Elçibəyin dostunun gizlədiyi sirr açıldı

 “Əleyhdarlarım danışırdılar ki, elə ağıl öyrədəndirsə, doktorluq müdafiəsini eləsin”
 
Türkiyədə yaşayan və çalışan politoloq Toğrul İsmayıl əməkdaşımızla söhbətində maraqlı bir məlumat verib. O deyib ki, atası, tanınmış alim, mərhum Əbülfəz Elçibəyin ən yaxın dostu Rafiq bəy İsmayıl 80 yaşının astanasında müdafiə edərək elmlər doktoru olub. Toğrul bəy zarafatyana bu yaşda müdafiə edən atasının hətta “Ginnesin Rekordlar Kitabı”na düşə biləcəyini də vurğulayıb. Bizim üçün də yeni olan bu xəbərlə bağlı Rafiq bəylə danışmaq istədik.
- Rafiq bəy, doktorluğu hansı mövzu üzrə müdafiə etdiniz?
- Mənim tədqiqatım, ümumiyyətlə, ərəb ölkələrinin orta əsrlər dövrünə aiddir və Misir tarixi ilə bağlıdır. Müdafiə etdiyim mövzuda Abbasilər dönəmində Misirin sosial-iqtisadi və siyasi durumu toplanır. Burada əsasən Misirdə türk döyüşçülərin siyasi, hərbi həyata gəlməsi, ölkənin idarə olunmasında başlıca qüvvəyə çevrilməsi və məhz türklərin sayəsində Misirin Abbasilər xilafətinin tabeliyindən çıxıb müstəqil bir dövlətə çevrilməsi məsələlərini tədqiq etmişəm, səbəb, nəticələrini və s. araşdırmışam. Həmçinin türklərin Misir tarixindəki rolunu qismən də olsa, aydınlaşdırmağa cəhd göstərmişəm.
- Sizin doktorluğa gedən yolunuz, apardığınız araşdırmalar neçə il davam etdi?
- (Gülür) Mənim namizədlik müdafiəm 1971-ci ildə olub. O zaman vaxtından da bir il tez işimi qurtardım və müdafiə etdim. Sonrakı dövrdə müəyyən səbəblər oldu ki, müdafiəm gecikdi. Əsas günah da mənim özümdəydi. Moskvada qərar çıxartdılar ki, dissertasiya rusca yazılmalıdır. Bunu yazmaq, tərcümə etmək və s. kimi məsələlər psixoloji cəhətdən mənim işimə yaramadı, ona görə bir qədər gecikdim. Sonra müdafiə etmək istədim, başımız inqilaba qarışdı. Bizi yıxandan sonra isə mənim rəhbərim rəhmətlik Ziya müəllim idi. Ziya Bünyadov hər zaman təkidlə deyirdi ki, “Rafiq, müdafiə elə!” Mən də bu gün-sabah deyirdim. Ancaq Ziya müəllimin başına o hadisə gələndən sonra baş verənlər məni çox ruhdan saldı. Bundan sonra bir müddət də elmi işdən aralandım. Sonra ümumiyyətlə, vaz keçdim, dedim, əşi, müdafiə etmirəm, onsuz da doktor oldun, ya namizəd oldun, nə fərqi var?
- Bəs yenidən, özü də bu yaşda müdafiə qərarı verməyinizə təkan verən nə oldu?
- Mən müsahibələr verirdim. Bu zaman əleyhdarlarım danışırdılar ki, elə ağıl öyrədəndirsə, doktorluq müdafiəsini eləsin. Mən də dedim müdafiə edərəm. Ona görə də girişdim bu işə, tez bir müddətdə elmi işimi hazırladım.
- Nə qədər çəkdi?
- Çoxdan işləyirdim, bəzi məqalələrim var idi. Onların hamısını toparladım, 4 ilə hazırladım.
- Yəqin ki, xarici ölkələrdə də məqalələriniz çap olunub.
- Hə, Türkiyədə, Özbəkistanda, Ukraynada məqalələrim çap olunub, məruzələrlə çıxış eləmişəm. Türkiyədə dəfələrlə beynəlxalq xarakterli konfranslara qatılıb çıxışlar etmişəm.
-Elmi rəhbəriniz kim oldu?
- Dediyim kimi, rəhmətlik Ziya müəllim idi. Sonrakı dövrdə də rəsmən Ziya müəllim qalmışdı. Amma mən müdafiə edəndə rəhmətə getdiyi üçün akademik Nailə Vəlixanlını elmi məsləhətçi kimi yazdım.
- Və bu il müdafiə etdiniz, eləmi?
- Yox, üç il öncə.
- Bəs niyə indiyə qədər ictimailəşdirməyə ehtiyac görməmisiniz? Toğrul bəy sözarası deməsə, biz də bilməyəcəkdik.
- Özüm əhəmiyyət verməmişəm. Dost-tanış bilir, vəssalam. Mən heç zaman belə məsələləri yazmıram, özümü doktor, ya professor kimi təqdim eləmirəm.
- Neçə yaşınızda oldu?
- 75 yaşımda. İndi artıq 78 yaşım var. O zaman yenə də müəyyən maneçiliklər oldu. O məqalə elədi, bu belədir. Hər nə dedilər, elədim. 3-4 il də vaxtım buna getdi. Bütün sözləri kəsiləndən sonra aparıb verdim. Ancaq yenə də təqdimat yazmırdılar. Nəhayət, təqdimat da oldu. Elə bir təcrübə yoxdur ki, müdafiə etmək üçün rektor icazə versin, amma hər şey mərkəzləşdirilib.
- Əsas odur ki, nəticə əldə etdiniz...
- Hə, uzun sözün qısası, dedilər, bizdə mütəxəssis yoxdur, bunu xarici rəyə göndərməliyik. Dedim, a kişi, bizim kafedrada 3 mütəxəssis var, Nərgiz xanım və Sani müəllim.
- Siz hazırda Bakı Dövlət Universitetinin professorusunuz, eləmi?
- Bəli, BDU-da işləyirəm. Elmlər doktoruyam. Professor yeri veriblər, mən də ərizəmi təqdim etmişəm. Ona da icazə veriblər ki, professor seçilim. Bu da Elmi Şurada, ya da sentyabrda olacaq. Hər halda, professor kimiyəm (gülür).
- Toğrul İsmayıl etiraf edir ki, atam bu yaşında bizdən çox çalışır, işləyir, çap olunur. Maşallah olsun!
- Hə, kitablar, məqalələr yazıram, xarici ölkələrdə çap olunuram. Bugünlərdə bir kitabım çıxdı, “Abbasilərin ictimai-siyasi və hərbi həyatında türklər” adlı. Başqa bir kitabım da çıxacaq, ərəb ölkələrinin çağdaş tarixi ilə bağlıdır, 1900-cü illərdən başlayaraq bu günə qədər. Bu kitab iki hissədən ibarətdir, bir kitab çıxıb, ikincisi də çapdadır.
- Dostunuz rəhmətlik Əbülfəz Elçibəy müdafiə ilə bağlı sizə nə deyirdi? Heç Əbülfəz bəy də doktorluğu müdafiə etmədi...
- Elədir. Söhbətlərimiz olurdu. Rəhmətlik Ziya müəllim çox təkid edirdi. Amma Əbülfəz bəy də deyirdi “müdafiə elə, boşluqdur”. Deyirdim, nə fərqi var e, doktor, ya namizəd oldun, hər ikisi eynidir. Amma sonrakı illərdə inada düşdüm, doktorluğu müdafiə elədim...
- Arzumuz budur ki, 80 illik yubileyiniz sizə layiq şəkildə qeyd olunsun.
- İnşallah!