Fransada pensiya islahatı səbəbilə tətillər davam edir

Baxış sayı:
4021

Fransada artıq ikinci gündür nəzərdə tutulan pensiya islahatı səbəbilə keçirilən ümummilli tətillər cümə günü ölkənin böyük bir hissəsini iflic vəziyyətə salıb. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir. Tətillərə yeni pensiya islahatı nəticəsində milyonlarla insanın daha uzun zaman çalışacaqlarına və daha az imtiyazlar alacaqlarına dair narahatlıq səbəb olub. Fransada həmkarlar ittifaqları Prezident Emmanuel Makronun ölkənin pensiya sistemində islahat aparmaq planına qarşı tətil keçirib və nəticədə minlərlə insan cümə axşamı iş yerlərindən çıxıb. Tətil nəqliyyatın dayandırılmasına, məktəblərin bağlanmasına səbəb olub. Xəstəxanalarda işçi çatışmazlığı yaranıb, əsas dövlət xidmətləri dayandırılıb. Paris və onlarla digər şəhərlərdə dinc nümayişlər keçirilib. Lakin Parisin şərqində yerləşən Respublika meydanında zorakılıqlar baş verib. Orada minlərlə etirazçı toplaşıb. Şahidlərin sözlərinə görə, bəzi etirazçılar inşaat treylerini yandırıb, polis isə cavab olaraq onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Polis həmçinin, şimal-qərbdə yerləşən Nant şəhəri və cənub-şərqdə yerləşən Lion şəhərində də etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. İttifaq liderləri Makron pensiya islahatı planını ləğv etməyənədək etirazları davam etdirəcəklərinə söz verib. Rəsmilər bu islahat nəticəsində işçilərin daha uzun çalışacaqlarını etiraf edir. Onlar planla bağlı çox az detal paylaşıb, amma Makronun ofisi cümə axşamı bildirib ki, baş nazir Eduard Filip həmkarlar ittifaqları ilə danışıqlardan sonra gələn həftə islahat planını açıqlayacaq. Bu tətil Fransanı dəyişmək vədi nəticəsində prezidentliyi qazanan sabiq investisiya bankiri Makronun siyasi bacarıqlarının sınağı olaraq görülür. Muxalifet.az