Ermənilərlə azərbaycanlıların birgə hazırladığı film... - QARABAĞ MÜNAQİŞƏSİNİN TARİXÇƏSİ...

Baxış sayı:
2455

Azərbaycanın və Ermənistanın müstəqil jurnalistləri və ekspertləri tərəfindən hazırlanmış "Dairənin hissələri" sənədli filmi Qarabağ münaqişəsinin tarixinə iki fərqli baxışı bir araya gətirmək cəhdidir.

Üç hissədən ibarət olan film (ingilis dilindəki versiya qısametrajlıdır) 9 ilə ərsəyə gəlib. Çəkilişlər Ermənistanda, Azərbaycanda və tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda aparılıb. Müəlliflər ssenarinin müzakirəsi üçün Tbilisidə görüşüblər.

Müstəqil müşahidəçilərin müsbət qiymətləndirdiyi filmi rəsmi Bakı kəskin tənqid edib.

Münaqişə haqqında iştirakçıların öz dilindən

Konfliktlə bağlı fərqli mövqeləri müqayisə cəhdiylə yanaşı, bu filmin daha bir üstün məziyyəti hadisələrin əsas iştirakçılarıyla (kimlər üçünsə günahkarlarıyla) unikal müsahibələrdir. Azərbaycan və Ermənistanın keşmiş liderlərinin, onların məsləhətçilərinin, ordu komandirlərinin və milli hərəkat liderlərinin Qarabağ münaqişəsinə münasibət bildirdiyi ikinci belə bir layihə yoxdur.

Filmdə qaçqınların və digər şahidlərin də fikirlərinə yer verilib, hadisələr müəlliflərin ssenarisinə uyğun ardıcıllıqla ekranlaşdırılıb.

İlk versiya ingilis dilində və 75 dəqiqəlik film olaraq hazırlanıb. Bu, qısaldılmış variantdır, əcnəbi tamaşaçılara hesablanıb. Əsas versiya isə 180 dəqiqəlikdir; dörd dildə (Azərbaycan, erməni, rus və ingilis dillərində) səsləndirilib: "Müharibəyə aparan yol", "Müharibə" və "Sülh axtarışlarında".

Bu trilogiya ilk növbədə Azərbaycan və Ermənistan auditoriyasına hesablanıb. Müəlliflər deyirlər ki, bu hissələri ilk filmə reaksiyaları öyrənəndən sonra təqdim edəcəklər.

İngilis dilindəki variant münaqişəyə iki fərqli mövqenin kompromisindən ibarətdir, trilogiya isə azərbaycanlıların və ermənilərin hər 15 dəqiqədən bir növbələnən açıqlamalarıdır. Ssenari layihədə iştirak edən tərəflər - azərbaycanlı və ermənistanlı jurnalistlər və ekspertlər arasında razılaşdırılıb.

"Ssenarinin müzakirələrində qapı çırpma halları da baş verirdi"

Filmi üç qeyri-hökumət təşkilatı hazırlayıb: sülhməramlı "Uzlaşma resursları" qrupu (Britaniya), "Internews Azerbaijan" və "Media təşəbbüsləri mərkəzi" (Emənistan). Layihənin koordinatorunun - Britaniya təşkilatının Qafqaz proqramının rəhbəri Laurence Broers-in sözlərinə görə, filmin büdcəsi 300 min avro olub.

Layihəni Avropa İttifaqı (AB) maliyyələşdirib - Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli üzrə Avropa əməkdaşlıq proqramı (EPNK) çərçivəsində. Ancaq müəlliflər qeyd edirlər ki, film Aİ-nin mövqeyini əks etdirmir.

Film üzərində iş 2011-ci ildə başlayıb. Laurence Broers-in sözlərinə görə, bu ideya onda Akira Kurosavanın "Rasemon" filminə baxandan sonra yaranıb - filmdə bir hadisə bütün iştirakçılar, hətta öldürülmüş samuray tərəfindən də danışılır.

Azərbaycanlı və ermənistanlı müəlliflər öz hissələrinə aid ssenariləri yazaraq onları müzakirə etmək üçün Tbilisidə görüşüblər. Çəkilişlər ancaq ssenarilər təsdiqlənəndən sonra başlaya bilərdi. Layihə iştirakçıları etiraf edirlər ki, bəzən müzakirələr yüksək səs tonuyla müşayət olunub. Broers deyir ki, hətta bir-birini fırıldaqçılıqda ittiham etmə və qapı çırpma halları da baş verib.

"Ancaq qərarlar yekdil şəkildə, bütün yaradıcı kollektivin iştirakıyla qəbul olunub. Hər halda, biz bu işi başa çatdıra bildik" - bu isə, "JAM News" nəşrinin siyasi şərhçisi Şahin Rzayevin sözləridir.

"Bu film bütün tarixçələri bir araya gətirib hadisənin informasiya mənzərəsini yaratmaq cəhdiydi. Konflikt haqqında hər iki tərəfin mövqeyini təqdim etmək və dairənin ayrı-ayrı hissələrini birləşdirmək istəyirdik," - "Media təşəbbüsləri mərkəzi"nin icraçı direktoru Nune Sarskisyan belə deyir.

Film hazırlanan müddətdə rəsmi Yerevan və rəsmi Bakı arasında hakerlərin, təbliğatçıların, lobbiçilərin, diplomatların və minlərlə sosial şəbəkə istifadəçisinin də iştirak etdiyi informasiya müharibəsi davam edib. Hər iki ölkədə münaqişənin ən faciəli məqamlarıyla bağlı konspiroloji nəzəriyyələrin yayılmasına prezident administrasiyaları rəhbərlik edib.

Hadisələri mümkün qədər dəqiq təsvir etmək və mifləri yox etmək üçün hər iki yaradıcı heyət ssenarinin hazırlanması prosesinə arxiv sənədləriylə tanış olan araşdırmaçıları cəlb edib.

"Mən çox ümid edirəm ki, bu filmlər Qarabağ münaqişəsi haqqında miflərin dağılmasına kömək edəcək" - bu da Sarkisyanın sözləridir. Hərçənd, hər iki tərəfin nümayəndələri etiraf edirlər ki, populyar stereotipləri dərhal yox etmək mümkün deyil.

Şahin Rzayev qeyd edir ki, "Çoxillik təbliğat müharibəsinin nəticələrinin elə ilk cəhddən dəyişəcəyinə inanmaq sadəlöhvlük olardı. Amma düşünən, tənqidi təfəkkürə malik olan insanların bu münaqişə haqqında təsəvvüründə bəzi şeylər dəyişəcək. Belə həssas məqamlarda bir düşünən insan min nəfərlik kütlədən daha önəmlidir. Ümidimiz ilk növbədə onlaradır. Belələrinin sayı artdıqca, sülhə daha çox yaxınlaşacağıq".

Laurence Broers qeyd edir ki, sülh təşəbbüslü layihələrin büdcəsi tərəflərin nəinki silahlanmaya, hətta təbliğata və lobbiçilərə xərclədikləri pullarla müqayisədə gülünc dərəcədə azdır.

Film üçün müsahibə verən bəzi siyasətçi və müşahidəçilər artıq həyatda deyillər - məsələn, Qarabağ hərəkatının liderlərindən biri İqor Muradyan və Azərbaycanın üç prezidentinin məsləhətçisi olmuş Vəfa Quluzadə.

Müsahiblərdən ikisi hakimiyyətin təqibinə məruz qalıb - 2014-cü ildə azərbaycanlı tarixçi Arif Yunus xanımıyla birlikdə beynəlxalq təşkilatların siyasi motivli hesab etdiyi ittihamlarla həbs olunub. İki illik həbsdən və ev dustaqlığından sonra o və xanımı Leyla Yunus ölkəni tərk ediblər. 2017-ci ilin may ayında isə digər müsahib - jurnalist Əfqan Muxtarlı Tbilisidən oğurlanaraq Bakıya aparılıb və ancaq 2020-ci ildə azad edilərək ölkədən çıxarılıb.

Əhalini sülhə hazırlamaq - şüar, yoxsa reallıq?

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb, SSRİ dağılandan sonra genişmiqyaslı müharibəyə çevrilib, 1994-cü ildə atəşkəs sazişi imzalanıb. Dağlıq Qarabağ Muxtar Vilayətinin böyük hissəsi, o cümlədən ətrafındakı 7 rayon ermənilərin nəzarətində qalıb. 2016-cı ilin aprel ayında Qarabağda hərbi əməliyyatlar qısa müddətə bərpa olunub.

Ermənistanda 2018-ci ilin may ayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra münaqişənin nizamlanmasıyla bağlı danışıqlar intensivləşib. Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü münaqişə zonasında gərginliyin və toqquşmaların azalmasına gətirib çıxarıb.

2019-cu ilin yanvar ayında hər iki ölkənin XİN rəhbəri əhalinin sülhə hazırlanmasının vacib olduğunu bəyan edib. Ancaq sonrakı il yarım ərzində bu istiqamətdə atılan yeganə addım jurnalist heyətlərinin qarşılıqlı səfərləri olub - unudulumuş təcrübə bərpa edilib.

"Elitalar əhalinin sülhə hazırlanması barədə əlahiddə razılığa gəliblər. Ancaq sülhməramlı təşəbbüslər, o cümlədən vətəndaş təşəbbüsləri dəstəklənmədiyi üçün bu işə töhfə verəcək kimsə yoxdur," - Laurence Broers belə deyir. Ekspert, həmçinin qeyd edir ki, müstəqil təşəbbüslərin və vətəndaş cəmiyyəti iştirakçılığının olmaması sülh prosesinə təhlükə yaradır - hökumətlər ictimai dəstək olmadan sülh danışıqları apara bilmirlər.

Nəticə etibarilə əhalinin sülhə hazırlanması haqda deyilənlər havadan asılı "şüar" olaraq qalır.

Regionda reaksiyalar

"Eurasianet" nəşrinin Qafqaz şöbəsinin rəhbəri, amerikalı ekspert Joshua Kucera öz məqaləsində "Dairənin hissələri" filmini Qarabağ münaqişəsi haqqında "ən yaxşı sənədli film" adlandırıb. Həmin yazıda o, "International Crisis Group" təşkilatının eksperti, filmi "münaqişənin mənbələri haqqında ən yaxşı sənədli material" hesab edən Olesya Vartanyandan da iqtibas edib.

Geosiyasət və energitika məsələləri üzrə ekspert Rauf Məmmədovsa filmin qərəzsiz çəkildiyini və kütləvi auditoriya üçün maraqlı olacağını deyib.

""Dairənin hissələri" filmi Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin dəstəyilə çəkilən, konkret və faydalı nəticələr verən çox az sayda layihələrdən biridir" - qarabağlı siyasi şərhçi Tigran Grigoryan film haqqında rəyində belə yazıb.

Ancaq Azərbaycan hakimiyyətinin nümayəndələri filmi kəskin tənqid ediblər. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev onu "tipik erməni təbliğatı" adlandırıb.

Ermənistan rəsmiləri film haqqında fikir bildirməyiblər.

BBC-nin jurnalisti Jenny Norton filmin çəkilişlərində müstəqil şəxs olaraq - Rusiya xidmətində işə başlayana qədər iştirak edib. Norton bu məqalənin hazırlanmasında və redaktəsində iştirak etməyib.

BBC