“DSMF-dən bildirdilər ki, get, 67 yaşın olanda gəlib müraciət edərsən” – 65 YAŞLI BAKI SAKİNİNƏ PENSİYA NİYƏ VERİLMƏYİB...

Baxış sayı:
22417

Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 12-də qeydiyyatda olan, Xəzər rayonu, Bilgəh qəsəbəsi, Həci Hacağa küçəsi ev 36-da yaşayan Canbaxışov Cavanşir Kamal  oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Bir Azərbaycan vətəndaşı kimi, qanunvericiliyə uyğun olaraq, yaşa görə pensiya hüququmdan istifadə edib, pensiyaya çıxmaq istəyirəm. Mənim bu il 65 yaşım olduğuna görə pensiyaya çıxmalı idim. Lakin çox təəssüflər olsun ki, 1971-ci ildən matros kimi əmək fəaliyyətinə başladığımdan və 2006-ci ilə qədər müxtəlif sahələrdə əmək fəaliyyətində olmağıma baxmayaraq, üst-üstə 26 il staj sahibiyəm. Məni Sosia Təminat Nazirliyinin DOST xidmətindən, DSMF-dən bildirdilər ki, “get, 67 yaşın olanda gəlib müraciət edərsən”. 
Axı hazırda Azərbaycanda kişilər 65 yaşdan əmək pensiyasına çıxırlar. 2006-cı ildən səhhətimdə yaranan problemlərlə bağlı əmək fəaliyyətini davam etdirə bilmədim. Tromblaşma xəstəliyim olduğuna görə. İndi məndən tələb edirlər ki, sənin sosial kartın yoxdur, get kart al.
Nazirliyin idarəsi təqdim etdiyim əmək kitabçama inanmır. Deyirlər ki, get işlədiyin bütün idarə və müəsssələrdən arayış gətir, təqdim et ki, sən həqiqətən əmək kitbaçasında qeyd edildiyi kimi həmin idarələrdə işləmisən.
Bir neçə idarədən belə bir arayış ala bilsəm də, əsas iş yerim olan Azərbaycan Dəmir Yolları İdarəsindən belə arayışı alıb gətirə bilmədim. İdarədən dedilər ki, bütün sənədlər it-bata düşüb. İndi bu qoca və xəstə vaxtımda qapılara düşüb arayışların hamısını toplamaq qeyri-mümkün olub. Axı, mən əlimdəki əmək kitabçasını təqdim edirəm ki, ən azı 26-27 il əmək stajına malikəm. Mən möhürlü, imzalı əmək kitabçası təqdim etsəm də, baxmaq istəmirlər. Necə olur ki, bu vaxta qədər bütün dünya ölkələrində əmək kitabçasına əsasən vətəndaşlar pensiyaya çıxdığı halda, bizim ölkədə bu sənədə əhəmiyyət vermirlər? O zaman qoy nazirlik zəhmət çəkib mənim əmək kitabçamı ekspertiza şöbəsinə göndərsin. Əgər hər hansı saxtakarlıq halı qeydə alınarsa, məni ömürlük pensiya hüquqmdan məhrum etsinlər.
Mən fiziki şəxsəm və bəyan edirəm ki, əmək kitabçama edilən qeydlərin mənə heç bir dəxli yodur. Qoy DSMF özü mənim sənədimi yoxlasın, bu, onların vəzifə borclarıdır. Məni gedər-gəlməzə salmaqla nazirlik əməkdaşları sanki oyunbazlıqla məşğuldurlar.  Və sözün əsil mənasında bürokratiya və süründürməçilk edirlər. 
Çox hörmətli Prezident!
Hesab edirəm ki, mənim timsalımda digər insanlara qarşı da pensiya təyin olunmasının qarşısını bilərəkdən almış Əmək və Əhalinin Sosial Təminat Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondu rəhbərliyinin qanunazidd hərəkətlərinin qarşısı tezliklə alınmalı, qanunvericiliyə uyğun olaraq mənə əmək pensiyası təyin olunmalıdır. Odur ki, Sizdən xahiş edirəm, qanunvericiliyə uyğun olaraq mənə pensiya təyin olunmasına köməklik göstərəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.