi üçün başqa güzəştlər tətbiq edilməlidir.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu problem əslində ölkədəki yanlış gömrük siyasətinin nəticəsidir, avtomobillərin rəsmiləşdirilməsi ilə bağlı qoyulan yüksək rüsumların, sərt vergi siyasətinin yaratdığı problemdir: “İnsanlar üçün də rahat deyil ki, Gürcüstan nömrəsi ilə avtomobil sürüb, hər 3 aydan bir ölkə sərhədlərini tərk edərək yenidən qayıtsınlar. Bu məcburiyyətdən doğan bir məsələdir. Bu məsələnin tənzimlənməsi, Gömrük Komitəsinin daha sərt tədbirlər görməsi avtomobil bazarında qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Digər bir məsələ isə ondan ibarətdir ki, Gömrük Komitəsinin qərarı ilə 2013-cü ildən öncə istehsal olunan avtomobillərin də gömrük rüsumu artırılır. Bu da avtomobil bazarında çox mənfi bir tendensiyaya, qiymətlərin artmasına səbəb ola bilər. Çox maraqlıdır ki, bunu ekoloji məsələlərlə izah edirlər. Ancaq məntiqi yoxdur. Çünki biz dəfələrlə təklif etmişik ki, elektromobillərlə bağlı vergilər ləğv edilsin, hibrid avtomobillərinə tətbiq olunan gömrük rüsumları, aksiz vergiləri, ƏDV sıfırlansın. Ölkənin ekoloji vəziyyətinə müsbət təsir edəcək avtomobillərin idxalı stimullaşsın. Əvəzində isə köhnə avtomobillərin idxalına sərt tədbirlərlə maneə qoyularsa, nəticədə avtomobil parkı yenilənər. Bu baş vermədikdə, sadəcə köhnə avtomobillərin idxal rüsumları artırılırsa, bahalaşma qaçılmaz olacaq”.

N.Cəfərli ile ilgili görsel sonucu

N.Cəfərli hesab edir ki, bu qərarların nəticəsində ölkənin avtoparkı daha da köhnələcək və ekologiyaya daha çox ziyan dəyəcək: “Bundan başqa insanların təhlükəsizliyi ilə bağlı da ciddi problemlər yaranacaq. Bu gün Azərbaycanda avtomobillərin 60 faizi köhnədir. Qiymətlər artdıqca aztəminatlı təbəqənin avtomobillərini yeniləmək imkanları azalır, onlar məcbur qalıb köhnə avtomobillərdən sonuna kimi istifadə etməli olurlar. Bu da təhlükəsizlik qaydalarının pozulmasına gətirib çıxarır”.

Nəqliyyat eksperti Elməddin Muradlı ile ilgili görsel sonucu

Nəqliyyat eksperti Elməddin Muradlı da “Yeni Müsavat”a danışarkən bildirdi ki, Gürcüstan qeydiyyatında  olan avtomobillərin Azərbaycanda sürülməsi elə də ciddi bir problem yaratmırdı: “Əvvəllər belə bir problem var idi ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozurdular, ildə 4 dəfə gedib nömrə dəyişib qayıdırdılar. Ancaq Baş Dövlət Yol Polisi İdarəsi bunun qarşısını almaq üçün müəyyən addımlar ata bildi. Hətta nömrə 5-6 dəfə dəyişsə belə, yenə də yol polisi həmin maşını saxlayıb əvvəlki cərimələrini ödətdirə bilirdilər. Bir ara buna etirazlar oldu, hətta Gürcüstan səfirliyinə etiraz edirdilər. Ancaq Azərbaycan  tərəfi də konkret fakt ortaya qoydu ki, onlar yol hərəkəti qaydalarını bilərəkdən pozur və nömrəni dəyişərək məsuliyyətdən kənarda qalmaq istəyirlər”.

Ekspertin sözlərinə görə, Gömrük Komitəsinin məqsədi qeydiyyatdan yayınan avtomobillərin qarşısını almaqla daha çox vəsaitin vergiyə cəlb olunmasıdır: “Sadəcə, Gömrük Komitəsi görüb ki, son vaxtlar qeydiyyata düşən avtomobillərin sayı azalır və onların büdcəsinə daxil olan  vəsaitin həcmi də azalır, əksinə Gürcüstan nömrəsi ilə sürülən maşınların sayı artır. Mən də etiraf edirəm ki, bu biabırçı bir mənzərə idi. Regionun lider dövləti olan Azərbaycan avtomobil bazarı baxımından, turizm baxımından Gürcüstandan asılı vəziyyətdədir. Ancaq bunun səbəbini  düşünmək lazımdır. Gömrük Komitəsi onu düşünməlidir ki, bu insanlar niyə bu addımı atır? Səbəb gömrük rüsumlarının artmasıdır və getdikcə də artıma doğru gedir. 2017-ci ildə gömrük rüsumları qaldırıldı, daha sonra ƏDV və aksiz vergisi tətbiq olunur. O səbəbdən insanlar köhnə avtomobillərdən əl çəkə bilmirlər. 2018-ci ildə prezident İlham Əliyev tərəfindən dövlət proqramı qəbul olunub və bu proqramda  avtomobil parkının yenilənməsi, avtomobillərin fəaliyyətinə imkan yaradılması qeyd olunur. Gömrük Komitəsinin atdığı addımlar isə o proqramın əksinə yönəlib. Bu addımlar birmənalı olaraq avtomobil parkının yenilənməsinin qarşısını alır. Proqramda göstərilir ki, avtomobil parkının yenilənməsi üçün stimullaşdırıcı addımlar atılsın. Stimullaşdırıcı addımlar kimi ekoloji cəhətdən təmiz avtomobillərə vergi və gömrük rüsumlarının azalması da nəzərdə tutula bilər. Eləcə  də elektromobillərin rüsumları azaldıla bilər. Ancaq Gömrük Komitəsi bu proqramdan irəli gələn yalnız bir məsələni yerinə yetirib, o da elektromobillərin gömrük rüsumunun ləğvidir. Elektrik mühərrikli avtomobillərə güzəşt tətbiq olunur. Başqa heç bir güzəşt yoxdur”.

E.Muradlının sözlərinə görə, əksər ölkələr, o cümlədən Azərbaycana qonşu dövlətlər elektriklə işləyən avtomobillərə və hibrid avtomobillərə böyük güzəştlər tətbiq etməklə ölkənin avtomobil parkının yenilənməsinə çalışırlar: “Ancaq Gömrük Komitəsi bunu məqsədəuyğun hesab etmir, hər şeyi də hökumətin üzərinə atır. Ancaq təklifi verən Komitədir, sonra da deyir ki, hökumətin qərarını icra edirik. Təklif göndərəndə bir dəfə də insanların xeyrinə olan məsələlər qoyulsun. Gürcüstan nömrəli avtomobilləri ölkədə azaltmaq üçün başqa güzəştlər qoyulsun ki, vətəndaş gömrük rüsumunu, aksiz vergisini və ƏDV-ni ödəsin və Azərbaycan nömrəsi ilə sürsün. Gürcüstanda 3000 manat olan maşına Azərbaycana gətirəndə 6000 manat rüsum və vergi tətbiq edəndə, əlbəttə, insanlar Gürcüstan nömrəli maşın sürəcək. Ölkənin qərb regionları Gürcüstan nömrəsi, şimal bölgəsi isə rus nömrəsi  ilə dolub-daşır. Bu, gömrük siyasətinin nəticəsidir və ölkəni bu sahədə inkişafdan saxlayır”.//musavat