“Elçibəyi inandırdıq ki, Heydər Əliyevin Bakıya gəlişi...” - Fəzail Ağamalı 4 iyun qiyamı HAQDA

Baxış sayı:
14125

Hər ilin bu günlərində 4 iyun qiyamı ilə bağlı ən müxtəlif iddialar ortaya çıxır. “1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qiyam qaldırılmasaydı, Dağlıq Qarabağı itirməyəcəydik” kimi mövqelərə də rast gəlinir. Belə fikirlər var ki, 4 iyuna qədər itirilən Xocalı, Şuşa, Laçın və Kəlbəcər geri qaytarılacaqdı, qiyamdan sonra itirilən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan da işğal olunmayacaqdı. 26 il öncəki iyun hadisələri zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olan, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında ciddi faktlar açıqladı. O, “4 iyun hadisələri əslində Moskvanın hazırlamış olduğu və əbədi olaraq Azərbaycanı təsiri altında saxlamaq planının tərkib hissəsi idi” deyə qeyd etdi: “Bir qayda olaraq Rusiya kimi dərin dövlətlərdə onun maraqlarını təmin edə biləcək bu və ya bunabənzər layihələr hazırlanır, kodlaşdırılır və çevrədə yerləşdirilir. Zamanı yetişəndə bu layihələr işə salınır və həmin məqsədlər üçün konkret addımlar atılır. Rusiya tarix boyu belə edib. SSRİ süqut edəndən sonra Azərbaycan, xüsusi olaraq Qafqaz kimi son dərəcə strateji əhəmiyyət kəsb edən bir məkanı əldə saxlamaq üçün baxın görün, Kreml nə etdi: Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya, Azərbaycan və Ermənistan üçün isə Dağlıq Qarabağ problemi yaratdı. Bu günə qədər də məhz bu məkrli plan əsasında Qafqazda hansı proseslərin getdiyi hər birimizə məlumdur. Eyni zamanda, Krım problemi də yaradılıb. Bütün bunları nümunə göstərməklə demək istəyirəm ki, 4 iyun qiyamı Rusiyanın hazırlamış olduğu planın tərkib hissəsi idi. Həmin dövrdə Xalq Cəbhəsinin səriştəsiz, düşünülməmiş hakimiyyəti və onun həyata keçirmiş olduğu siyasət buna geniş imkanlar yaratdı. Bu gün həmin dövrə nəzər salanda demək lazım deyildi ki, Rusiya Azərbaycanın düşmənidir, yaxud demək lazım deyildi ki, biz bayrağı Çində sancacağıq və s. AXC-Müsavat cütlüyünün zəif hakimiyyəti, ölkədə bütün sahələri bürüyən böhran belə hadisələrin baş verməsini yetişdirirdi. Digər tərəfdən Rusiyanın maraqlarının tam əksinə hərəkət edən rəhmətlik Əbülfəz Elçibəyin millətçiliyi Kremli son dərəcə qıcıqlandırırdı. Moskva çalışırdı ki, Azərbaycanda Elçibəy hakimiyyətini devirsin, özünə münasib, özünün maraqlarını təmin edən hakimiyyəti yaratsın. Bunun üçün onların əllərində konkret adamlar da var idi. Bu Rəhim Qazıyev, Əlikram Hümbətov və Surət Hüseynov idi. Yaxınlarda Pənah Hüseyn də bu tipli mövqeyinin üzərində dayandı və mən onun fikirləri ilə tamamilə şərikəm. Yaranmış olan situasiyadan istifadə edərək Surət Hüseynovun fəallaşmasından, sonradan onun səlahiyyətlərinin əlindən alınmasından sonra ona qarşı atılmış olan kəskin addımlar məhz Rusiyanın Surət Hüseynov amilindən istifadə etməsinə şərait yaratdı. Ona “hərəkət et” əmri verildi. Surət Hüseynovun Şerbakla çox yaxın əlaqələri var idi. Şerbakın isə rəhbərlik etdiyi rus hərbi hissəsi faktiki olaraq bütün imkanları ilə Surətə, Rəhim Qazıyevə və Əlikram Hümbətova dəstək verirdi. Beləliklə, Surət Hüseynov Kremlin diktəsi ilə hakimiyyətə yiyələnmək üçün hərəkətə keçdi. Hakimiyyətin gücsüzlüyü, dişsizliyi, qeyri-müəyyənliyi və digər amillər nəticəsində Surət Hüseynov qısa müddətdə Hacıqabula qədər gəlib çıxdı. 1993-cü ilin 5-6 iyununda vəziyyət olduqca ciddi idi. Hətta qorxunc şayiələr gəzirdi ki, yaxın saatlarda Surət Hüseynov Prezident Sarayına hücum edəcək. Belə bir durumda Əbülfəz Elçibəy Azərbaycan xalqı qarşısında çox böyük və ciddi xidmət göstərdi. Xalqın iradəsini önə çəkərək, ona söykənərək Heydər Əliyevin Naxçıvandan Azərbaycana dəvət olunması missiyasını həyata keçirdi. İyun qiyamı baş verən zaman əmək və əhalinin sosial müdafiə nazirinin birinci müavini kimi, Hökumət Evində otururdum. Qonşuluğumda Becan Fərzəliyevin ofisi var idi. İyunun 5-də o, yanıma gəldi və məsləhətləşdik. Ona söylədim ki, dövlət müstəqilliyini xilas etmək, Moskvanın planını pozmaq üçün hökmən Heydər Əliyevi Bakıya dəvət etməliyik. Onun Heydər Əliyevlə o zaman bəzi problemləri olsa da, insafən mənimlə razılaşdı. Əbülfəz Elçibəylə telefonla danışıb, mənim də adımı çəkdi və dedi ki, mən Fəzail bəylə bərabərəm, Heydər Əliyevin Bakıya dəvət olunmasını düşünürük. Əbülfəz bəyin nə dediyini bilmədim”. Deputat o vaxt xalqın aktiv şəkildə ayağa qalxdığını da söylədi: “O vaxt xalq qaynayırdı. Xalqın mütləq əksəriyyəti Heydər Əliyevin Bakıya dəvət olunmasını açıq şəkildə tələb edirdilər. Belə bir zaman kəsiyində - Milli Məclisdə müzakirələrin getdiyi bir vaxtda nazir müavini kimi mən də orada iştirak edirdim. Tədbirin yarısında həmin vaxt maliyyə naziri işləyən Saleh Məmmədovla birlikdə idik. Ona dedim ki, Elçibəyin yanına gedək və deyək ki, dövlətin nicatı Heydər Əliyevin Bakıya dəvət olunmasıdır. Biz bərabər qalxaraq Milli Məclisin o zamankı sədri İsa Qəmbərin otağında əyləşən Elçibəyin yanında təxminən 40 dəqiqə olduq. Mən də, Saleh Məmmədov da müstəqilliyimizin nicatı üçün Heydər Əliyevin Bakıya dəvət olunmasının zəruriliyi ilə bağlı Əbülfəz Elçibəyi inandıra bildik. O bizə etiraz etmədi, amma “hə” də demədi. Lakin düşündük ki, istədiyimizə nail ola bildik. Biz o zaman hadisələrin təkcə şahidi deyildik, həm də iştirakçısı idik. Proseslərin sonunda Elçibəy Heydər Əliyevi Bakıya dəvət etdi. Bununla çox müsbət addım atıldı. Heydər Əliyev məsuliyyəti öz üzərinə götürərək, təkbaşına Kremlin Azərbaycanda həyata keçirmək layihəsini alt-üst etdi. Bugünkü nailiyyətlərimizin bünövrəsi məhz o zaman qoyuldu. Nəzərə alaq ki, Moskvada olan vaxt Yeltsinlə Heydər Əliyev arasında problemlər yaşanmışdı. Onu da xatırladım ki, o vaxt ulu öndərimiz Rusiyaya səfər edəndə Yeltsin əsəbi halda otağında var-gəl etmişdi, bu, kadrlarda qalmış olar. Moskva 4 iyun qiyamında öz məqsədinə nail olmadığı üçün Azərbaycanın 1993-cü ilin sonlarına qədər Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalına start verdi, buna da nail oldu. Bu tarixə yazılmış faktlardır. 4 iyun qiyamını alt-üst edən Heydər Əliyev və Əbülfəz Elçibəyin birgə atdıqları addımlar oldu. Onların birgə qurduqları planın, heç şübhəsiz ki, xalqımızın burada oynamış olduğu rolun son dərəcə əhəmiyyəti oldu. Həmin vaxt Ayaz Mütəllibov Moskvada yaşayırdı. Rusiya onun, Rəhim Qazıyev və Surət Hüseynovun arasında Azərbaycanda hakimiyyəti bölüşdürmək istəyirdi. Mütəllibov prezidentliyə təzədən qaytarılmalı idi, digər iki şəxs isə payını almalı idi”./musavat.com