Gerizəkalılığın girovluğunda olanlar...

Bəşəriyyət qlobal kapitalizmin girovluğundadır, yoxsa, hələ də  orta əsrlərdə ilişib qalan gerizəkalıların?

Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun “Bəşəriyyət qlobal kapitalizmin girovluğunda” adlı, “çox budaqları silkələmiş” yazısını oxuduqda ilk təəssüratım mövzunun həcmi və ağırlığı oldu... Yazıda mənim razılaşmadığım fikirlərə cavab haqqım olsa da, bir müddət gözlədim ki, müəllifin özünün də yazısında vurğuladığı kimi, bizim siyasətçilər bu cür məsələlərlə məşğul olsunlar. Necə deyərlər, cəmiyyətimizin 125 düyməli “ağır topları”ından heç olmasa üçü, beşi dillənsin, xalqın, həllini gözləyən taleyüklü problemlərinə münasibət bildirsinlər. Yəni fikir dartışması getsin, sonucda, ümumi, faydalı bir fikir formalaşsın ki, görək nəyi, necə etməliyik. Lakin bəzi qısa rəyləri nəzərə almasaq, kimsədən səs çıxmadı, üzüldüm. Belə çıxır ki, biz doğrudan da öz taleyinə biganələrik, “İş görəcək yerdə, söz əzbərlərik”(Nəhəng fikir adaml, M.Ə.Sabir),  amorf bir cəmiyyətdə yaşayırıq, axı belə olmamalıydı?... Nə isə, “peşəkar siyasətçilərə” görk olsun deyə, mən adi bir vətəndaş kimi dilə gələsi oldum. Mənim yazım, Əbülhəsən müəllimin nəzərdə tutduğu, lakin, gözləmədiyi peşəkar siyasətçi mövqeyindən uzaq olsa da (bəlkə də elə xeyir bundadır), hər halda bir fikirdir... Bəs, siz hardasız, ay 125 min (?) ştatlı siyasət bəzirganları?!
Hörmətli professor, haqlı olaraq göstərir ki, “Kommunizmin iflası və SSRİ-nin, sosialist düşərgəsinin süqutundan sonra artıq Yalta-Potsdam sülh sazişlərinin prinsipləri öz təsir gücünü itirməyə başlamış, dünyanın geopolitik mənzərəsində, güclər nisbətində, regional və qlobal təsir dairələrində, nüfuz və iddia zolaqlarında köklü dəyişiklər, qeyri-ənənəvi meyllər, yeni-yeni təfərrüatlar ortaya çıxmışdır”. Ümumi götürdükdə, “milli suverenlik müstəvilərində həlli çətin olan ziddiyyətlər yaranmışdır. Üstəlik də, qalib tərəf, yəni qlobal kapitalizm, başda ABŞ olmaqla, bu ziddiyyətlərin vaxtında həll olunmasına zəruri səy göstərməmiş, əksinə, bir çox hallarda münaqişə və problemlərin şiddətlənməsinə yol açmış və şərait yaratmışdır”.
Qərəz, müəllifin fikrincə, Sovetin dağılmasına və sonrakı həyatımızın hələ də düzəlməməsinə, əksinə pisləşməsinə səbəbkar, başda ABŞ olmaqla, “qlobal kapitalizm”dir...
Əziz, Əbülhəsən müəllim, bəs, aləmin, obyektiv reallığın dialektik materialistcəsinə qavrayışına görə, cism və hadisələrin yaranması, inkişafı və dağılmasını şərtləndirən, gedişatda əsas faktor olan daxili ziddiyyətlər harda qaldı? Reallığa və məntiqə görə - SSRİ-i daxili ziddiyyətlərin kəskinləşməsinin geridönməz xarakter almasından dağıldı. İmperiyanın sağlamlaşdırılması üçün başladılan yenidənqurma, gətirdiyi üstünlüklərlə yanaşı, yaranışından nüvəsində qoyulmuş, konservasiya olunmuş, öz həllini tapmamış (tapa da bilməzdi, çünki, SSRİ könüllü birləşmə deyildi, işğal nəticəsində yaradılmış süni birlikdi – müəl.) milli suverenlik məsələləri, yaranan demokratikləşmə fürsətindən partlayıb, sel kimi meydana çıxdı. Burada, xarici faktor ikinci, köməkçi, stimullaşdırıcı rol oynaya bilərdi və oynadı da – “sovet adamı”, kapital aləmindəki yaşayışla müqayisədə, özünkünün nə qədər geridə qaldığını gördükcə... qızdı və insani haqlarının tələbinə qlxdı.
Məqalədə vurğulanan xarici faktor o vaxt əsas rol oynamış olardı ki, SSRİ-nin varlığına xarici qüvvələrin birbaşa müdaxiləsi – müharibə, işğal olunmaqla son qoyulmuş olaydı. Bu hal (ikinci, işğal) baş vermədiyinə görə, “başda ABŞ olmaqla” “qlobal kapitalizm”i necə  “qalib tərəf” saymaq olar? Burada, sadəcə, iki əks siyasi sistemin daxili inkişaf dinamikasının qiyabi müqayisəsi aparıla bilər, vəssəlam. Sovetlər də bu müqayisəni, daxili auditoriya üçün, öz xeyrinə saxtalaşırmaqla daim aparmışdır.
Sovetdən sonrakı həyatımızın hələ də düzəlməməsinə, daha da pisləşməsinə görə, xarici güclər hansı məntiqlə məsul tutulur? Niyə, bu məsələdə problemlərimizin birbaşa səbəbkarı olan, 74 il bizi idarə edən, hüquqi məsuliyyət daşımalı olan daxili, aparıcı qüvvələr yox, birbaşa bağlılığı olmayan xarici güclər məsul tutulur? Burada, məqsəd kriminallaşmış kommunist partnomenklaturanı qorumaq deyilsə, bəs  nədir? Dəmir pərdə ilə, Canlı Dünya Orqanizmindən ayrı yaşadılan, nüvə silahlı SSRİ-ni müharibəsiz, kənardan necə dağıtmaq olardı? Bir buna  (nüvə silahına) görə, bütün dünya, ərköyün uşağın əlində dolu silah olan kimi, indi də bu şər qüvvələrdən çəkinir. Keçmiş SSRİ məkanı – onu, iflasa gətirmiş daxili qüvvələrdən – kommunist partnomenklaturadan (seçkinlərdən) təmizlənmişdirmi? Yox. Əksinə, SSRİ-ni iflasa gətirmiş bu daxili qüvvələr, sonradan toparlanaraq, özlərinin yaratdıqları inzibati resurslardan, xaosdan istifadə edib, xalq əmlakını özəlləşdirmə adıyla ələ keçirib mənimsəmiş, ictimai nəzarətsizlikdən daha da kriminallaşmış, hələ də dominantlıq etdiklərindən, yəni, öz cəmiyyətlərini sanki girovluqda saxladıqlarından, imperiyadan qurtulmuş respublikalar (Pribaltika ölkələri, Gürcüstan və Ukrayna istisna olmaqla), öz milli, demokratik, hüquqi dövlətlərini qura bilməmişlər.
Digər baxımdan, hansı məntiqlə, Sovetdən sonrakı həyatımızın hələ də düzəlməməsinə, daha da pisləşməsinə görə, xarici güclər məsul tutulur? Məgər, onlar kommunistlərin bizim ölkədə törətdiyi dağıntıları düzəltmək öhdəliyimi götürmüşdülər, yaxud, bu tapşırığı öz xalqlarındanmı almışdılar, bu, onların vəzifəsinəmi daxildi? Məgər, Amerika xalqı, öz hökumətini “yeni dünya düzənini qorumaq” kimi missiyayla görəvləndiribmi? Yox!
Başqa dövlətlərin daxilində, yaxud arasında yaranan ziddiyyətlərin, problemlərin səbəbi - həlli yalnız mənəvi məsuliyyət və humanitar yardım istisna olmaqla, hansı bağla “...qlobal kapitalizm, başda ABŞ olmaqla...” bu güclərə bağlana bilər, onların məsuliyəti sayıla bilərdi ki, onlar “...bu ziddiyyətlərin vaxtında həll olunmasına səy göstərməmiş...”lər? Axı, bu güclər, ABŞ iqtidarı, təmsil etdikləri, siyasətlərinin əsas sifarişçiləri olan  vergi ödəyicilərindən, yəni öz xalqından, başqa xalqın, dövlətlərin iç problemlərini həll etmək kimi səlahiyyət (sifariş) almayıblar və ala da bilməzlər. Çünki bu məntiqsiz olardı. Ta qədimdən idarəçilik təbii olaraq elə məntiqli qurulub ki, necə deyərlər “Hərə, öz qoturunu qaşımalıdır” və kimsənin öz problemini, işini başqasına yükləməyə mənəvi haqqı yoxdur. Odur ki, SSRİ-nin dağılmasına da, bu dağıntıdan necə çıxmasına da ilk növbədə ölkənin iqtidarı, daxili qüvvələri məsul və borcludur.
Sovetlərin anlayışına və təbliğatına görə isə, ölkədəki bütün uğurların ruhlandırıcısı, səbəbkarı Sobet İttifaqı Kommunist Partiyası, uğursuzluqların səbəbkarı isə xarici kapitalistlər, “çürümüş imperializm”, “mənfur kapitalizmin qalıqları” idi...(?!). Görünür, bəzilərinin düşüncəsində bu ənənə hələ də davam etdirilir.
Mənə aydın deyil ki, ABŞ-ı kim, hansı sənəddən irəli gələn öhdəliklə görəvləndirmişdir ki, “soyuq müharibə”dən sonra yeganə superdövlət və qlobal lider kimi, öz üzərinə düşən tarixi missiyanı (?! M.Ə.) – köklü surətdə dəyişmiş dünyada nizamlayıcı funksyanı, qlobal siyasi arxitektura yaratmaq vəzifəsini ödəyə bilməmiş, əksinə, ənənəviləşmiş mənfəətdar-merkantil rəqabət təfəkkürünün ətaləti məcrasında fəaliyətini daha da sərt formada davam etdirərək, beynəlxalq davranış kodeksini (?! M.Ə.) son dərəcə bərbad hala salmışdır” deyə, müəllif tərəfindən məsul tutulur?
Bir subyekti (burada ABŞ-ı), üzərinə rəsmi sənədlə götürmədiyi, barəsində cavabdehlik daşımadığı, hansısa uydurma (daha çox, dövlət təmsilçilərinin cari xarakterli siyasi gedişlərində öz vacibliklərini, faydalarını, dünya lideri olduqlarını vurğulamaqla qabartmağa çalışdıqları, hüquqi nəticəsiz, qeyri-rəsmi hal, mövqe) missiyanı, sanki götürdüyü öhdəliyi icra etməməkdə - necə, hansı əsasla məsul tutmaq olar? Özünü, bu və ya digər cür, o cümlədən dünya lideri kimi təqdim etmə, dediyinə əməl etmədiyi halda, olsa-olsa nüfuz məsələsi olub, əsla ciddi ittiham olunmalı məsuliyyət yaratmır.
Bu, bir obyektiv reallıqdır ki, nəhəngliyindən və qüdrətindən asılı olmayaraq, ABŞ və Qərbi Avropa ölkələrinin başçılarının taleyi (hətta vəzifə başında belə)... seçkinlərin (Konqres,Nümayəndələr Palatası, Parlament, Bundestaq və s.) və seçicilərin gündəlik, cari rəyindən asılıdır. Bu cür başçılar, onların vəzifə taleyini həll etməyə daim hazır olan öz ictimai rəyinin tələbi, təzyiqi önündə bir növ “əl üstə dururlar”, bu səbəbdən əməlləriini həm də ictimai rəyə dayanaraq edirlər, yoxsa, impiçment məsuliyyətinə cəlb oluna bilərlər. Xalq, seçici işində çaşan başçısının durumunu sırf qanuni üsullarla hər vaxt alt-üst edə, geri oxuya bilər. Belə ölkələrdə kiminsə özbaşınalığı istisna olunur. Odur ki, hansısa demokratik qurluşlu bir dövlətin öz idarəçiliyindən, milli marağından kənar məsələlərə sahib çıxması, baş qoşması məntiqsiz olardı.
Artıq müəllifin də (reallığın da) təsdiqlədiyi kimi, ABŞ-ın öz imkanlarına görə ondan (yalnız, mülahizələrə əsaslanaraq) umulan “yeni dünya düzəni”ni daha üstün nizamlaması gözləntilərini doğrultmaması... yəqin ki, məntiqi idi. Müəllifin dedikləri, daha çox BMT-inin missiyasına uyğundur (bu isə, ayıca söhbətin mövzusudur), nəinki ayrılıqda götürülmüş bir dövlətin, hətta o, ABŞ kimi qüdrətli dövlət olsa belə?
Öz çatışmazlıqlarının səbəbkarı olaraq özünü yox, özgələrini görmək  kimi, sovet şərləmə düşüncəsini yaşatmaqla, hansı yırtığımıza yamaq vurulacaq? Öz falasını yeyən (rentabelsiz) iqtisadiyyatını qurmaqla, özünün yaratdığı çatışmazlıqların “səbəbkarı” kimi 74 il kapital aləmini görən, söyən nəhəng sovet hərbi gücü sonda... özü çökmədimi? Axı, məsələnin içində olan sovet məktəbinin yetirməsi, olayların səbəbini, kənar müşahidəçi rolunda olan yabançılardan daha düzgün qiymətləndirməlidir?
Mən, əsla,  öz gücü ilə digərlərini ədalətsizcəsinə hesablaşdıran dövlətlərin, güclərin milliliyə zidd təsirini inkar etmək fikrində deyiləm və bu düzgün də olmazdı. Bu təhlükə həmişə olub və yalnız milli tamlığın (mükəmməlliyin) zəif olduğu toplumlarda reallaşa bilib. Əgər ABŞ, yaxud hər hansı başqa dövlət, liderlik iddiasıyla başqa ölkələrin inkişafına yardım edirsə - nə yaxşı, yox, yaxşının dağılmasına səbəb olursa – çox pis. Lakin, bütün bunlar konkret fakta söykənməlidir, mülahizəyə yox. Məncə, biz, özümüzün görməli olduğumuz işlərin məsuliyyətini başqalarından ummaqdansa, öz işimizlə, yəni milli demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu ilə məşğul olmalı, olanımızı qüsurlardan təmizləməli, təkmilləşdirməliyik. Bununçün,  cəmiyyət olaraq hər cür imkanımız var, yetər ki, istək  olsun. Bu yöndə ən gözəl nümunələr bəzən yersiz suçlanan Qərbi Avropa və ABŞ-dadır. Bu gün, yeni Ərəb Xilafətini qurmaq istəyənlər də var, lakin, bu, 1490 il bundan qabaq düşüncə səviyyəsində olanların fikridir. Biz isə, XXI əsrdə, Qərbi Avropada və ABŞ-da yaşayanlar kimi yaşamaq  istəyirik, cahillər kimi yox.
Əbülhəsən müəlimin də vurğuladığı güclərin, dağıdıcılığa sürükləyən qismi (Hərbi Sənaye Kompleksi, kəşfiyyat, siyasiləşmiş sələmçi-maliyyə və s.), dolayısıyla müxtəlif dini, irqi qruplaşmaları dəstəkləyir. Llakin bunlar Qərbi Avropa və ABŞ-n rəsmi təmsilçiləri deyil. Əlbəttə, dünyanın sağlam qüvvələrinin birliyi BMT bayrağı altında insanlığı xaosa aparan belələrinə qarşı kəskin mübarizə aparmalıdır.
(Davamı var)
Məmmədxan ƏZİZXANLI, hüquqşünas