GÖMRÜKDƏ BROKERLƏR SAHİBKARLARI NECƏ ALDADIR… - Milyonlarla manat vəsait dövlət büdcəsindən yayındırılır…

Baxış sayı:
883

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu vəzifəyə təyin olunarkən ölkə başçısı tərəfindən qarşısına bir sıra tələblər qoyulmuşdu. Bu tələblərdən ən başlıcası onlar idi ki, Gömrük Komitəsinin fəaliyyəti şəffaf olmalı, sahibkarlar əsassız yerə incidilməməli və gömrükdəki monopoliya aradan qaldırılmalıdır.

Bundan sonra media qarşısına çıxan Səfər Mehdiyev bəyan etmişdi ki, “Gömrük Komistəsinin hansısa əməkdaşı 1 manat rüşvət alarsa, dərhal istefa verəcəm”.

Lakin təəssüflə qeyd etməliyik ki, S.Mehdiyevin bu bəyanatına rəğmən, Gomrük Komitəsində vəziyyət o qədər də ürəkaçan deyil. Doğrudur, bəlkə də bir çox problemlərdən Komitə sədrinin xəbəri yoxdur. Amma etiraf etməliyik ki, rəhbərlik etdiyi qurumdakı biabırçılıqlara göz yummaqla, öz işçilərinin qanunsuz əməllərindən xəbərsiz olmaq eyni şeydir və hər iki halda Səfər Mehdiyev məsuliyyət daşıyır.

Digər tərəfdən, çox təəssüflə qeyd olunmalıdır ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin dönəmində olduğu kimi, bu gün də mətbuatın Komitədəki neqativlər haqda yazdıqları araşdırılmır və bu məqalələr qulaqardına vurulur. Ən azı, öz təcrübəmizdən deyə bilərik ki, son aylar ərzində “Hürriyyət” olaraq Gömrük Komitəsində baş verən bir sıra qanunsuzluqları faktlarla açıqlasaq da, nəinki yazılarımıza reaksiya verildi, heç qeyd olunan problemlərin həllinə belə, cəhd olunmadı. Təbii ki, mətbuatın işi həm də xalqın sərvətini talayan məmurları ifşa etmək, dövlət qurumlarında baş verən qanunsuzluqları üzə çıxarmaq olduğundan, biz bu haqda yazmağa davam edəcəyik. Güman edirik ki, nəhayət, səsimiz yetkili şəxslərə çatacaq və dövlət büdcəsindən oğurluq edən şəxslər gec-tez qanun qarşısında cavab verməli olacaqlar.

Sahibkarlara necə “divan tutulur”…

Etibarlı qaynaqlardan əldə etdiyimiz məlumata görə, son zamanlar Dövlət Gömrük Komitəsində brokerlər (dəllal, vasitəçi) tərəfindən də sahibkarlara “divan tutulur”. Qeyd edək ki, əvvəllər olduğu kimi, bu gün də Gömrük Komitəsində brokerlər sahibkarlara “öz xidmətlərini” təklif edirlər. Lakin bu zaman, xüsusən də fiziki şəxslərə ölkəyə gətirdikləri malların qiyməti üzərindən ciddi problem yaradılır. Belə ki, müvafiq dövlət qurumlarının nəzarətsizliyindən istifadə edən brokerlər bəzi hallarda iş adamlarının təcrübəsizliyindən və bilgisizliyindən istifadə edib, onları məharətlə aldatmağı bacarırlar.

Ən xırda detal kimi onu göstərə bilərik ki, idxal olunan mallara gömrük bəyannaməsinin yazılması zamanı sahibkarlardan hərə öz istədiyi məbləği tələb edir. Digər tərəfdən, bu şəxslərdə belə bir fikir formalaşıb ki, hər bir sahibkar gömrük rüsumunu azaltmaq üçün ölkəyə gətirdiyi malın, məhsulun dəyərini sənəddə aşağı qiymətə göstərir. Bu baxımdan, brokerlər Gömrük Komitəsi əməkdaşlarına vermək adı ilə hər bir iş adamından əlavə haqq tələb edirlər. Məsələn, iddia olunur ki, sənin malının dəyəri 10 manat deyil, 15 manatdır. Bu zaman sahibkarın etiraz etməsi heç nəyi dəyişmir. Ən yaxşı halda onlara belə “güzəşt” edilir ki, “əlavə ödənilməli olan” 5 manat qarşılıqlı anlaşma əsasında ikiyə bölünsün, yəni sənəddə malın dəyəri 15 manat göstərilsə də, sahibkardan 12,5 manatın rüsumu alınsın. Təbii ki, əksər iş adamı da 15 manatdansa, 12,5 manat ödəməyi daha məqəsəduyğun hesab etdiyindən, brokerlərin təklifini qəbul etməyə məcbur olur. Ən maraqlısı isə odur ki, yekunda həmin malın dəyəri sənədlərdə elə 10 manat kimi rəsmiləşdirilir.    

Brokerlərin ƏDV alveri

Məlumat üçün bildirək ki, hər kəs Gömrük Komitəsində brokerlik fəaliyyəti ilə məşğul ola bilməz. Bunlar hansısa məmurlara yaxın şəxslər, ya da yetkililər tərəfindən “xüsusi status” verilmiş insanlardır. Hansı ki, Gömrük Komitəsindəki rüşvətxor məmurların da öz qanunsuz əməllərini məhz brokerlər vasitəsilə həyata keçirdiyi haqda iddialar var. Belə ki, bu yaxınlarda Komitənin 18 nəfər əməkdaşının həbsini də məhz brokerlərlə qanunsuz işbirliyində olması ilə əlaqələndirirlər.

Mənbə iddia edir ki, Gömrük Komitəsində brokerlik edən şəxslərin hər biri müxtəlif adlarda onlarla saxta firma, şirkət təsis edirlər. Əlbəttə, bu firmaların, şirkətlərin heç biri onların öz adlarına olmur. İddialara görə, həmin firmalar daha çox türmədə cəza çəkən, yaxud da “potensial cinayətkar” olan şəxslərin adına rəsmiləşdirilir. Məlumata görə, həmin firmaların adı ilə ölkəyə müxtəlif mənbələrdən, müxtəlif şəxslərə məxsus mal və məhsullar daxil edilir və bu zaman heç bir dövlət rüsumu ödənilmir, yaxud da çox cüzi ödənişlər olur. Bur müddət sonra isə həmin borclu firmalar ləğv olunur və bundan öncə onun balansında olan Əlavə Dəyər Vergisi (ƏDV) müxtəlif iş adamlarına satılır.

Brkoerlər qısa müddətdə necə varlanır…

Mənbə onu da deyir ki, Gömrük Komitəsində brokerlik fəaliyyəti ilə məşğul olan şəxslərin hər biri qısa müddətdə böyük sərvət əldə edirlər. Şübhəsiz, bu da dövlət büdcəsindən yayındırılan vəsaitlər hesabına olur. Hansı ki, bu vəsaitlərlə onlar özlərinə dəyəri yüzminlərlə manat olan avtomobillər, milyonlarla manatlıq villalar alırlar. Maraqlıdır ki, kimsə onlardan qısa müddətdə necə milyonçu olduqlarını, bu sərvəti hansı yollarla qazandırlarını soruşmur. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, bu şəxslərin hər birinin arxasında yüksək çinli məmurlar dayanır və brokerlər həm də onların “gəlir qaynağıdır”.

Hurriyyet.az