"Bu şərtlərə əməl olunmasa, ssenari dəyişə bilər" - Türkiyənin koronavirus mərkəzindən gələn həkim

Baxış sayı:
1834

REACT-C19 layihəsi çərçivəsində bir qrup mütəxəssis Azərbaycanda koronavirusla mübarizə üçün yerli mütəxəssislərlə həmrəy olub durmadan çalışır. Ölkəmizə gələn həkimlər sırasında Türkiyədə yaşayıb fəaliyyət göstərən həkimimiz Turanə Rəsulova da var.

Türkiyənin Hacəttəpə Universiteti xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin həkimi Turanə Rəsulovanın Publika.az-a müsahibəsini təqdim edirik:

- Turanə xanım, hazırda rayonlarımızda səfərdəsiniz. Vətənə gəlişinizin əsas məqsədi haqqında qısa məlumat verin.

- REACT-C19 layihəsi çərçivəsində 19 həkim Azərbaycana gəldik. Qruplara ayrılıb, paytaxtın fərqli xəstəxanalarında çalışmağa başladıq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müxtəlif ölkələrin xəstəxalarının hazırlıqlı vəziyyətə gətirilməsi üçün tövsiyə etdiyi standartlaşdırılmış bir sistemi mövcuddur. Bunun əsasında biz xəstəxanada bütün detalları dəyərləndirdik. Buraya infeksiyaya nəzarət, xəstəlik hallarının idarə edilməsi, müalicə protokolları ilə bağlı tibbi heyətin maarifləndirilməsi, əl gigiyenasından tutmuş, şəxsi qorunma avadanlığının düzgün istifadə edilməsi, xəstənin müalicəsi və evə yazılma protokolları, epidemioloji analiz, xəstəxana daxili infeksiyanın yayılmasının izlənməsi və digər ən xırda detalları incələdik. Harada yaxşılaşdırma tədbirləri görmək mümkündürsə, onları xəstəxana rəhbərliyi ilə birlikdə həyata keçirdib, TƏBİB-lə birgə bütün axsaqlıqları aradan qaldırırıq. 14 gün ərzində Azərbaycan Tibb Universiteti Tədris və Terapiya korpusunda çalışdım. Hazırda isə rayonlarımızdayıq.

- Hansı çatışmazlıqlarla qarşılaşdınız?

- Tədris və Terapiya korpusunda çalışırdım. Korpusun direktoru Surxay Musayev məni tələbəliyimdən yaxşı tanıyırdı. Tələbəlik dövründə çox maraqlı hadisə baş vermişdi. Bir gün Surxay müəllimə yaxınlaşıb dedim ki, izn verin, qrupumuzla birgə anemiya ilə bağlı təqdimat hazırlayaq. O da gülümsəyib razılaşdı. Müəllimlərimiz, professorlar, elmlər namizədləri ilə yer dəyişdik. Qrupumuzda rəssam həkim də vardı, maraqlı abstrakt rəsmlər çəkdi, təqdimatlar hazırladıq. Bu addımımız Surxay müəllimin çox xoşuna gəlmişdi. Çünki yeniliklərə açıq insandır, novatordur. Hətta dəfələrlə qrupumuzu müəllimlərə təqdim edib, tərif yağdırmışdı. Bu dəfə də məramımız bəllidir. Surxay müəllimə dedik ki, yetişdirdiyiniz tələbələr olaraq, yardımınıza gəlmişik. Çəkdiyiniz əziyyətin bir qismini də olsa, geri qaytarmaq istəyirik. Hamımız Vətən üçün çalışırıq. Bu da güvən, birlik deməkdir. Təlimlər, mühazirələr keçirtdik, tövsiyəmiz və xəstəxana rəhbərliyinin təşəbbüsü ilə İnfeksiyaya Nəzarət Komitəsi quruldu, müəyyən dəyişikliklər və yaxşılaşdırma işləri gördük, bilik alış-verişi etdik. Hər iki tərəf bir-birindən məmnun ayrıldı.

- Yəqin şahid olmusunuz ki, əhali arasında virusu "iqnor" edənlər günbəgün çoxalır. Bəlkə xəbərdarlıq səsimizi ucaldaq?

- Çox istəyirəm, bu mövzu haqqında məlumat verim. Əhaliylə ünsiyyətdə oluram. Əsasən də taksi sürücüləri sual verir ki, həkim, doğrudan da bu virus var? Xəstələr haqqında şəxsi məlumat verməyəcəm, çünki məxfilik qorunmalıdır. Lakin bir mesaj vermək istərdim. Dünyanın ən güclü səhiyyə sistemi qurulmuş ölkələrdə də ciddi problem yarandı, insanlar vəfat etdi, iqtisadiyyat çökdü. İnsanlar ona görə inamsız yanaşırlar ki, ətraflarında xəstəlikdən dünyasını dəyişən, yaxud ağır xəstə yoxdur. Bütün bu rahatlığın arxasında TƏBİB, dövlət, səhiyyə işçilərinin dağ boyda əməyi durur. Bu məsələdə dövlət rəhbərliyinin sərəncamlarını, TƏBİB-in addımlarını dəstəkləməsək, vəziyyət daha da kritikləşə bilər. Odur ki, sosial məsafə, gigiyena qaydalarına ciddi şəkildə əməl etmək vacibdir, yoxsa ssenari dəyişə bilər. Böyük itkilərlə üzləşərik. ÜST-ün rəhbərinin də dediyi kimi milli birlik və qlobal həmrəylik dövrünü yaşayırıq.

- Turanə xanım, niderlandlı terapevt iddia edirdi ki, malyariya əleyhinə olan dərman koronavirusun müalicəsində ən ideal vasitədir.

- ÜST tərəfindən tövsiyə edilən 4 müalicə protokolu var. Bütün dünya ölkələri bu müalicə üsullarını tətbiq edir. Təbii ki, zamanla yenilənir, dəyişdirilir və uyğunlaşdırılır. Koronavirusun dərmanı tapılmayıb. Amma xəstələrin müalicəsində ÜST əvvəlki pandemiyalardakı təcrübələrə əsasən müalicə protokolları tövsiyə edir ki, ölkələr də bu protokollardan yararlanır. Dünya laboratoriyalarında peyvəndlərin hazırlanması üzərində gərgin iş gedir. Hələ iki peyvənd ümidvericidir. Sınaq müddətindən sonra istifadəyə veriləcək. Təəssüf ki, spesifik müalicə üsulu hələ yoxdur.

- Fransız professor Rault son məqaləsində bildirib ki, koronavirus əleyhinə vaksinə milyonlarla pul xərcləmək axmaqlıqdır.

- Vaksinlər üzərində iş gedir və getməlidir. Böyük kütlənin istifadəsinə verilmədən öncə sınaq çalışmaları aparılmalıdır. Bu sınaqlar aparılandan sonra yaradılan vaksinin əlavə təsirinin az olduğu görülən kimi istifadəyə verilir. Çünki tarix boyu bir sıra peyvəndlər hazırlanıb ki, əlavə zərərli təsiri daha çox müşahidə olunduğu üçün istifadəyə verilməyib. Odur ki, vaksinlərin inkişaf etdirilməsi üçün mütləq laboratoriyalarda iş getməlidir. Pandemiya haqqında proqnozlar onu göstərir ki, dünya əhalisinin böyük bir qismi virusa yoluxub, immunizə olacaq. Vaksinlər də təxminən həmin mərhələdə tam hazır vəziyyətə gətirilib istifadəyə veriləcək. Viruslara qarşı yaradılan vaksinlər iki cür olur. Öldürülmüş virusa və virusun zəiflədilmiş formasına qarşı. Genetik materialın bir hissəsi götürülür, vaksin halına salınıb, insan orqanizminə yeridilir ki, bədən virusun zəiflədilmiş və ya öldürülmüş forması ilə tanış olsun, mübarizə aparmaq üçün əks cisimlər yaratsın. Vaksinin əsas mexanizmi budur. Hazırda dünyada vaksin hazırlanma metodları inkişaf etdirilib. Koronavirusun bu formasının genetik kodunun ardıcıllığı əldə edilib. Bu ümidverici faktdır ki, yeni üsullardan istifadə edərək tezliklə vaksin yaradıla bilər. Lakin bir məqam da var ki, bu günədək koronavirusun digər formalarına qarşı vaksin hazırlanmayıb. Laboratoriyada vaksinin hazırlanması ilə istifadəyə verilməsi arasında müəyyən zaman kəsiyi olmalıdır ki, əlavə təsirləri öyrənilsin. Məsələn, bu gün dünya təcrübəsində geniş yayılan parasetamol dərmanı hətta yeni doğulmuş körpələr üçün istifadə edilir. Hazırda Amerikada qara ciyər transplantasiyalarının başlıca səbəblərindən biridir. Ən məsum bilinən bu dərman toksik dozaya çatıb, qara ciyər üçün təhlükə yarada bilir. İstər dərman olsun, istərsə də vaksin, hətta bədənə ən bəsit müdaxilənin də əlavə təsir ehtimalı olur. Odur ki, bütün faktorlar nəzərə alınmadan, vaksinlər tam istifadəyə verilə bilməz.

- Turanə xanım yaxın günlərdə İsveçdə yaşayan 22 yaşlı həmvətənimiz koronavirusla savaşda məğlub oldu. Baxmayaraq ki, yaşlı atası ağ ciyər xərçəngindən yenicə sağalıb, virusa qalib gəldi. Amin adlı gəncimiz isə dünyasını dəyişdi. Xroniki xəstəliyi olmayan, xüsusən də 22 yaşlı gəncin ölümü bütün İsveç səhiyyəsini şoka saldı. Sizcə, səbəb nə ola bilər?

- Mən də bu xəbəri aldım və çox məyus oldum. Yəqin xatırlayırsınız ki, İtaliayada koronaviruslu xəstələri müalicə edən onlarla gənc həkim də dünyasını dəyişdi. Hətta bir günlük matəm elan olundu. ÜST-ün təcili tibb mütəxəssisi doktor Ryan da açıqlamasnda bildirdi ki, gənclərin virusdan vəfat etməsi faktını hələ də tam açıqlamaq mümkün olmayıb. Lakin bu yöndə çoxlu araşdırmalar aparılır, nəzəriyyələr mövcuddur. Virusun təsir mexanizmi hələ də tam məlum deyil. Odur ki, yan xəstəliyi olmayan gəncləri niyə öldürdüyü sirr olaraq qalır. Hər birimiz dünya əhalisinin təhlükəsizliyi üçün məsuliyyətimizi artırmalıyıq. Bir məsələni qeyd etmək istəyirəm ki, gənclərin ölümünə səbəb yüksək virus yükünə məruz qalmaq nəzəriyyəsi də ola bilər. Ümumiyyətlə, bu hal bütün virus formalarına aiddir. Birdən-birə yüksək virus yükünə məruz qalmaq immunitet üçün çox böyük təhlükə kəsb edir.

- Karantin şərtlərinin yumşaldılması bir sıra valideynlərin şikayətinə səbəb oldu ki, məktəb və bağçalar niyə açılmadı. Övladımı Fransanın etinasız gigiyenik mühitində böyüdən valideyn kimi mən də uşağımın virusa yoluxub, immunitetinin güclənməsinin tərəfdarıyam. Sizcə, səhv yoldayam?

- Bu çox gözəl sualdır. Avropa bir çox xəstəlikdə bu taktikadan istifadə edir. Uşağı həddən artıq steril şəraitdə böyütmək olmaz. Çünki bədən virusa, infeksiyaya məruz qalmasa, immuniteti formalaşa bilməz. İnsan bədənində yaddaş hüceyrələr yalnız mikrobla ünsiyyətdə olandan sonra yarana bilər. Bəzi valideynlər övladlarını bağçaya qoymurlar ki, xəstələnər. Uşağın virusa yoluxmağı, sağalmağı mütləq haldır. Bir romantik məqalə başlığını xatırladım - “Ana tərəfindən çox öpülən uşağın immuniteti güclü olur”. Bilirsiniz niyə? Çünki ananın dodağından uşağa müxtəlif mikroblar keçir, bu da immun sistemini gücləndirir. Pandemiya şəraitində uşaqların kütləvi yoluxması təhlükəlidir. Dünya təcrübəsi göstərir ki, azyaşlılar az yoluxur, daha yüngül keçirdir və s. Lakin nəzərə alaq ki, uşaqlar sosial məsafə gözləməkdə məsuliyyətsiz davranacaqlar və evə gəlib, valideynlərini, böyükləri yoluxdurub virusu yayacaqlar. Xüsusən də yay aylarında uşaqları təmiz havaya çıxarmaq mütləqdir. Hətta xəstələrin müalicə olunduğu palatalarda da natural havalandırma sistemindən istifadə olunur. Həmçinin günəşin ultrabənövşəyi şüaları virusun təsirini birbaşa azaldacaq. Odur ki, uşaqları evə həbs etmək də sağlamlıqları üçün zərərlidir.

- Hazırda bütün dünyanın baş sındırdığı əsas problem-ikinci dalğanın altında qalacağıq?

- İki aydan çoxdur ki, ciddi karantin rejimi tətbiq olundu. Bununla da səhiyyənin çökməsi mərhələsinin qarşısı alındı. Həmçinin insan sosial varlıqdır. Bu həm sosial, həm iqtisadi, həm də psixoloji probemlərə yol aça bilər. Odur ki, şərtlər biraz yumşaldılaraq, nəzarət olunur. Yəni virus yayılmasında artım müşahidə olunmazsa, növbəti mərhələyə keçid olunacaq. Əksi baş verərsə, yenidən sərtləşdiriləcək. İkinci, üçüncü dalğa gələ bilər. Virusun dünyanı cənginə almağındansa, uğurlu təcrübi nümunələrdən istifadə edib, vəziyyəti ələ almaq daha məqsədəuyğundur. Önəmli olan, deyilənlərə qulaq asmaq, dövlətin tapşırıqlarına əməl etməkdir. Əslində biz milli həmrəylik dövrünü yaşayırıq. Dövlətimizin gördüyü bütün tədbirlər sağlamlığımız naminədir. Necə ki, NASA-nın adi texniki əməkdaşı kosmosa raket göndərməyin məsuliyyətini dərk edir, biz də dünyanın xilasını fərd olaraq öz üzərimizə götürməliyik. Sonda ÜST-ün konsultant mütəxəssisi kimi bildirmək istəyirəm ki, ölkə rəhbərliyinin xalqımıza böyük qayğısı olduqca təqdirəlayiq haldır. Bir tibb işçisi kimi, Birinci vitse prezidentimiz Mehriban xanımın da xalqa ikinci çağırışında söylədiyi kimi, hərkəsi reallıqla yaşamağı öyrənməyə və ayıq-sayıq olmağa dəvət edirəm.

Leyla Sarabi