“Fransanın Ermənistanı revanşizmə təşviqi beynəlxalq hüququn əsas prinsiplərini pozur” - EKSPERT
“Fransanın Ermənistanı revanşist siyasəti yürütməsinə təşviq etməsi beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi qiymətləndirilə bilər. Parisin bu addımı bölgədə sülhün və sabitliyin qorunmasına mane olur, üstəlik beynəlxalq aləmdə Fransaya qarşı etimadsızlıq yaradır”.
Bunu beynəlxalq hüquq üzrə ekspert Vusal Mehdiyev deyib.
V.Mehdiyev bildirib ki, beynəlxalq hüquqa görə, hər bir dövlət digər dövlətin daxili işlərinə qarışmamaq prinsipinə riayət etməlidir: “Fransanın Ermənistanı revanşizmə sövq etməsi, Azərbaycanın suverenliyini pozmaq kimi qiymətləndirilir. Bu addım BMT Nizamnaməsinin 2(4) və 2(7)-ci maddələrinə ziddir. Həmin maddələr dövlətlər arasında zorakılığın təbliğini və ya ərazi bütövlüyünə qarşı olan siyasəti yasaqlayır.
Bu eyni zamanda regionda davamı sülhə mane olur. Cənlubi Qafqazda sabitliyin qorunması beynəlxalq hüququn əsas prinsiplərindəndir. BMT-nin hədəflərindən biri dünyada sülhü qorumaq və münaqişələrin həllini tapmaq olsa da, revanşizmin təşviqi bu prosesə ciddi maneə törədir. Ermənistanın bu cür addımları beynəlxalq ictimaiyyətdə yeni gərginlik ocaqları yarada bilər”.
Ekspert əlavə edib ki, Fransanın Ermənistanı hərbi yardımla təmin etməsi və onu münaqişəyə sövq etməsi beynəlxalq razılaşmaları pozur: “Xüsusilə 2013-cü ildə qəbul edilmiş Silah Ticarəti Müqaviləsi dövlətlərdən tələb edir ki, silah tədarükü münaqişələrə səbəb olmamalıdır.
ATƏT-in Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi qəti olaraq qeyd olunub. Fransanın revanşizmi təşviq etməsi bu prinsipi pozmaqla yanaşı, Cənlubi Qafqazda ərazi destabilizasiyasına yol açır. Bu addımlar bölgədə yeni münaqişələrin yaranmasına şərait yaradır.
Artıq de-fakto mövcud olmayan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa neytral və sülhyönümlü missiya yürüməli idi. Lakin Ermənistana, yəni işğalçı və təcavüzkar dövlətə tam dəstək verməsi onun bu missiyasını şübhə altına salır. Ermənistanı revanşist siyasətə sövq edən istənilən tələb ATƏT prinsiplərinə ziddir.
Revanşist siyasətə görə mülkilərə qarşı zorakılıq yaranarsa, Fransa bu cinayətlərin dolayı məsuliyyətini daşıya bilər. Humanitar hüququn pozulmasının beynəlxalq aləmdə ciddi nəticələrə yol açması mümkündür.
Nəticədə, Fransanın Ermənistanı revanşizmə təşviqi beynəlxalq hüququn əsas prinsiplərini pozmaqla yanaşı, Cənlubi Qafqazda sabitliyə ciddi təhlukə yaradır. Bu siyasətin davamı Fransanın beynəlxalq aləmdə etibarsız dövlətə çevrilməsinə, bölgədə isə yeni gərginlik ocaqlarının yaranmasına səbəb olacaq. Buna görə, bu məsələ beynəlxalq təşkilatlarda qaldırılmalı, Fransa beynəlxalq hüquqa əməl etməyə çağırılmalıdır”.
Muxalifet.az