​DSMF-in məhkəmə qərarı olmadan pensiyanı azaltması, kəsməsi özbaşınalıqdır

Baxış sayı:
6997

DSMF-in pensiya təminatına cavabdeh olan qurumlarının özbaşına , kefi istəyəndə pensiyaları kəsməsi, azaltması qanunsuzdur. “Əmək pensiyaları haqqında” qanunun 39.1 maddəsi bu özbaşınalığı qadağan edir: “ Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği ƏMƏK PENSİYAÇISININ RAZILIĞI ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda MƏHKƏMƏ qaydasında tutulur”.
Niyə qanuna əməl edilmir? Vətəndaşın pensiyası niyə məmurun “kefinə” uyğun kəsilir ? Özbaşınalıq “kefi” o həddədir ki, hətta məhkəmə qərarı ilə ayrılan pensiyanı və pensiyaya əlavəni kəsirlər. Belə sosial təminat hüququ olar? Belə çıxır, pensiya, sosial təminat orqanları qanundan, Konstitusiyadan xəbərsizdirlər. Bu xəbərsizliyi ləğv edilən qanunla verilən əlavələrin qanunun ləğv edildiyi tarixdən kəsilməsi qanunsuzluğu sübut edir. Halbuki Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi qanunun geriyə qüvvəsinin olmadığını, yalnız şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran aktlarln geriyə qüvvəsinin olduğunu doğrulayır. Hansısa qanun ləğv olunursa, o qanun əsasında vətəndaşa tətbiq olunan güzəştlər, maddi hüquq ləğv oluna bilməz axı! Elə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanun 1992-ci ilin 29 aprelindən “ Əmək pensiyaları haqqında” qanun 06.02.2006-cı ildə qəbul olunana kimi 14 il qüvvədə olub. DSMF məmurlarının qanunsuz məntiqinə görə, həmin 14 il qüvvədə olan qanunla verilən pensiyaya əlavələr kəsilməlidir?! Absurd deyilmi? “Əmək pensiyaları haqqında” qanunun 26.1 maddəsi də bu kəsilməni qadağan edir: “Əvvəllər təyin edilmiş pensiyanın ümumi məbləği dəyişdirilmədən ( bütün əlavələr, ləğv edilmiş güzəştlərin əvəzi kompensasiyalar və s.) şərti çevrilməsi aparılır”. Bəs niyə hərbi əlillərin, qazilərin...əvvəllər təyin edilən pensiyalarından Prezidentin 26.01.2001 tarixli, 613 saylı fərmanı , 29.12.2000 tarixli, 597 saylı sərəncamı ilə ayrılan toplam 40 manatlıq və s. əlavə kəsilib və bərpasına da qadağa qoyulub? Bəs Hesablama Palatası, Maliyyə Nazirliyi, Baş prokurorluq ,( Ombudsmanın hüquq müvəkkilliyi 3-5 manat qarşılığında poçtalyonluqdan o yana keçmir) büdcənin təyinatı üzrə yox, məmurun cibinə xərclənməsinə niyə susur?
Əlillər, qazilər , veteranlar, pensiyaçılar bu özbaşınalıqdan hara getsinlər? Hara gedirlər qanunsuzluq, özbaşınalıq hökm sürür. Qazilərin, əlillərin, pensiyaçıların halına yazıq! Qanun, Konstitusiyanın ŞAH olmalı olduğu respublikada məmur özbaşınalığı qanundur!(?)
Məğrur BƏDƏLSOY