Boltonun gedişi ABŞ-ı İranla barışdıracaq? - ABŞ MEDİASI NİKBİNDİR, AMMA...

Baxış sayı:
13101

Dünya siyasi gündəminin əsas mövzularından biri də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefasıdır. Boltonu hələlik müavini Çarli Kapperman əvəz edəcək. Con Bolton administrasiyada mühüm postlardan biri olan müşavir postuna 2018-ci ilin aprelində təyin olunmuşdu. 17 ay prezident müşaviri olan Bolton dünyada daha çox müharibə tərəfdarı, İrana qarşı müdaxiləni dəstəkləyən dövlət adamı kimi düşdü. Onun administrasiyadan qovulacağı daha əvvəldən məlum idi. Çünki davakar Bolton prezident Trampla və ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Mayk Pompeo ilə yola getmirdi. Bolton artıq vəzifədən getsə də, “davakar” müşavirin hansı səbəbdən işdən uzaqlaşdırılması mövzusu hələ də müzakirə olunur. Çünki söhbət həm də dünyanın ən qüdrətli dövlətinin xarici siyasətindən gedir. Başqa sözlə, yaxın zamanda hansı ölkə ilə sülh, hansı ölkə ilə müharibə olacağını müəyyən etmək üçün Boltonun istefasının səbəbini bilmək mühümdür. İlkin ehtimal budur ki, Bolton Əfqanıstan və Şimali Koreyaya görə istefaya göndərilib. Çünki sabiq müşavir hər iki ölkəyə qarşı sərt davranmaq, Şimali Koreyaya hərbi müdaxilə etmək, Əfqanıstanda isə Talibanla danışıqlara getməmək tərəfdarı olub. Və bu məsələdə onunla prezident Tramp və dövlət katibi Pompeo arasında ciddi fikir ayrılığı olub. Hətta o qədər ki, Tramp Talibanla sülh razılaşmasının aralama mətnini Boltona göstərməməyi tapşırıb. Bu isə Boltonu qəzəbləndirib. Amerikalı ekspertlər hələ ötən həftə bu münaqişənin Boltonun qovulması ilə nəticələnəcəyini bildirirdi. Lakin məsələ ondadır ki, Talibanla anlaşma baş tutmadı. Talibanın Kabildəki terror hücumu və bir amerikalı əsgərin ölümü Trampı qəzəbləndirdi, sülh danışıqları dayandı. Lakin bundan sonra Bolton da getdi. Maraqlıdır ki, hazırda ABŞ-la Şimali Koreya arasında dayanmış danışıqların yenidən bərpa olunması haqda danışıqlar gedir. Boltonun istefaya göndərilməsinin Şimali Koreya ilə nə qədər bağlantısı üzə çıxmasa da, indi mətbuatda Boltonun Şimali Koreyada hakimiyyət dəyişikliyi ilə bağlı ssenariləri haqda yazılır. Məlum olur ki, keçmiş müşavir Şimali Koreyada hakimiyyət dəyişikliyi layihəsini dəstəkləyirmiş. Boltonun istefası ilə bağlı daha bir iddia İranla bağlıdır. Doğrudur, Qərb mediasının yazdığına görə, Bolton və dövlət katibi Pompeonun İranla bağlı mövqelərində ziddiyyət olmayıb. Hər ikisi Tehranın cəzalandırılması fikrini dəstəkləyib. İran hakimiyyəti isə Con Boltonun gedişindən razı qalıb. Xarici işlər naziri Cavad Zərif deyib ki, bununla dünya rahat nəfəs aldı. Məsələ ondadır ki, İran siyasəti ilə bağlı Tramp və komandası arasında fikir ayrılığı var. Mətbuatın yazdığına görə, bu ilin iyununda İran ABŞ-a məxsus pilotsuz aparatı vurub salanda Boltonla yanaşı Pompeo və vitse-prezident Mayk Pens Trampa İranı vurmağı tövsiyə ediblər, ancaq prezident bu təklifi qəbul etməyib. Tramp Tehrana qarşı sərt sanksiyaların qəbul olunması və bunun nəticəsində İslam Respublikasının çökdürülməsi fikrini müdafiə edib. Ancaq ABŞ-ın Avropa müttəfiqləri Trampa İranla danışıqlar aparmaq üçün təzyiq edir. Bolton isə hələ müşavir olmamışdan əvvəl İranda rejim dəyişikliyini müdafiə edib, hətta “Xalqın Mücahidləri” təşkilatının Parisdə keçirilən qurultayına qatılaraq İslam Respublikasının 40 illiyini görməyəcəyini bildirmişdi. Vaşinqtonun bu mövqeyi isə İranda bütün siyasi qanadları yaxınlaşdırmış, Vaşinqtona qarşı sərt xətt güclənmişdi. Halbuki Obama zamanı əldə olunan anlaşma ilə münasibətlər nisbətən yumşalmışdı. İndi isə Tramp İran prezidenti ilə görüşməyi təklif edib. Daha əvvəl də görüş təklif edən prezident ən son olaraq BMT Baş Assambleyasında Ruhani ilə görüşə biləcəyini bildirib. Ancaq İran hakimiyyəti bu görüşə isti yanaşmır. Prezident Həsən Ruhani deyib ki, sanksiyalar götürülmədikcə görüşün bir əhəmiyyəti yoxdur. Maraqlıdır ki, ABŞ-ın “Daily Beast” saytı hökumət mənbələrinə istinadən yazıb ki, avqustda Fransa prezidenti ilə görüş zamanı Tramp Avropanın nüvə anlaşmasını qorumaq üçün İrana 15 milyard dollarlıq kredit və ya neft satışı embarqosunu yumşaltmaq təklifini rədd etməyib. O da maraqlıdır ki, Makronun bu təklifinə Pompeo və Dövlət Departamenti diplomatları da etiraz etməyib. Boltonun istefasından həmən sonra Pompeo Ruhani və Trampın BMT Baş Assambleyasında görüşə biləcəyini deyib. Bilindiyi kimi, Trampın ötən ilin mayında İranla nüvə anlaşmasından bri il sonra İran anlaşmada qalan digər 5 ölkəyə - Rusiya, Çin, Almaniya, Fransa və Britaniyaya müraciət edərək neft satışı sanksiyalarını yumşaltmayacağı təqdirdə nüvə müqaviləsindəki öhdəliklərdən çıxacağını bəyan edib. Bunun ardınca iyulun 1-də Tehran anlaşmadakı uran ehtiyatı miqdarını, 8 iyulda isə zənginləşmiş uran limitini keçdiyini bəyan edib. Sentyabrın 7-də isə İran uranı zənginləşdirməni 20 faizə qaldırmaq üçün işə başladığını açıqlayıb. “Altılıq” anlaşmasında bu faiz 3,67 idi. Ancaq məsələ ondadır ki, İranın ali dini lideri ABŞ-la müzakirələri qadağan edib. Əgər görüş olacaqsa, bunun üçün Ruhaninin dini lideri razı salması lazımdır. Ancaq indi Boltonun getməsi və Vaşinqtonun İranın neft satışına qoyulan embarqonu yumşaltması yenidən danışıqlar fürsəti yaradır. Yeri gəlmişkən, bir neçə həftə əvvəl İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi də Vaşinqtonun neft sanksiyalarını yumşaltmağa başladığını demişdi. Bunun ardınca isə Çinin və Rusiyanın İranın enerji sektoruna sərmayə yatırması ilə bağlı xəbərlər mediada yer alıb. ABŞ-ın İrana qarşı müdaxiləsinin əsas tərəfdarı olan İsraildə isə Boltonun gedişi ciddi məyusluq yaradıb. Çünki bu, Trampın sərt xətti yumşaltması və Ağ Evdəki İran əleyhdarlarının ciddi zəifləməsi deməkdir. Tramp Yaxın Şərqdə İranla danışıqlara getməsi İsrailin hazırkı müharibə tərəfdarı hökuməti üçün ciddi itkidir. Xüsusən də seçkilərə 5 gündən də az vaxt qaldığı halda. Söz düşmüşkən, Bolton ötən ilin oktyabrında Moskvaya, oradan da Cənubi Qafqaz respublikalarına səfər edib. Analitiklər Boltonun regiona səfərinin İrana qarşı bölgə ölkələrinin mövqeyini və təsir imkanlarını araşdırmaq olduğunu yazırdı. Ehtimal olunur ki, ABŞ rəsmisi Cənubi Qafqaz ölkələrinin İrana qarşı mümkün hücumu zamanı tutacağı mövqeni öyrənmək istəyib. Və regiondan “əlidolu” dönə bilməyib./musavat.com