"Bu korrupsiyada Əbülfəs Qarayevin də payı var" – SƏRDAR CƏLALOĞLU

Baxış sayı:
3274

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə korrupsiya ilə mübarizə istiqamətində başlanılan tədbirlər çərçivəsində atılan addımlar, rayon icra başçılarının və digər yetkili şəxslərin həbsi, onların mənimsədikləri milyonların taleyi və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

"Korrupsiyanın geniş şəkildə inkişaf etməsi və bütün dövlət hakimiyyəti orqanlarını bürüməsinin yeganə səbəbi ölkədə aşağı keyfiyyətli idarəetmənin olmasıdır"

- Sərdar bəy, sizcə Azərbaycanda korrupsiyanın geniş vüsət almasının səbəbi nədir?
- Əvvəla, onu deyim ki, Azərbaycanda korrupsiya ilə bağlı olduqca çoxlu faktlar vardı. Beynəlxalq hesabatlarda da Azərbaycan ən çox korrupsiyaya uğramış ölkələrdən biri kimi tanınırdı, hətta adı Afrikanın ən geridə qalmış ölkələri ilə bir sırada çəkilirdi. Eyni zamanda, ölkə mətbuatında korrupsiya ilə bağlı çoxlu faktlar vardı. Ümumiyyətlə, son illər Azərbaycanda korrupsiya açıq-açığına həyata keçirilirdi, heç kim bunu gizlətmirdi. Korrupsiya yolu ilə dövləti dağıdırdılar, xalqa çatacaq vəsaiti mənimsəyir, büdcəni talan edirdilər. Ölkədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin olmasına baxmayaraq, korrupsiyaya qarşı böyük mənada, fundamental mübarizə aparılmırdı. Azərbaycanda korrupsiyanın geniş şəkildə inkişaf etməsi və bütün dövlət hakimiyyəti orqanlarını, yəni məhkəmə və hüquq-mühafizə orqanlarını, parlamenti, icra orqanını bürüməsinin yeganə səbəbi ölkədə aşağı keyfiyyətli idarəetmənin olmasıdır. Qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdə, onun müəyyən qədər təşkilatı var idi. Lakin 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev və onun təfərdarlarının çox ciddi siyasi partiyası yox idi. Yeni Azərbaycan Partiyası da indiki kimi təşəkkül tapmamışdı, sayları çox az idi və kadrları da yox idi. Buna görə də Heydər Əliyev Xalq Cəbhəsinə müraciət etdi ki, hamı öz vəzifəsində qalsın. Onlar isə bununla razılaşmadılar. Ən böyük səhvlərdən biri məhz bu, oldu. Halbuki Azərbaycan Xalq Cəbhəsi Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdıqdan sonra onun kadrlarının böyük əksəriyyətini hakimiyyətdə saxlamışdı. Amma Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun təklifinə baxmayaraq, Xalq Cəbhəsinin hakimiyyətdə təmsil olunan nümayəndələrinin böyük əksəriyyəti vəzifələrini tərk etdilər. Bununla da Heydər Əliyev fakt qarşısında qaldı, çünki bitkin bir partiyası yox, hakimiyyəti idarə etmək üçün lazım olan kadr və prinsipləri yox. Təbii ki, bu vaxt qaçılmaz olaraq, iki prinsip - yerliçilik, tanışçılıq, qohumluq və Heydər Əliyevə sədaqət prinsipi əsas götürüldü. Heydər Əliyevə sədaqət prinsipinə əsasən, hakimiyyətə vaxtilə onunla işləmiş Kommunist Partiyasının nümayəndələri və onların övladları gətirildi. Əgər diqqətlə fikir versəniz görərsiniz ki, Heydər Əliyevin dövründə keçmiş Kommunist Partiyasının katibləri, eləcə də onların övladları hakimiyyətə gətirilib. Bir də mənşəcə Naxçıvan və Qərbi Azərbaycandan olan tamamilə yeni adamlar kütləvi şəkildə hakimiyyətə gətirildi. Nəticədə müəyyən siyasi biliyi, siyasi əqidəsi olmayan adamlardan ibarət hakimiyyət formalaşdı. Bundan sonrakı dönəmlərdə isə Azərbaycanda proseslər heç də demokratik istiqamətdə getmədi, Yeni Azərbaycan Partiyası siyasi partiya kimi formalaşa bilmədi, təsərrüfat partiyasına keçdi. Yəni kim hakimiyyətdədirsə bu partiyanın üzvüdür, kim hakimiyyətdən getdisə partiyanın üzvü deyil. Yaxud da Kommunist Partiyasında olduğu kimi, adamlar nəsə əldə etmək üçün Yeni Azərbaycan Partiyasına qoşulur. Yəni faktiki olaraq Yeni Azərbaycan Partiyası Kommunist Partiyasının bütün dəyərlərini, idarəetmə prinsiplərini mənimsədi. Beləliklə, iqtidarın tərkibində böyük sürətlə müxtəlif oliqarxlar meydana gəlməyə başladı. Xüsusən bu oliqarxların meydana gəlməsi İlham Əliyevin hakimiyyətə gəlişiylə özünün zirvəsinə çatdı. Bununla da, Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikası olsa da, ölkədə faktiki olaraq oliqarxik hakimiyyət yarandı. Yəni dövlət bir neçə oliqarx tərəfindən idarə olunmağa başladı. Onlar icra hakimiyyətini, məhkəmə hakimiyyətini, parlamenti öz aralarında böldülər. Onlar bir-birinin işinə qarışmamaq şərtiylə, korrupsiya yolu ilə dövlət büdcəsini, xalqa aid olan vəsaiti, torpaqdan tutmuş neftə, qaza, tarixi abidələrə qədər hər şeyi talan etməyə başladılar. Bununla da Azərbaycanda qeyri-şəkildə yüzlərlə milyarder, minlərlə milyonçu meydana çıxdı. Əgər o pullar oğurlanmasaydı, o zaman bu gün biz dünyanın ən inkişaf etmiş ölkələrindən biri olardıq, xalqımız isə ən yüksək həyat səviyyəsinə malik olardı. Bu gün ölkədəki cəhalət, nadanlıq, savadsızlıq, əxlaqsızlıq və digər fəsadlar korrupsiyanın nəticələridir. Belə ki, elmin, mədəniyyətin inkişafına sərf edilməli pullar ayrı-ayrı oliqarxlar tərəfindən mənimsənilib xarici ölkələrə daşındı. Bununla da neftdən gələn gəlirlərin çox az bir hissəsi - 5-6 faizi Azərbaycanda zahiri cah-cəlalın yaradılmasına, hündür binaların, körpülərin tikilməsinə, yolların salınmasına sərf olundu. Lakin Azərbaycanda fundamental olaraq, dövlətin və cəmiyyətin möhkəmləndirilməsi istiqamətində heç bir iş aparılmadı.

"Belə bir vəziyyətdə artıq Azərbaycan dövlətinin mövcudluğu təhdid altına düşür"

- Necə düşünürsünüz, insan hüquq və azadlıqlarının pozulmasını da korrupsiyanı müşayiət edən səbəb kimi xarakterizə etmək olarmı?
- Təbii ki, bu da korrupsiyanın yaranmasına və yayılmasına gətirib çıxaran səbəblərdəndir.  Belə ki, Azərbaycanda ardıcıl olaraq siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması, müxalif mətbuatın sıradan çıxarılması, eləcə də qeyri-hökumət təşkilatlarına böyük zərbənin vurulması faktiki olaraq, ölkədə əlverişli korrupsiya mühiti formalaşdırdı. Belə bir vəziyyətdə artıq Azərbaycan dövlətinin mövcudluğu təhdid altına düşür. Yəni, neftdən gələn gəlir azalıb, xarici borc astronomik rəqəmlərə çatıb. Faktiki olaraq, dövlət bu problemlərin öhdəsindən gəlmək imkanına malik deyil. Bu baxımdan, ən azı bəzi oliqarxların sıradan çıxarılması, korrupsiyanın həcminin nisbətən azaldılması, dövlət büdcəsinin dağıdılmasının qarşısının alınması zərurəti meydana çıxır. Bundan sonra da korrupsiya davam edəcəyi təqdirdə, artıq korrupsionerlərin, oliqarxların özlərinin həyatı təhlükə altındadır.

"Korrupsiyaya qarşı mübarizənin yarımçıq və ya birtərəfli aparılmasının əleyhinəyəm, bunu ziyanlı hesab edirəm"

- Bildiyiniz kimi, bugünlərdə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və bu zaman nazir müavini Rafiq Bayramovla yanaşı, bir sıra məsul şəxsin saxlanıldığı deyilir. Sizcə, Əbülfəs Qarayevin Mədəniyyət Nazirliyində yaşananlardan, tabeçiliyində çalışan şəxslərin qanunazidd əməllərindən xəbərsiz olması inandırıcı görünür?
- Düşünürəm ki, artıq korrupsiyaya qarşı mübarizə prosesi başlayıb və hələlik ilkin addımlar atılıb. Təbii ki, Azərbaycanda yalnız həbs olunan icra başçıları, Mədəniyyət Nazirliyinin yetkili şəxsləri korrupsiya ilə məşğul olmur. Əgər araşdırmalar aparılsa, onda Polad Bülbüloğlundan üzü bu yana Mədəniyyət Nazirliyində nəhəng korrupsiya əməllərinə yol verildiyi aydın olar. Belə ki, onlar Azərbaycan muzeylərindəki qiymətli əşyaları xaricə satıb, onların saxta versiyalarını isə bizim muzeylərdə yerləşdiriblər. Polad Bülbüloğlunun vaxtında Şəki Tarix-Diyarşünaslıq Muzeyinin dəyəri bir neçə milyon dollar olan 190-dan artıq eksponatı xaricdə sərgi adı ilə aparılıb və geri qaytarılmayıb. Bundan başqa, muzeylərimizdə elə orijinal sənət əsərləri vardı ki, onların dünya bazarında qiyməti 90-100 milyon idi. Polad Bülbüloğlunun vaxtında onların hamısını aparıb xaricdə satdılar. Bu gün də həmin proses davam edir. Azərbaycan mədəniyyətinin bugünkü vəziyyətə düşməsinin bir nömrəli günahkarı Mədəniyyət Nazirliyidir. Çox maraqlıdır ki, Mədəniyyət Nazirliyinin bir neçə məsul işçisi tutulub, lakin Əbülfəs Qarayevdən haqq-hesab soran yoxdur. O hara baxırdı ki, nazirlikdə bu cür oyunlardan çıxıblar? Nə üçün Əbülfəs Qarayev haqqında cinayət işi qaldırılmır, həbs olunmur? Və ya Polad Bülbüloğlu nəyə görə cinayət məsulliyyətinə cəlb olunmur? Tutaq ki, Əbülfəs Qarayev nazir kimi Mədəniyyət Nazirliyindəki korrupsiyada iştirak etmir, lakin faktiki olaraq rəhbərlik etdiyi sahəyə nəzarət edə bilmir. Yəni qeyd olunan cinayətlər nəzarətsizlik şəraitində baş alıb gedib. Bu halda, o nazir kimi rəhbərlik etdiyi sahəyə nəzarət edə bilmədiyinə görə cəzalandırılmalıdır. Ya da onun da bu işdə payı var. Əminəm ki, Mədəniyyət Nazirliyində baş verən korrupsiyada Əbülfəs Qarayevin də payı var. Ona görə də korrupsiyaya qarşı mübarizənin yarımçıq və ya birtərəfli aparılmasının əleyhinəyəm. Bunu ziyanlı hesab edirəm.

(Ardı var)

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org