Eldar İbrahimov: “Rəhim Qazıyev nəinki başına, heç ayağına da güllə vurmadı”

Baxış sayı:
12495

Muxalifet.az az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun Modern.az saytının suallarını cavablandırıb. - Eldar müəllim, Əli Kərimli mətbuata açıqlamasında Azərbaycanın 7 rayonunun işğalının Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verdiyini iddia edir. Həmin dövrün şahidi kimi sizin fikirləriniz maraqlıdır, nələr baş vermişdi? - Mən 1990-95-ci illərdə Ali Sovetin deputatı idim. Sizin də qeyd etdiyiniz kimi, bu işlərin içində olan insanam. Baş verən hadisələrin şahidiyəm. O vaxtlar demək olar ki, bütün rayonlar əldən gedirdi. Yaxşı yadımdadır ki, Heydər Əliyevin namizədliyini irəli sürürdüm, o vaxtlar – mayın 8-də Şuşa, mayın 18-də Laçın işğal olundu, ondan sonra digər rayonlar ardıcıl zəbt edildi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda Ali Sovetin sədri seçildi. Bir il sonar, mayın 12-də ermənilərlə atəşkəsi əldə etdik. Bildiyiniz kimi, ölkədə “qoçu dəstələri” var idi. Ölkə dağılırdı. “Talış-Muğan Respublikası”, şimalda “sadvalçılar”... Yəni, ölkədə əmin-amanlıq, sabitlik yaratmaq üçün bunların hamısının qarşısını Heydər Əliyev aldı. Ancaq Heydər Əliyev Ali Sovetin sədri olsa da, ölkənin başçısı deyildi. Məsələn, hansısa qəti tədbirlər görməsi üçün səlahiyyəti yox idi. Oktyabr ayında prezident seçiləndən sonra Heydər Əliyevin səlahiyyətləri artdı. Heydər Əliyev prezident seçilənə - oktyabr ayına qədər artıq bir neçə rayon satılmışdı. Çox yaxşı bilirdim ki, ermənilərlə Xalq Cəbhəsinin o vaxtkı rəhbərləri torpaq alveri edirlər. Əli Kərimlinin özü də, o biriləri də... Bir gün pul alıb bir rayonu, kəndi verirdilər, o biri gün pul verib geri alırdılar. Bu, alver idi. O vaxt Rəhim Qazıyev deyirdi ki, Şuşa işğal olunsa başına bir güllə çaxacaq. Şuşa işğal edildi, Rəhim nəinki başına, heç ayağına da güllə vurmadı. Bunlar avantürist adamlardır. Azərbaycanın torpaqlarını satdılar. Azərbaycan torpaqlarını satmaqla yanaşı, siyasi oyunlarla yanaşı, ölkəmizi min arşın dərinlikdə quyunun təkinə saldılar. Azərbaycanın bütün iqtisadiyyatını dağıtdılar. Kənd təsərrüfatı texnikasını, zavod, fabrik avadanlıqlarını, bir sözlə harada metal vardısa, söküb dağıdırdılar. Hamısını İrana, digər qonşu ölkələrə satırdılar. Ümumiyyətlə, Xalq Cəbhəsi dönəmində ölkəmizə vurulan zərər heç vaxt Azərbaycana vurulmayıb. Əli Kərimlinin sözləri iftiradır. Əli Kərimlinin özü bu işlərin içərisində olan bir adam idi. O və yoldaşları - hamısı torpaq alveri edirdilər. Hələ mən onu demirəm ki, onların zamanında uşaqlar küçəyə çıxmağa həsrət qalmışdılar. Düz əməlli əllərində tüfəng tutmağı bacarmayan cavan-cavan uşaqları birbaşa müharibəyə göndərirdilər. Bir az imkanlı adamların uşaqlarını hədəfə alırdılar. Həmin uşaqlar cəbhədə erməni ilə üz-üzə dayansa da, arxadan güllələnirdilər. Bəlli olurdu ki, özləri vururlar. Həmin uşağın ölüsünü, meyidini gətirib sahibinə pulla satırdılar. Görün, nə dərəcədə Allahsız, çirkin və əxlaqsız hərəkətlər ediblər. Bunlar insanlığa yaraşmayan hərəkətlər idi. Mən Zəngilanın işğalını çox yaxşı xatırlayıram. Həmin vaxt səs-küy saldılar ki, ermənilər gəlir. Ancaq orada heç müharibə olmadı. Camaatı tökdülər Araza, Arazda boğulan-boğuldu, boğulmayan da keçdi İrana. Sanki ermənilər toy-balaban çala-çala gəlib Zəngilana girdilər. Beləcə, işğal etdilər Zəngilanı. Bir gün zəngilanlı bir qaçqın Sumqayıtda mebel almağa gedir. Görür ki, “şifoner” ona tanış gəlir. Arxasını çevirib görür ki, evindən çıxan mebeldir, şifonerə öz adı yazılıb. Bunu mənə hadisənin şahidi olan lap yaxın adam danışıb. Görürsünüz, necə talançıdırlar. Camaat qaçandan sonra onların mülklərini qarət edirdilər. Bunlara nə ad vermək olar? İndi bu insanların danışmağa haqqı varmı ki, desinlər ki, Heydər Əliyevin vaxtında rayonlarımız işğal edilib. Əli Kərimli və təmsil olunduğu komanda rayonları satmışdı, Heydər Əliyev təzədən nə edə bilərdi ki? - Yəni müdaxilə etmək gec idi? - Əlbəttə. Qarşısını almaq mümkün deyildi. Mən bu işlərin içərisində olan adamam. O vaxt Naxçıvana – Heydər Əliyevin yanına gəlmişdilər ki, məhz buradan İrəvana ikinci cəbhə açaq. Heydər Əliyev dedi ki, gedin verdiyiniz torpaqları geri qaytarın, sizin Naxçıvanla işiniz yoxdur. Əslində Əli Kərimligil Naxçıvanı da satmışdılar, ermənilərlə danışmışdılar. Ona görə də istəyirdilər ki, Naxçıvandan da Ermənistana atəş açılsın. - Eldar müəllim, amma qarşı tərəf iddia edirdi ki, Naxçıvanda ikinci cəbhənin açılmasına icazə verilməməsi ermənilərin bütün güclərinim Qarabağa yönəldilməsinə gətirib çıxardı. Buna münasibətiniz necədir? - Bunlar hamısı ağ yalandır. Onlar istəyirdilər ki, Naxçıvanı da ermənilər işğal etsin. Heydər Əliyev ora gedəndən sonra Naxçıvan insanı səfərbər oldu, torpaqlarını qorudu. Təəssüf ki, mənəm-mənəm deyən rayonların adamları alverin qurbanı oldular, hamısı torpağını qoyub qaçmağa məcbur qaldılar. Amma naxçıvanlılar buna getmədilər. Yadımdadır, 18 mayda mən Heydər Əliyevin namizədliyini irəli sürəndə ən böyük müharibə Sədərəkdə olmuşdu. Orada bizim xeyli sayda gənclərimiz şəhid oldu. Bunu həmin tarixdə ona görə etdilər ki, birdən Heydər Əliyev Bakıya gələr, Ali Sovetə seçilər. Qəsdən, Heydər Əliyevin başının qarışması, Bakıya getməməsi üçün belə addımlar atırdılar. İndi isə özlərini təmizə çıxartmaq üçün də hər cür iftira dolu bəyanatlar verirlər. Yaxşı, tutaq ki, Azərbaycan torpaqları işğal olunmuşdu, Əli Kərimli, niyə bu torpağı işğaldan azad edə bilmədiniz? Etməzdilər. Çünki onlar torpaq alveri edirdilər. Onlar xalqın sözün əsl mənasında düşməni olublar. - Onlar arqument gətirirdilər ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərlə bağlı qətnamələri var idi. Əgər hakimiyyət dəyişməsə idi, Kəlbəcər işğaldan azad olunacaqdı... - Bunlar boş sözlərdir. O zaman prezident Əbülfəz Elçibəy idi. Onun əlindən tutub gətirirdilər ki, bu, Azərbaycanın prezidentidir. Onun nə danışmağa dili, nə də arqumenti var idi. Bir prezident ki, deyə oranı bağlayaq, buranı bağlayaq, Qarabağ bizimdir, boş-boş danışırdı, onun siyasəti yox idi. O zamankı iqtidarın imkanı yox idi ki, hansısa beynəlxalq təşkilatın qəbul etdiyi qətnaməni həyata keçirsin. Savadsızlıq, təcrübəsizlik idi. Küçədən hakimiyyətə gələndən nə olacaq?! Mən o zaman deputat idim. Onlar parlamentdə siqareti yandırıb, stolun üstünə basırdılar. Onların biri-birinə nə söyüşləri varsa, hamısını mən eşidirdim. Ana-bacı söyüşləri işlədirdilər, o dərəcədə tərbiyəsiz idilər. Deyirdim ilahi, görəsən bunlardan xalqa rəhbər olacaq? Olmadılar. Hakimiyyətləri cəmi 1 il çəkdi. - Deyirsiniz ki, cəbhə hakimiyyəti torpaqlarımızı satdı. Onlardan həbsdə olanlar da var. Amma nəyə görə, biz onların hər birinin xalq düşməni kimi məsuliyyətə cəlb olunmasını istəmədik? - Dünyada belə bir məfhum var – adını demokratiya qoyublar. Həmin Əli Kərimli kimi insanlar xarici qüvvəllərə, ermənilərə satılmış insanlardırlar. Onlar Azərbaycanda erməniləri müdafiə etməklə məşğuldurlar. Çünki əvəziondə qrant alırlar. Yəni xalqını, torpağını, millətini öz şəxsi mənafeləri üçün satırlar. Necə ola bilər ki, Əli Kərimlinin övladları illərdir Londonda yaşayırlar, oxuyurlar, mən Eldar İbrahimov - 50 ildir, bu dövlətə qulluq edən biriyəm - mənim nəinki Londonda, heç bir xarici ölkədə heç nəyim yoxdur. Bundan sonra da ola bilməz. Çünki biz tərbiyə almışıq, o tərbiyəni itirə bilmirik. Amma onlar gecə düşünürlər ki, səhər gedib, kimdən rüşvət alacaqlar. Cəbhə dövründə camaata Türkiyədən taxıl əvəzinə “jmığ” alıb yedirtdilər. 16 milyon dollarlıq alver etdilər, Həmin adamlar o pulu götürüb aradan çıxdılar. Moskvada, başqa şəhərlərdə özlərinə ev aldılar. Bunu hamı bilir. O qədər belə misallar var ki... İndi hansı üzlə çıxıb Heydər Əliyev haqqında danışırlar? Heydər Əliyevin ən böyük yaxşılığı hakimiyyətə gələn kimi elə cəbhə hakimiyyətinə oldu. Müxalifət deyir ki, 15 iyunda nədən qurtulduq? Cavab birmənalıdır, Azərbaycan dövləti və xalqı sizin əlinizdən qurtuldu. Amma Heydər Əliyevin ən böyük yaxşılığı sizi dar ağacından qurtarmağı idi. Mənim Sürət Hüseynovla da münasibətim var idi, hər şeydən xəbərdar idim. Sürət deyirdi Prezident Aparatını dağıdacaq, orada dar ağacı quracaq, onları isə elə oradaca asacaq. Amma Heydər Əliyev buna imkan vermədi, onların canını qurtardı. - Bir vaxtlar belə fikir var idi, müxalifət partiyaları hakimiyyətə işləyir. İndi həmin qüvvələr xaricə işləməkdə qınanılır. Bəlkə onları elə iqtidar özü satın alaydı? - Biz onları satın alsaq belə Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə, onların dostluğu bizə lazım deyil. Çünki dediyim kimi, xarici qüvvələr imkan verməyəcək ki, onlar Azərbaycana xidmət göstərsin. İndi hansı müxalifətçinin xarici ölkədə evi, imkanı yoxdur? Bunu bütün Azərbaycan xalqı bilir. - Həmin qüvvələrinin hakimiyyətə təsiri nə dərəcədə ola bilər? Hakimiyyət bundan narahatdır? - Biz sadəcə bunların Azərbaycan vətəndaşı olduğuna təəssüf hissi kerçiririk. Yoxsa onların nəyəsə təsir imkanı sıfıra bərabərdir. Bu gün iqtidar və xalq birliyi var. Azərbaycan xalqı Heydər Əliyevi sevib, , xilaskar kimi qəbul edib. Doğrudan da, Heydər Əliyev gəldi, xilaskar kimi Azərbaycanı bəlalardan qurtardı. Azərbaycanda sabitlik, əmin- amanlıq yaratdı. Bu gün Azərbaycan özünün strategiyasını cənab Prezident İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirir. Bunlar dünyada çox mühüm layihələrdir. Azərbaycan Bakı-Tbilis-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və digər dünya səviyyəli layihələr həyata keçirməyə başladı və artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir. Ona görə, Azərbaycanın dünya çapında böyük hörməti var. Bunu isə gözü götürməyən dövlət çoxdur. Düşünürlər ki, Azərbaycan balaca dövlətdir, Avropanı enerji ilə təmin edir. Ölkə rəhbərliyinin Avropa ölkələrində gördüyü işlər uğurlarımızdır. Bütün bunlar hamısı bizim siyasətimizdi. - İddialar var ki, işğal olunmuş torpaqlarla bağlı məsələlər yenidən araşdırılsın. Siz düşünürsünüz ki, araşdırılsa, onlar hamısı həbs oluna bilər? - Onları araşdırmaq çox çətindir. İyirmi il ATƏT Parlament Assambleyasında Azərbaycanı təmsil etmişəm. ATƏT-in Minsk qrupu və digər təşkilatlar hamısı boş şeylərdir. Bu təşkilatlarda ona görə iştirak etməliyik ki, sözümüzü deyə bilək. Diqqət edin, ATƏT-in Minsk qrupunun həmsdərləri deyirlər ki, hər iki prezident (Azərbaycan və Ermənistan rəhbəri nəzərdə tutulr- Red) özündə siyasi iradə tapsın, danışsınlar, biz də razılaşaq. Əvvəla, razılaşacaqlarsa, sizə nə ehtiyac? Digər tərəfdən, Azərbaycan Prezidentinin siyasi iradəsi var, öz sözünü deyir. Ermənilər isə qaçır. Minsk Qrupunu təyin ediblər ki, məsələni həll etsin. Əgər bu təşkilat Qarabağ məsələsini həll edə bilmirsə, problemi prezidentlərin ixtiyarına buraxırsa, onda belə bir qurum nəyə lazımdır? Hesab edirəm ki, Minsk Qrupunun tərkibi də dəyişdirilməlidir. İldə bir dəfə hansısa ölkənin xarici işlər naziri sədr olur, regiona səfər edir, qayıdır. Amma həmin ikinci dərəcəli müavinlər isə biganədirlər. Yaxşı yadımdadır, “Daşnaqsütyun” Partiyasının sədri, ATƏT Parlament Assambleyasında iştirak edirdi. Mən bir dəfə ona dedim torpaqlarımızı işğal etmisiniz, bəs niyə öz adamlarınızı həmin torpaqlara köçürmürsünüz. Dedim sizin heç İrəvanda adamınız qalıb ki, Qarabağa da kimisə yerləşdirəsiniz? Ermənilərin sadəcə torpaq xəstəliyi var. Mən çox inanıram ki, gec-tez İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Bu məsələ yaxınlaşdıqca, Azərbaycanı həm xaricdə, həm də daxildə istəməyən qüvvələr hərəkətə keçirlər. Təxribatla, düşmənçiliklə məşğul olurlar. Bir daha bəyan edirəm ki, Azərbaycan dövləti bütün bu təxribatların qarşısını alacaq, torpaqlarımız işğaldan azad edilcək. Azərbaycanlılar mütləq öz tarixi torpaqlarına qayıdacaqlar. Buna tam ənim ola bilərsiniz. Çünki buna Azərbaycan dövlətinin gücü də,Azərbaycan Prezidentinin iradəsi də var.