​“Çin hökmranlığa cəhd edir, Putin isə...” - SSENARİLƏR

“Tramp əmindir ki, o yeni Kissincerdir. Eyni vaxtda, Rusiya dünyada xaos yayır və Çin hökmranlığa cəhd edir”.
Muxalifət.az xəbər verir ki, bunu Amerika politoloqu və “Eurasia Group”un banisi İen Bremmer İtaliyanın “Corriere della Sera Cuzeppe” qəzetinin müxbiri Cuzepper Sarçina müsahibəsində deyib.
Bremmer Vyetnamdan qayıdıb. O, Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) sammitini və ABŞ prezidenti Donald Trampla onun rusiyalı həmkarı Vladimir Putinin qısa görüşünü müşahidə edib.
“Tramp iddia edir ki, Rusiya Şimali Koreya böhranın həlli üçün lazımdır. Bu belədirmi?” - jurnalist maraqlanıb.
Amerika politoloqu hesab edir ki, bu, heç də belə deyil: “Rusiya öz çəkisini ciddi itirən ölkədir. Və Putin düşünür ki, dünyada, xüsusilə ABŞ-da qeyri-sabitklik və xaos yaradaraq bu boşluğu doldura bilər. Məsələn, Rusiya ABŞ və başqa Qərb dövlətlərinin seçkilərinə müdaxilə etməyə çalışır. Və buna görə də Rusiyanın Şimali Koreya böhranının həlli üzrə xüsusi fəallığı görünmür. Əksinə, Putin dünya səviyyəsində gərginliyi artırmaqla Şimali Koreyaya daha çox kömək etməkdə maraqlıdır”.
Onun sözlərinə görə, Tramp KİV-ə, Konqresə, FTB-yə, ümumiyyətlə, Rusiyadan başqa hamıya hirslənir. Bremmer hesab edir ki, Tramp iyulda Almaniyada keçirilən G20 sammitində Rusiya prezidentinin təkziblərinə (Rusiyanın ABŞ-dakı seçkilərinə müdaxilə etmədiyi barədə -red.) inanıb: “Tramp düşünməyə davam edir ki, Putinlə müsbət münasibətlər qurmaq olar. Amma bu, çətin olacaq. Trampı qeyri-müəyyənlik və tabelikdə saxlayan çoxlu amil var. Bu, Tramp və Kreml arasında əlaqələrin araşdırılması və qüvvədə olan iqtisadi sanksiyalar da daxildir”.
Çinə gəlincə, politoloq qeyd edib ki, Asiya ölkələrinin bütün liderləri Çin lideri Si Cinpinin “Çin hər şeydən əvvəl!” şüarı narahat edir. Onun sözlərinə görə, çinlilər Sakit okeanı regionunda hökmranlığın təmin edilməsi planını reallaşdırırlar.
“Tramp özünü Henri Kissincer kimi aparmağa çalışır. O siyasi rəqiblər üçün qapını açıq saxlamaq, onlarla dialoq aparmaq istəyir. Ancaq Kissincerdə ümumi strategiya var idi, Trampda strategiyalar görünmür. Tramp və Si Cinpinin görüşlərinin istiliyinə baxmayaraq, ABŞ və Çin arasındakı münasibətlər pisləşməyə doğru gedir”, - o yekunlaşdırıb.
Qeyd edək ki, 1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışmış 91 yaşlı Henri Kissincerin xarici siyasət, geosiyasət, təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələrinə bu gün də ABŞ prezidenti administrasiyasında diqqət yetirilir.