“Gürcü arzusu” bizə ikinci dərəcəli vətəndaş kimi baxır” – ƏHMƏD İMAMQULİYEV

Baxış sayı:
407

““Üç manatlıq gürcülər” Gürcüstanın ali siyasətinə o qədər qarışıblar ki, onların necə oyun edəcəyini, nə cür addım atacaqlarını ayırd edə bilmirik”
 
Son günlər nəinki Azərbaycanın, eləcə də Gürcüstanın gündəmini zəbt edən əsas məsələ soydaşlarımıza qarşı Dmanisidə, ardınca da Tiflisdə baş vermiş iki təxribat hadisəsidir. Belə ki, Tiflisdə baş verən hadisə Dmanisidə yaşanan hadisələrin ardından, özünü çox gözlətmədən törədildi və bu da haqlı olaraq “naməlum qara qüvvə”nin iki ölkənin münasibətlərini pozmaq istəyən planlarından xəbər verir. Şübhəsiz ki, baş verənlərdə erməni barmağının olduğu ən çox ağlabatan fikirlərdəndir. Baş verənlərin mahiyyətini və iç üzünü “Avropalı Gürcüstan” Partiyasının Siyasi Şurasının üzvü Əhməd İmamquliyevlə çözməyə çalışıdıq.

(Əvvəli bu linkdə: https://muxalifet.az/bu-hakimiyyt-azrbaycanlilar-uzrindn-oz-siyasi-oyunlarini-hyata-kecirir-hmd-imamquliyev.html)
 
– Sizcə, Gürcüstanda baş verənlər Zəngəzur dəhlizi ilə bağlı ola bilərmi? Yəni təxribatlar Azərbaycanın diqqətini Zəngəzur dəhlizindən yayındırıb, Gürcüstana cəlb etmək məqsədi ilə törədilə bilərmi?
 
-Bəli, dediyim kimi, Azərbaycanda və Gürcüstanda, ümumiyyətlə Qafqazda hegemonluğunu göstərmək istəyən rus imperiyasının bu cür oyunları təbii ki, mənim – Əhməd İmamquliyevin milli vətəni – Gürcüstanın strateji partnyoru olan Azərbaycanın inkişafının qarşısını almaq cəhdinə də bənzəyir. Çünki “ət dırnaqdan ayrılmaz” el məsəlində deyildiyi kimi, Gürcüstanda yaşayan azərbaycanlılarla Azərbaycan dövlətindəki birliyi, bərabərliyi, qohumluğu ayıra bilmədikləri üçün, Azərbaycanın diqqət nöqtəsini Borçalıya çevirməyə çalışırlar və baş verənləri Azərbaycan dövlətinin qalibiyyətinin, uğurunun qarşısını almaq cəhdinə də bənzədə bilərik. Dediyim kimi, buradakı soydaşlarımızla qarşıdurma milli vətənimiz olan Azərbaycanın lehinə yox, əleyhinədir.
 
– Əhməd müəllim, bilirk ki, Gürcüstan hökumətinin içində erməni kökənli məmurlar var. Həmin erməni kökənli məmurların baş verən təxribatdan istifadə edib, gürcü-azərbaycanlı münaqişəsi ocağı yaratmaq cəhdinin mümkünlüyünü necə dəyərləndirisiniz?
 
– Çox təəssüflər olsun ki, Gürcüstanda sovet dövründən qalmış “üç manatlıq gürcü” faktının olması danılmaz bir faktdır. Bu faktı hələ o vaxtlar “tryox rublyovıy qruzin” adlandırırdılar. Bu, haradan qaynaqlanır? Çünki SSRİ dövründə pasportda hər hansı bir dəyişiklik etmək üçün dövlətə üç manat pul ödəyirdilər və erməni soyadlarını gürcü soyadlarına çevirirdilər. İndi həmin erməni məmurlar Gürcüstanın ali siyasətinə o qədər qarışıblar ki, onların necə oyun edəcəyini, nə cür addım atacaqlarını ayırd edə bilmirik. Mən 2004-cü ildə Vəngdə, Almanların bankında çalışırdım. O illərdə hələ SSRİ pasportları tam dəyişdirilməmişdi və hələ ki, keçərli idi. Biz Gürcüstanda yaşayan insanların pasportlarına baxaraq, onların erməni kökənli olduqlarını bilirdik. Amma bu gün Gürcüstanın pasportlarında ata adları yazılmadığına görə, biz soyadlarını dəyişdirmiş erməniləri ayırd edə bilmirik. Bu səbəbdən də törədilən təxribatda onların əli görünür.
 
-Siz Tiflisdə baş verən hadisədə kürd mənsubiyyətli şəxsin iştirak etdiyi təxribatın milli zəmində törədilmiş ola biləcəyi ehtimalını istisna etdiniz. Amma Gürcüstanda və Ermənistanda da yezidi kürdlərinin yaşaması faktını və ermənilərin də Gürcüstanla Azərbaycanın münasibətlərini pozmaq üşün hər şeyə əl ata biləcəyini nəzərə alsaq, yezidi kürdlərdən də münaqişə ocağı yaratmaq üçün istifadə edilə biləcəyini düşünə bilərikmi?

 
-Mən inanıram ki, olmaz. Amma sizin nəzərinizə bir məsələni çatdırım. Elə məhz bu gün sosial şəbəkələrdə gözümə bir məsələ sataşdı. Erməni xəbər agentlikləri bizim Dmanisidə olan məsələmizi gürcülərə bu başlıq altında təqdim etməyə çalışırlar: “Görün, azərbaycanlılar sizə nə edirlər?”. Bunu qarşıdurma videosuna baxanda anladım, sonra tərcüməyə baxanda gördüm ki, belə yazıblar. Təbii ki, azərbaycanlılarla Gürcüstanın dost münasibətinin pozulması Ermənistanın marağındadır. Çünki Qafqazda Ermənistan Rusiyanın maşasıdır və hər daim rus imperiyasının oyunlarını burada həyata keçirməkdə alət olub. Biz tarixə nəzər salsaq, görərik ki, 1918-ci ildə Gürcüstanla Azərbaycan öz müstəqilliyini elan edəndən sonra bu müstəqilliyin pozulmasında rolu olan, rus əsgərlərini Qafqaza, Gürcüstana dəvət edən ermənilər olub. Ona görə də ermənilərin Qafqazda bizim dostluğumuzu pozmaq üçün hər bir cəhdini gözləməliyik və bunu nəzərdən qaçırmaq olmaz.
 
-Belə iddialar var ki, Dmanisidə zərərçəkənlər də, həbs olunanlar da azərbaycanlılardır. Hazırda istintaq nə yerdədir? Ümumiyyətlə, istintaqın ədalətli aparılacağına inanırsınızmı?
 
– Təəssüf ki, “Gürcü arzusu” hökumətinin polis sistemindən başlayaraq getsək – polis, prokurorluq, məhkəmə sistemində bununla bağlı heç bir addım atılmayıb, tam tərsinə polislərin azərbaycanlı gənclərimizə qarşı davranışına baxsaq, fiziki qarşıdurma, zorbalıq rəftarı görünür. Dmanisi videolarında polisin svan kökənli adamın hücumu əsnasında əlindəki dəmiri belə almaması, amma bizim əliyalın azərbaycanlının üzərinə beş nəfər polisin tökülməsi, onu həbs etməsi açıq görünür. Məsələ bundadır ki, biz “Gürcü arzusu”nun bizimlə bağlı apardığı siyasətə güvənmirik. Onlar bizə ikinci dərəcəli vətəndaş kimi baxırlar.
 
– Sizcə, bu təxribatların qarşısını almaq üşün həm Azərbaycan dövləti, həm Gürcüstan azərbaycanlıları olaraq hansı tədbirləri görməliyik?
 
– İlk öncə təbii ki, Azərbaycan dövlətinin Gürcüstanın daxili siyasətinə müdaxilə haqqı yoxdur, amma diplomatik tərzdə Azərbaycan dövləti Gürcüstan dövləti ilə arasındakı dostluq və partnyorluğa zərər gəlməsin deyə, qanun çərçivəsində təxribatı alovlandırmağa cəhd edən adamları cəzalandırmağı tələb edə bilər. Eyni zamanda, mənim görmək istədiyim bir məsələ var: Azərbaycan dövlətinin buradakı kadr məsələlərinə müdaxilə etməməsi daha yaxşı olardı. Çünki bu gün Gürcüstan parlamentində yer almış soydaşlarımız Azərbaycan dövləti tərəfindən dəstəkləndiyi üçün ölkə parlamentində lal-kar-kor funksiyasını daşıyırlar və bu günki münaqişədə zərər çəkmiş insanların haqqının, hüququnun bərpa olunması barədə heç bir mövqe bildirmirlər. Ona görə, mən düşünürəm ki, Azərbaycan dövləti və burada yaşayan azərbaycanlılar ilk növbədə kadr məsələlərində çox diqqətli olmalıdırlar. Gürcüstanın ali siyasi proseslərinə addım atmalıdırlar ki, bu kimi hallarda öz mövqelərini daha aktiv şəkildə ortaya qoysunlar. Yəni sözümüzü deyə bilək və təxribatların qarşısını ala bilək.
 
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az