Bu gün Konstitusiya Məhkəməsi parlamentin buraxılması qərarını elan edəcək

Baxış sayı:
3487

Əliməmməd Nuriyev: “Qərar hansı formada olacaqsa, görəcəyik...”
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinin buraxılması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Dövlət başçısı tərəfindən Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Konstitusiya Məhkəməsinin hansı qərar verəcəyi indidən müzakirələrə səbəb olub. Eyni zamanda Milli Məclisin bu şəkildə buraxılmasında hüquqi boşluqların olduğu barədə müxtəlif fikirlər səslənməyə başlayıb.
Bununla bağlı “Yeni Müsavat”a Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev danışdı: “Konstitusiya Məhkəməsinin yeganə kriteriyası onun Azərbaycan Respublikası Konstitusiyasının əsaslarına uyğun olmasıdır. Bu təsisatda bütövlükdə qərəzlə bağlı danışmaq olmazdı. Çünki bu, məhkəmənin fəaliyyətinə qarışmaq demək olardı. Konstitusiya Məhkəməsi konstitusion icraatı həyata keçirir. Bütövlükdə dövlətimiz, cəmiyyətimizin hər bir vətəndaşı üçün əhəmiyyətli olan və məcburi xarakter daşıyan qərarlar qəbul edir. Ona görə də burada daha məsuliyyətli olmaq lazımdır. Bilirsiniz ki, Azərbaycan Konstitusiyasında Milli Məclisin özü-özünü buraxmaqla bağlı birbaşa göstərişi, norması yoxdur. Orada parlamentin buraxılması səlahiyyətinin yalnız prezidentə məxsus olduğu təsbit olunub. Bu, aydın əsaslarla müəyyənləşdirilib. Konstitusiyada o da qeyd olunub ki, prezident tərəfindən təyin olunan baş nazirin təsdiqlənməsindən Milli Məclis tərəfindən imtina edildikdə, digər tərəfdən, Konstitusiya və Ali Məhkəmənin, Mərkəzi Bankın üzvlərinin təqdimatı ilə bağlı bir il ərzində iki dəfə imtina edildikdə, bu kollegial qərarların qarşısını alarsa, belə hallarda prezident parlamenti buraxa bilər. Başqa bir tərəf isə odur ki, Milli Məclisin öz funksiyalarının icrasını həyat keçirməsinin qeyri-mümkünlüyü baş verdikdə bu baş verir. Bu daha çox üçüncü hala uyğundur. Çünki Milli Məclisin mütləq əksəriyyətinin qərarı ilə prezidentə müraciət olunub. Bundan öncə YAP Siyasi Şurası öz deputatlarına müraciət etdi ki, mandatlarından imtina etsinlər. Bu partiya isə parlamentdə çoxluq təşkil edir. YAP-ın bu məsələni qanunverici orqanda da qaldırması, faktiki, Milli Məclisin gələcəkdə fəaliyyətini qeyri-mümkünsüz hala gətirib  çıxardı. Onu da qeyd edək ki, bu təşəbbüsə bitərəflər də qoşuldu. Parlamentdə təmsil olunan partiyalar da bu təşəbbüsə tərəfdar çıxdılar. Bununla da Milli Məclis, faktiki, fəaliyyətini davam etdirə bilmədi. Səbəblərdən biri kimi, qanunverici orqanın ölkə başçısının siyasi, sosial, məhkəmə və digər sahələrdə apardığı islahatlara parlamentin adekvat olmaması göstərildi. 2016-cı ildəki referendumda əsas məsələlərdən biri idarəetmənin daha da təkmilləşdirilməsi ilə bağlı idi. Məhz həmin zamandan geniş islahatlar prosesinə başladıldı. Növbədənkənar prezident seçkisi keçirildi, ciddi kadr islahatlarına start verildi. Bu gün də bu islahatlar uğurla davam edir. Məhkəmə-hüquq sistemindəki dəyişiklikləri də bu islahatların birbaşa  tərkib hissəsi kimi qəbul edə bilərik”.

İlgili resim

Ə.Nuriyev qanunverici orqanın buraxılmasının çox vacib məsələ olduğunu da söylədi: “Hakimiyyətin əgər iki qolunda köklü, kardinal dəyişikliklər baş verirsə, bu, digər qolunu da əhatə etməli idi. Əslində YAP ölkə, sədri qarşısında olan məsuliyyətini doğru-dürüst dərk etdi və belə bir təşəbbüs irəli sürdü. Bununla yenidən özünə etimad qazandı. Doğrudur, burada müəyyən risklər də var. Amma müsbət qərar olduğu tam ortadadır. Düşünürəm ki, yaranmış real vəziyyətə uyğun olaraq, hüquqi bir qərar qəbul olunacaq. Burada siyasətin hüquqa təsiri daha böyükdür. Amma hüquq və siyasət bir-birindən ayrı deyil. Əslində siyasət həyata keçiriləndə hüquqi əsaslarını qanunlarla tapır. Konstitusiya çox mühüm platformadır. Bu ölkənin həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyənləşdirən bir platformadır. Burada hakimiyyətin formalaşdırılması qaydaları da müəyyən edilib. Hakimiyyətin mənbəyinin xalq olduğunu yaxşı bilirik. Xalq özü də bu gün parlamentin fəaliyyətindən razı deyil. Bu baxımdan hesab edirəm ki, hakim partiyanın Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsü mövcud şəraitə adekvatdır, aparılan islahatların tələblərinə tam cavab verir. Bu proseslər isə artıq parlamentin qeyri-legitim olması prosesini sürətləndirdi. Belə olan halda isə Konstitusiya Məhkəməsi prezidentin müraciəti əsasında müvafiq qərar qəbul edəcək. Qərar hansı formada olacaqsa, görəcəyik. İndiki situasiyada məsələlərin həllinin konstitusion imkanları var. Azərbaycanın hüquq sistemi ilə hər hansı bir ziddiyyət təşkil etmir”.
Hüquqşünas parlamentin buraxılmasında hüquqi boşluqların olduğu barədə deyilənlərə də toxundu: “Burada digər prosedurlardan istifadə etmək olardı. Amma bu yolu seçmək mümkün idi. Çünki burada hüququn əhəmiyyətli formada pozulması halı baş vermir. Bunun olacağını, ümumiyyətlə, düşünmürəm. Lakin onu qeyd etmək olar ki, parlamentin indiki şəraitdə bu şəkildə buraxılması ilə əlaqədar boşluqlar var. Əslində elə bu boşluqları aradan qaldırmaq üçün prezident tərəfindən Konstitusiya Məhkəməsinə sorğu göndərilib. Əgər bu hallar olmasaydı, məhkəməyə müraciətə də ehtiyac qalmazdı”.//musavat