​DİQQƏTLƏR BRÜSSELƏ YÖNƏLİB - Azərbaycanla Avropa İttifaqı anlaşa biləcək?

Qabil Hüseynli: “Brüsseldə hazırlanan sənəddən çox şey asılıdır”

Elxan Şahinoğlu: “Siyasi məhbus tələblərini həll etmək lazımdır”

Bu gün - noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci Şərq Tərəfdaşlıq Sammiti çərçivəsində Avropa İttifaqı ölkələrinin liderləri altı Şərq Tərəfdaşlığı ölkələrindən olan həmkarları ilə görüşəcək. Azərbaycan prezidenti İham Əliyev də sammitə qatılacaq və bu toplantı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Öncə onu qeyd edək ki, sammitin keçirilməsində məqsəd Avropa İttifaqı və Şərq Tərəfdaşlıq ölkələri arasında gələcək əməkdaşlıqla bağlı yeni planlar tərtib etmək və 2015-ci ilin may ayında Riqada baş tutan 4-cü Şərq Tərəfdaşlıq Sammitindən sonra əldə edilən irəliləyişləri müzakirə etməkdir.
Brüssel Sammitindən Azərbaycanın gözləntiləri böyükdür. Belə ki, Azərbaycan-Avropa İttifaqı arasında hazırlıq işləri aparılan daha geniş sazişin imzalanması gözlənilir. Hərçənd ki, dövlət rəsmiləri sazişin bu sammit çəriçivəsində imzalanmasını mümkün hesab etmirlər. Məlumata əsasən, sənəddə Avropa İttifaqı ilə razılaşdırılmayan məqamlar var ki, bu da sazişin imzalanmasına maneədir.
Azərbaycanla Avropa İttifaqı arasında razılaşdırılmayan məqamlar ölkəmizin ərazi bütövlüyünün tanınması və siyasi yöndə olduğu məlumdur ki, bu da bütövlükdə Azərbaycanın Avropaya inteqrasiyasını əngəlləyir.
 
“Sənəd elə hazırlanmalıdır ki, Azərbaycanın maraqlarına cavab versin”

Bu gün Brüsseldə keçiriləcək sammitlə bağlı “ümid edək ki, hər şey müsbət olacaq” deyən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə bildirdi ki, Brüsseldə hazırlanan sənəddən çox şey asılıdır: “Sənəd elə hazırlanmalıdır ki, Azərbaycanın maraqlarına, xüsusən Dağlıq Qarabağ məsələsinə cavab versin. Yenə də ərazi bütövlüyü məsələsi öz müqəddaratını təyinetmə prinsipləri ilə bir yerdə götürüləcəksə, onda Azərbaycan üçün həmin sənədin imzalamasında ciddi problemlər yaranacaq. Hər halda, Azərbaycan bu məsələdə konstruktiv mövqe tutmaq istəyir”.
 
“Azərbaycan nə Qərbin, nə də Rusiyanın təsiri altında prezident seçkilərinə getmir”
Q.Hüseynli sammitin nəticəsinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə birbaşa təsirinin olacağı haqda fikirlərə də münasibət bildirdi: “Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yeridir. Azərbaycan nə Qərbin, nə də Rusiyanın təsiri altında prezident seçkilərinə getmir. Belə şey ola bilməz”.
 
“Bizim əsas tərəfdaşlarımız Avropa İttifaqı ölkələridir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiya genişlənir: “Bizim əsas tərəfdaşlarımız Avropa İttifaqı ölkələridir. Bundan başqa bizim enerji resurslarının əsas ünvanı da Avropadır. Tikilən TAP və TANAP layihələrinin qazını Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya ötürmək istəyirik. Səhv etmirəmsə, bizim Avropa Birliyi ölkləri ilə hələ 9 il də strateji anlaşmamız var. İndi yeni strateji saziş üzərində iş gedir”.
 
 “Azərbaycanın Brüssel sammitindən ən böyük gözləntisi odur ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlyü məsələsinə həssas yanaşsın”
Şahinoğlu xatırlatdı ki, keçən sammitdə Azərbaycan prezidenti iştirak etmədi: “Müəyyən obyektiv səbəblər var idi, ancaq bu dəfə qatılacaq. Azərbaycanın Brüssel sammitindən ən böyük gözləntisi odur ki, bu toplantıda və digər gələcək toplantılarda Avropa İttifaqı Azərbaycanın ərazi bütövlyü məsələsinə həssas yanaşsın. Necə ki, Avropa İttifaqı Moldava, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, eləcə də Azərbaycanın əraiz bütövlüyünü dəstəkləsin və bu əsasda əməkdaşlıq qurulsun. Düşünürəm ki, hazırda gedən danışıqlar Avropa İttifaqı ilə Azərbaycana ciddi problemlər yaratmır. Üstəlik, dövlət başçısının özü də NATO tədbirində iştirak edib. NATO da Avropanın hərbi birliyidir, NATO ilə əməkdaşlıq davam edir. Baxmayaraq ki, Azərbaycanın Avropa Şurası ilə münasibətlərində müəyyən problemlər var, suallar yaranır, amma NATO və Avropa İttifaqı ilə əməkdaşlığında problemlər yaranmayacaq. Çünki hər iksi ilə əməkdaşlıq bizim iqtisadi və təhlükəsizlik maraqlarımıza cavab verir”.
 
“Avropa ölkələri ikili stndartlardan çıxış etməyəcəklərsə, birmənalı şəkildə Azərbaycana bu mənada dəstək verməlidirlər”
“Avropa İttifaqı Azərbaycanın əraz bütövlüyünü dəstəkləyəcəkmi” sualına E. Şahinoğlu belə cavab verdi: “İndi Avropada müxtəlif qüvvələr var. Bu qüvvələr fərqli maraqlara xidmət edir. Bəzi qüvvələr “Azərbaycan ərazisi” sözünə dəstək verir, bəziləri Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir. Düşünürəm ki, İspaniyada baş verən Kataloniya hadisəsi, yəni referendum keçirilməsi bu məsələyə də təsir edə bilər. İspaniyanın ərazi bütövluyünü tanıyan Avropa ölkələri ikili stndartlardan çıxış etməyəcəklərsə, birmənalı şəkildə Azərbaycana bu mənada dəstək verməlidirlər. Onu nəzərə almaq lazımdır ki, Avropa Parlamenti ildə iki dəfə Qarabağla bağlı qətnamələr səsə qoyur və həmin qətnamalərdə Azərbaycanın maraqlarına uyğun Azərbaycanın ərazi bütövlüyü birmənalı vurğulanır”.
 
“Əslində, biz gərək, heç kimdən tələb və ya şərt gözləməyək”
Elxan Şahinoğlunun fikrincə, siyasi, iqtisadi, məhkəmə islahatlarını sürətləndirmk lazımdır: “Buna bizim ehtiyacımız var. Əslində, biz gərək, heç kimdən tələb və ya şərt gözləməyək. Özümüz siyasi, iqtisadi və məhkəmə islahatlarını sürətləndirməliyik ki, Avropa standartlarına yaxınlaşaq və bu mövzularda bizə qarşı suallar yaranmasın. Düşünürəm ki, siyasi mövzuları və yaxud Avropanın siyasi məhbus tələblərini də həll etmək lazımdır ki, münasibətlərdəki son gərginlik və suallar da ortadan qaldırılsın”.
 
“Bu, Azərbaycanın Avropaya inteqrasiyasının növbəti bir mərhəsidir”
“Bir sammitə və yaxud prezidentin hər hansı bir tədbirdə iştirakına böyük hədəf kimi baxmaq lazım deyil. Belə toplantılar tez-tez olur. ATƏT-də, BMT-nin sessiyasında da toplantılar olur. Orada da dövlət başçısı iştirak edir. Bu toplantıların prezident seçkilərinə, Qarabağ münaqişəsinə həllini sürətləndirməsinə təkan verəcəyini gözləmək lazım deyil. Ona görə, buna bir mərhələ kimi baxmaq lazımdır. Bu, Azərbaycanın Avropaya inteqrasiyasının növbəti bir mərhəsidir”, - dedi politoloq.
 
“Razılaşma olmasa, prezident özü də getməyə razılaşmazdı”
Şahinoğlu Avropa İttifaqı ilə Azərbaycan arasında razılq əldə olunmayacağına inanmır: “Razılıq əldə olunmasa idi, heç prezident toplantıya yollanmazdı. Demək ki, ilkin danışıqlar var və yekun sənəd üzərində də hazırlıq işi gedir, müəyyən razılaşmalar olacaq. Bəzən olur ki, razılaşmalar konfranslardan, toplantılardan öncədən həll olunur. Razılaşma olmasa, prezident özü də getməyə razılaşmazdı. Demək bu, Azərbaycan üçün vacibdir və müxtəlif istiqamətlərdə danışıqlar gedir. Ola  bilsin ki, sammitin gedişatında müəyyən tələblərimiz oldu, o tələblər yerinə yetirilməyə də bilər. Düşünürəm ki, bu istiqamətlər də qarşdurma ilə deyil, dialoq yolu ilə həll olunacaq”.