DİLİMİZ - MİLLİ KİMLİYİMİZ! - Dil, ünsiyyət, kültür və millət

Baxış sayı:
16222

II YAZI       

Aynur TALIBLI, Tarix və mədəniyyət araşdırmaçısı, İstanbul, 2019

Tarixdə nüfuz qazanmış millətlərin və onların kültürlərinin, mədəniyyətlərinin var olduğunu göstərən ən öndə dəlil heç sübhəsiz ki, onların dilləridir.  Məhz bu da bilinir ki, bir milləti oluşduran, meydana gətirən təməl bağlardan - qavramlardan biri və ən əsası dildir.  Bu araşdırmamızın mövsuzu dil qavramı, dil və düşüncə arasındakI əlaqə, dilin millətin və millətlərin kültürlərinin meydana gəlməsindəki rolu, biz Türklərin dili və ortaq Türkçənin önəmi olacaqdır.
Dil qavramı haqqında çox tanım vardır. Əski zamanlardan bəri dilçilər (dilşünaslar) tərəfindən “dil” qavramı müxtəlif şəkillərdə tanımlanmış olsa da, bu tanımlar arasında bir-birini hökmən boşa çıxaracaq düzeydə bir fərqlilik mövcud deyildir.
Bunlarin bir qismi belədir: Tarixsəl, toplumsal və kültürəl bir olqu - qavram  olaraq dil insanın özünü və dünyanı anlamasını təmin edən və insanlar ilə ilətişimi - ünsiyyəti  və anlaşmanı mümkün edən təməl insani yetidir. Məşhur dilşünas, Türkoloq Muharrem Erginin düşüncəsinə  görə isə “Dil insanlar arasında anlaşılmayı təmin edən təbii bir arac – vasitə, özünəməxsus  yasaları – qanunları olan və ancaq bu qanunlar çərcivəsində  gəlişən - inkişaf edən canlı bir varlıq, təməli bilinməyən  zamanlarda atılmış  gizli anlaşmalar sistemi, səslərdən hörülmüş  toplumsal bir qurumdur”. Bu tanıma görə dil, yüzillər boyu gəlişərək meydana gəlmiş sosial bir qurumdur. Milləti birləşdirməkdə və qorumada təsirli güclü bir ortaq mirasdır. Başqa bir ifadəylə dil təbii və sistemli bir anlaşma vasitəsidir; milli kültürün aynası və daşıyıcısıdır; toplumun kültürəl dəyərlərini ifadə etmək üçün vasitə olaraq birlik və bütünlüyü meydana gətirməkdə təsirli bir ünsürdür.
Prof.dr. Necip Üçokun dil haqqında maraqli bir tanımı belədir: “Bir-birinin dillərində anlamayan iki insanı bir yerdə bağlayıb  dünya ilə əlaqələrini kəsəlim. Bir zaman sonra onların əlləri ayaqları, qaşları gözləri ilə işarətdən başlayaraq yavaş- yavaş birbirlərinə duyqu və istəklərini, gördükləri işləri bildirməyə yarıyacaq, anlatmaq qüdrətində olan bir vasitə meydana gətirdiklərini görərik. Ən geniş mənasıyla, yəni bir anlaşma vasitəsi olaraq əllər, ayaqlar və bənzəri araçlarla-vasitələrlə  edilən işarətləri də içinə alan bu müəssəsəyə-biz dil adını veririk. “Dil “kəliməsi bizim hafizəmizdə canlandırdığımız xəyal anlam və kəliməyə əsaslanan, yəni  eşitmə duyğumuza xitab edən səslərdən meydana gəlmişdir. Bu baxımdan tədqiq edildiyi zaman da səslərdən meydana gəlmiş dil eyni ilə qoxu, mimik, işarət dili kimi bir simvollar sistemidir”.
E.Winklerin söylədiyi kimi dil, bir topluluğun bütün keçmişi və həmçinin kültürünü, mizaç-xarakteri və təbiətini, duyqu və həssasiyətini, görənək və gələnəyini əks etdirən bir aynadır.
Prof.dr. Mehmet Kaplan dilin tanımını üç boyutda (ölçüdə) irəli sürmüşdür: Genəl tanımı ilə “dil, bəzi səs və ya səs qruplarının o şeylərin xəyalını uyandırması sürəcindən ibarətdir”, işləvi baxımından “dil, vasitədən başqa bir şey deyildir”, mənəvi baxımdan isə “dil, həyatın aldığı bir şəkildir və millətin çağlar boyunca yaşadığı tarixin adəta özətidir – yansımasıdır”.
Başqa bir deyimlə, dil insanlar arasında anlaşmayı təmin edən təməl qurucu ünsürdür. İnsan öncəliklə öz dilinin içində doğular və beləcə öz şəxsi varlıq alanını meydana gətirər. Dil şəxsin və ya fərdin varlıq alanının səs, yazı və bədən dilinə dönüşmüş halıdır. Hər millət və onu oluşduran bireylər öz dil aləmində kimlik qazanır. Bu baxımdan dil keçmişdən gələn qiymətlərin - dəyərlərin, zehniyyət və psixolojinin, fərd və cəmiyyətin bir ifadəsidir. Şahin (2014: 828).
Dil ictimai bir müəssəsə olaraq insanlar arasında anlaşmayı təmin edən bir arac (Ergin, 2009:3); toplumda ortaq dəyəri olduğu üçün sosial bir qurum (Karataş, 2009:11) və çoxyönlü, fərqli özəllikləri olan qeyri-adi bir varlıqdır(Aksan, 2007:11). Tanımlardan da görüldüyü kimi dilin toplumsal özəlliyi önə çıxarılır. Akarsuya görə, dil danışıldığı toplumun özəlliklərini ən yaxşı əks etdirən ünsürdür. Toplumun ortaya qoymuş olduğu kültürəl izləri dil ilə özünü göstərir. Platon Kratylos adlı  kitabında dili "öz şəxsi düşüncələrini səsin yardımıyla özünə və   yükləmlər aracıyla anlaşılan  duruma gətirmək" biçimində tanımlamışdır.  
Şərqdə və Türk İslam dünyasında qurulan ilk demokratik cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadə dili sosial bir olgu (ictimai bir amil) olaraq dəyərləndirir və dil haqqında düşüncəsi belədir: “İnsanlar arasında toplumsal dokuyu (cəmiyyəti)  təşkil edən iki önəmli amil vardır. Bunlardan biri din, digəri də dildir. Bilindiyi kimi din müxtəlif dillərlə yaşana bilir. Din müxtəlif cinsdən olanları birləşdirdiyi  halda, dil ancaq bir növdən və bir cinsdən olan insanları birləşdirir”.
“Həqiqətən də dil milləti ən gözəl təmsil edən amildir. Millət dil aracılığıyla (vasitəsiylə) özünü (məziyyət və mövcudiyyətini) anlada bilir. İnsan oğlunun sözü riyaziyyat və ya fənni qavramları andıran qarmaşıq kimya oyunları və ya simgələr deyildir. Canlı bir qavramdır, onun qanı vardır, canı vardır. Millətlə bərabər doğular, onunla birlikdə yaşar və tərəqqi edər- gəlişər”(“Şelale” dergisi, 10 Ağustos 1913, Sayı: 27.)
 Sizlərlə dilçilər və düşünürlərin “dil” qavramı haqqındakı müxtəlif  tanımlarını bölüşdüm  və mühüm bir fərqlilik olmadığına şahid olduq. Amma dil qavramına dair bir çoxumuzun bildiyi və ən sadə tanım isə belədir: “DİL İNSANLARA ARASINA ÜNSİTYYƏT YƏNİ İLƏTİŞİM ARACIDIR-VASİTƏSİDİR”. Biz dilin önəmini daha dərindən anlamaq üçün bu tanımlamanı məna baxımından açmalıyıq. Deyirik ki, “Dil ünsiyyət – ilətişim vasitəsidir”. Öncəliklə “ünsiyyət” və ya “ilətişm” nədir və ünsiyyət dediyimizdə nə nəzərdə tuturuq? Sosial - toplumsal bir varlıq olan insan davamlı olaraq çevrəsiylə təsirlənmə və əlaqə qurmaq ehtiyacı içərsindədir. İnsanın bioloji bir varlıqdan toplumsal bir varlığa dönüşməsini təmin edən ən önəmli ünsurun də ilətişim - ünsiyyət olduğunu söyləmək mümkündür (Tuna, 2012, s.3). İlətişim qavramının kökəni Latınca “communis” terminindən gəlmişdir, İngiliscə və Fransızcadakı “communication” sözünün qarşılığı olaraq dilimizdə  istifadə edilir.  İlətişim duyqu, düşüncə və istəklərimizi anlatmaq, bir-birimizlə sosial və mədəni əlaqələr qurmaqdır. Biz bunu səslə və ya yazılı yol ilə edirik. Yəni dil insanların  düşündükləri və duyqularını  bildirmək üçün sözcüklərlə və ya işarətlərlə etdikləri anlaşmadır (TDK,2005). Dil kültür və mədəniyyətin inkişafından insanların  günlük həyatındakı  problemlərin çözümünə qədər hər sahədə önəmli bir ilətişim aracıdır(Özbay.2006,s2).
Bu məqamda kültürdən də özəlliklə bəhs etmək gərəklidir.
Kültür bir millətin yüzillər boyunca oluşdurduğu alqı, ilgi, tutum və davranışlarla təzahür edən yaşam tərzi, maddi və mənəvi dəyərlərin toplamıdır və nəsildən nəslə miras olaraq ötürülərək gəlməkdədir. Kültür həyatın hər mərhələsində insanı əhatə edən duygu və düşüncənin yaşama yansıyan halıdır(Göçer, 2012). Türk milliyətçiliyini “Türkçülük” adı altında sistemləşdirən böyük fikir adamı Ziya Göyalpa görə isə kültür, “Bir millətin dini, əxlaqi, ağılı, estetik, lisani, iqtisadi və fənni həyatlarının ahəngli bir bütünüdür”.
Mehmet Kaplan görə, “kültür bir topluluğu, bir cəmiyyəti, bir milləti millət edən və onu digər millətlərdən fərqləndirən həyat təzahürlərinin bütünüdür”.  Həyat təzahürləri hər millətin özünə aid olan və bu özü yansıtan milli və mənəvi dəyərlərdir. Bu dəyərlər; din, dil, örf və adətlər (gələnək və görənəklər), dünya görüşü, yaşama tərzi, tarix, sənət, ədəbiyyat, coğrafiya və.s. ünsurlər olaraq qarşımıza çıxar. Bunların ən önəmlisi dildir. Kültür oluşumu, gəlişimi - inkişafı, gələcək nəsillərə ötürülməsi və s. açılardan - bucaqlardan baxıldığında dilin işləvi və önəmini rahatlıqla görə bilərik.
Dil ilə kültür bir-biri ilə yaxından əlaqəli iki qavramdır. Dil kültürlə yaşar, kültür də dil ilə inkişaf edər və birikir - çoxalar (Günay, 1995). Dili bir kültürün ürünü olaraq da düşünə bilərik. Bir toplumun dili, o toplumda yaşayan birəylərin (fərdlərin) genəl kültürünü əks etdirər. Kültür bir bilgi birikimidir. Bilgi birikiminin qaynağı isə dildir. Bu səbəbdən dil ilə kültür bir-birindən ayrılmaz bütündür. Bu halda kültür, nəsildən nəsilə ötürülmək üçün dilə möhtaç; toplumun duygu, düşüncə və tam mənasıyla həyat təzahürlərinin somut (gözlə gorünən) hala bürünməsinin vasitəsi olan dil üçün də kültür bir ehtiyacdır(Göçer, 2012).
Sizinlə bu məqamda ünlü bilgə, günümüzdən təxminən 2500 il öncə yaşamış çinli düşünür Konfüçyüsun  sözlərini bölüşmək istərdim. O belə deyir: “Bir ölkənin yönətimini ələ alsaydım , edəcəyim ilk iş heç şübəsiz dilini nəzərdən keçirmək olardı. Çünki dil nöqsanlı – qüsurlu olarsa, sözcüklər düşüncəni doğru ifadə edə bilməz. Düşüncə yaxşı ifadə edilməzsə, görəvlər və xidmətlər gərəkdiyi kimi həyata keçirilə bilməz. Belə olduğu halda  isə adət - qanun və kültür pozular. Adət - qanun və kültür  pozularsa, ədalət yolunu itirər. Ədalət yolunu itirərsə, çaşqınlıq içinə düşən xalq nə edəcəyini və bunun sonunun hara varacağını bilməz. İştə məhz bu səbəbdəndir ki, heç bir şey dil qədər önəmli deyil”(Uygur 2001: 23’ten).
Düşünürəm ki, bilgənin bu sözləri dil və dilin önəmi haqqında mühüm məsələlərə işarət edir.
Dil və millətin əlaqəsi nədir? Dilin millətin formalaşmasında (oluşmasında) rolu varmı?
Biz “dil insanlar, yəni insan topluluqları arasında ünsiyyət vasitəsidir”, - dedik. Gəlin bu insan topluluqlarının necə bir araya gəldiyindən və onları bir aya gətirən səbəblərdən, bunu təşkil edən ünsürlərdən bəhs edək. Bu zaman suallarımızın cavabını daha aydın anlayacağıq. 
Hər hansı bir insan topluluğunun oluşması üçün insanları bir-birinə bağlayan nədənlərin - səbəblərin olması gərəklidir. Yəni ortaq dəyərlərin olamsı lazımdır. Məhz insan topluluqları bu dəyərlər sayəsində oluşur. Millət də belə meydana gəlir. Milləti oluşduran ortaq dəyərlərə eyni irqdən gəlmək, ortaq tarixə, keçmişə sahib olmaq, ülkü (ideal) qardaşlığı və ortaq dilin olması daxildir. Ernest Renana - subyektiv (özcü) millət anlayışına görə milləti meydana gətirən nəsnə “ birlikdə acı çəkmiş, sevinmiş və birlikdə ümid etmiş  olmaq”dır.
Şübhə yoxdur ki, millət könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arsuzu və iradəsidir. Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır. Bu zəmini də əmələ gətirən yuxarıda qeyd etdiyimiz ortaq dil, ortaq yurd, ortaq tarix və ortaq soydur. Beləcə, dil yüz illərdir insanların bir-birləri ilə anlaşması üçün ilətişimin ən önəmli vasitəsidir, topluluqların millətə dönüşməsində və küıtürün – mədəniyyətin inkişaf edərək davamlılığını qorumasında çox təsirli bir vasitə, çoxyönlü səs quruluşu olan işarətlər sistemidir. Yəni millət olmadan dövlət olmaz. Dildə olmadan millət olmaz. Mənə görə dilimiz milli kimliyimizdir. Dilini itirən millət şəxsiyyətini də, kimliyini və kültürünü də itirmiş olar.
Ziya Gökalpın  dilimiz və məsələləri üzərində də çox yerində və diqqət cəlb edən düşüncələri vardır. Ziya Gökalpın da millət anlayışında “dil” çox önəmli bir yer tutur. Milləti meydana gətirən ünsürlər içərisində Gökalp “kültür”ü və ona bağlı olan “dil”i ən əsaslı olaraq qəbul etməkdədir.
Bir toplumda milli birlik və bərabərlik də ancaq toplumun fərdlərini (birəylərini) bir zəncirin xalqaları kimi bir-birinə kənətləyən dillə meydana gələ bilər. Millətin bütünlüyünün gələcəyi də dillə güvəncəyə alına bilər. Türk dünyasının öndəri Mustafa Kemal Atatürkün bu sözlərini xatırlatmaq istərdim: “Türkiyə Cümhuriyyətini quran, Türk xalqı Türk millətidir. Türk milləti demek Türk dili deməkdir. Türk dili Türk milləti üçün qutsal-müqəddəs bir xəzinədir. Çünki Türk milləti geçirdiyi nəhayətsiz fəlakətlər içində əxlaqının, ənənələrinin, xatirələrinin, mənfəətlərinin, qısacası bu gün öz  millətinin meydana gətirən hər şeyinin dili sayəsində muhafizə olunduğunu görür. Türk dili Türk millətinin qəlbidir, zehnidir”.
Bu məqamda Məmməd Əmin Rəsulzadənin də millət və dillə əlaqədar fikirlərini xatırlatmaq istərdim: “Milli mədəniyyət və yaxud millət, dilbirliyi,  örf adət və əxlaq birliyi, gələnəksəllik içində və nəhayət inanc  birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur”. “Dil millət olmanın təməlini təşkil edər. Dil ilə bərabər dində də bir olan millətlərin birləşmə yetənəyi daha tez oluşur(Dirilik” dergisi, 14 Ekim 1914, Sayı: 3).
“Milliyətin əsasını təşkil edən şey dildir. Dil adətə hər bir heyətin (insan qrupunun) hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Ey millətin istiqlalını təmin edəcək Türk gənçliyi nərədəsin?”(16) (Dirilik” dergisi, 1 Kasım 1914, Sayı: 6).
Məqaləmizin bu hissəsində xüsusilə dil, ünsiyyət ,kültür və millətin əlaqəsindən bəhs etdim. Bunun özəl bir səbəbi vardır. Çünki son zamanlarda bizlər, xüsusilə Qüzey Azərbaycan Türkləri və Anadolu Türkləri, dilimizin önəmini unutmuş və Avropa dillərinin və rus dilinin təsirində qalmışıq. Yəni dilin önəmini xəfifə almışıq.  Bəzi ailələrdə övladlarımız öz dilində Azərbaycan Türkçəsində danışmağı belə bacarmırlar. Bir də bunula fəxr edən bir çox cılız düşüncəli milli kimliyini, şəxsiyyətini itirmiş insanlar da var. Bu isə heç şübəsiz sovet  dönəminin və təfəkkürünün dırnaq arası “bəhrəsi”dir ki, manqurtlaşdırılmış bəzi ailələr öz dilində danışmağı deyil, rusun dilində danışmağı çağdaşlıq hesab edir. Zatən kimliyini, şəxsiyyətini itirmiş birinə də yaraşan düşüncə tərzi budur.  Deyəsən, bəziləri Azərbaycan Türkçəsində danışanların “çuşka” deyərək təhqir edildiyi dönəmə geri dönmək istəyirlər. Bu isə onların şəxsiyyətsizliklərinə və manqurtlaşdıqlarına işarət edir.  Unutmayın, dil sadəcə ünsiyyət üçün gərəkli deyil. Dil həm də xüsüsi, ən təsirli siyasi vasitədir və milltələrin, dövlətlərin var olduğunu göstərən simgədir. VƏTƏNİMİZ Azərbaycan rus işğalından şəhidlərimizin qanı ilə qurtarıldı, müstəqil bir dövlət oldu. Bizim dilimiz rus dili deyil, övladlarımızla öz  dilimizdə danışmalıyıq. Bizim dilimiz Azərbaycan dili - Azərbaycan Türkçəsidir. DİLİMİZİ qorumaq bizim boynumuzun borcudur.  BİR millətin, bir dövlətin var olduğunu göstərən dili və bayrağıdır. Axı bu dil, bu millət yaşasın deyə Əhmət Cavadlar, Hüseyin Cavidlər, Mikayıl Müşfiqlər və ismini qeyd etmədiyim yüzlərcə ədibimiz, mütəfəkkirlərimiz canlarından keçdilər. Bu gün müstəqil Azərbaycan torpağında, öz ocağında, vətənində başqa dillə danışanlar o dahi insanlara və vətənimizə qarşı nankorluq etmiş olurlar.
Bu məqamda Azərbaycanın və Türk dünyasının bilinməyən qəhrəmanlarından,Türk komutan İshak Çelik bəyin gözəl bir sözü var, onu sizlərlə bölüşürəm: “Milli dil duyqusu, düşüncəsi, vətən və millət sevgisi olmayanlar, dilini qorumayanlar, vətənini, millətini və dövlətini qorumazlar!”.
P.S. Hər zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!
P.P.S. Araşdırma məqaləmizin üçüncü hissəsində Türk dünyasının görkəmli düşünürlərinin dilimiz və ortaq Türkcəmizlə əlaqədar dəyərli fikirlərini sizlərlə bölüşəcəyəm.