Fuad Nəcəfli naziri aşağılayaraq TƏDBİRDƏN QOVUB... - İLGİNC İDDİALAR...

Vasif Talıbovun etibarlı kadrı kimi tanınan Naxçıvanın mədəniyyət naziri Natavan Qədimova dünən Ali Məclisdə keçirilən müşavirədən qovulub. Müşavirə, Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin başçılığı ilə yerli nazir və idarə rəhbərlərinin iştirakı ilə keçirilib.
Bu haqda "Gündəlik Naxçıvan“a bir qrup müşavirə iştirakçısı məlumat verib. Məlumata görə, Natavan Qədimovanın müşavirədən qovan da, elə Fuad Nəcəfli olub.
Mənbənin bildirdiyinə görə, Fuad Nəcəfli xanım naziri vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət və korrupsiyada günahlandırıb:
„Müşavirədə bütün nazirlik və idarələrin fəaliyyəti ilə bağlı dinləmələr oldu. Sonda Fuad müəllim çıxış edərək, nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verdi. Növbə Mədəniyyət Nazirliyinə gələndə, səlahiyyətli nümayəndə burada baş verən özbaşınalıqlara əsəbiləşdi. Natavan Qədimovanın nazir postu tutduğu dövrdən bəri törətdiyi qanunsuzluq və özbaşınalıqlardan, dövlət əmlakının talanmasından danışdı. Nazir özünü müdafiə etmək istəyəndə isə, əsəbiləşib, onu müşavirədən qovdu.“
Mənbə bildirir ki, əslində Fuad Nəcəflinin məqsədi nöqsanları aradan qaldırmaq yox, Vasif Talıbovun yaxın kadrlarını vəzifədən uzaqlaşdırmaqdır:
„Onun sadaladıqları nöqsanlar bütün nazirliklərdə var. Məqsəd nöqsanları aradan qaldırmaq yox, köhnə kadrları təmizləmək üçün bəhanə ortaya qoymaqdır. Natavan Qədimova, Vasif Talıbovun kadrıdır. Böyük ehtimalla bu günlərdə rəsmi şəkildə işdən çıxarılacaq. Növbədə Talıbova sadiq digər nazirlər və Ali Məclisin sədr müavini Azər Zeynalovdur“.
Natavan Qədimova 2018-ci ildə Vasif Talıbovun sərəncamı ilə Naxçıvan MR mədəniyyət naziri vəzifəsinə təyin olunub.