Böhrandan çıxış yolları... - TƏHLİL

Və yaxud biz nə üçün dünya bazarına hazır məhsul deyil, xammal çıxarırıq?

Son bir ildə Azərbaycan Mərkəzi Bankı iki dəfə devalvasiyaya gedərək, manatı dollara qarşı ümumilikdə 98 faiz ucuzlaşdırdı. Bu addımı atmağa vadar edən səbəb kimi, dünya bazarlarında neftin kəskin şəkildə qiymətdən düşməsi göstərildi.
Bundan sonra ölkə iqtisadiyyatının mövcud tarazlığı pozuldu. Qısa dövr ərzində yeni şəraitə hazır olmayan hökümət, vəziyyətə adekvat münasibət sərgiləmədi.
Ümumilikdə həm devalvasiyanın mahiyyəti, həm də mövcud vəziyyətlərdə atılması zəruri olan addımlar haqqında fikirlərimi oxucularla bölüşmək istərdim.
Əvvəla devalvasiya pul vahidinin qızıl məzmununun rəsmi azalması, eyni zamanda pulun möhkəm (stabil, dayanıqlı) pul vahidlərinə görə məzənnəsinin aşağı düşməsi kimi anlaşılır. Bunu pulun xarici valyutaya görə alıcılıq qabiliyyətinin aşağı düşməsi faktı kimi də dəyərləndirmək olar. Devalvasiyanı, həyata keçirilməsi baxımından, iki növə ayırmaq olar. Mərkəzi Bankın rəsmi olaraq elan etdiyi “açıq” devalvasiya və milli pulun əsl qiymətini xarici valyutaya görə dövrdən çıxarmayaraq, aşağı salındığı “gizli” devalvasiya. Birinci haldan sonra yerli əmtəə məhsullarının qiyməti aşağı düşür, ikinci halda bunu tənzimləyərək aşağı salırlar.
Milli pulumuzun dəyərdən düşməsi bizim iqtisadiyyatın bilavasitə neftdən asılı olması ilə bağlıdır. Milli pulumuzun dəyəri, onun arxasında duran əmtəə məhsulu ilə müəyyənləşdirildiyindən, neftin dünya bazarında qiymətinin düşməsi, milli valyutamızın da devalvasiyaya uğraması ilə nəticələndi. Bu isə indiyə qədər hökümətin yürütdüyü səhv  iqtisadi siyasətin nəticəsidir.
Devalvasiyadan sonra ölkə daxilində əmtəə məhsullarının qiyməti, milli pulun dəyərdən düşmə nisbətinə uyğun, bahalaşmaya başladı. Bəzi daxili məhsulları tənzimləməyə cəhd edilsə də, bizim istehlakımızın böyük hissəsi idxaldan asılı oldugundan bahalaşmanın qarşısını almaq mümkün olmadı. Bahalaşma bilavasitə inflyasiyanın yaranmasına şərait yaratdı. Çünki əhalinin gəliri artmadığı halda, qiymətlərin artması, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə nəticələndi(İnflyasiya pulun alıcılıq qabiliyyətinin azalması nəticəsində yaranır-müəl.). İnflyasiyaya qədər vətandaş, müəyyən məbləğdə milli pul ilə istehlak səbətini doldura bilirdisə, indi həmin məbləğlə istehlak səbətini doldura bilmir. Eyni zamanda bu səbəti doldurmaq üçün daha çox pula ehtiyac yaranır. İstehlak səbətinin dolmayan hissəsini faizlə ifadə etsək, onda inflasiyanın da nə qədər baş verdiyini müəyənləşdirmək mümkün olacaqdır.
Hökümət bəzi yeyinti məhsullarının qiymətlərinin qalxmasının qarşısını almaq üçün inzibati tədbirlər görsə də, buna nail ola bilmədi. Misal üçün, yumurta 10 -12 qəpik idi, hal-hazırda 15-17 qəpikdir (50 faizə yaxın). Bundan başqa, yerli istehsal mallarından şəkər tozu 0,78 qəpikdən 0,99 qəpiyə qalxıb (22 faiz), yerli istehsal kərə yağı 7manat 20 qəpikdən 10 manat 80 qəpiyə (50 faiz), çörəyin qiymətinin də əlavə dəyər vergisi ləğv olunmasaydı, ən azı 20 faizə qədər qalxma ehtimalı var idi.

Azərbaycanda bütün daxili istehsal məhsulları bu və ya digər qaydada xarici bazardan asılıdır. Ona görə bazar qiymətlərini, hətta inzibati qaydada belə, saxlamaq mümkün olmadı. Bu qiymət artımı qarşılığında (ortalama 35 faiz) əhalinin gəlirləri təəsüf ki, artmayıb.
Qiymətlərin artmasına müvafiq olaraq inflyasiyanı üç cür səciyyələndirmək olar. İl ərzində artım 10 faizə qədər baş verirsə - mülayim,10 faizdən yuxarıdırsa - surətli,100 faizdən yuxarıdırsa - hiper inflyasiya kimi dəyərləndirmək mümkündür. Hal-hazırda Azərbaycanda surətli inflyasiya baş verir. İlin əvvəlində idxalın azalması və bir neçə bankın bağlanmasını isə hiper inflyasiyanın siqnalları kimi dəyərləndirmək olar.
Devalvasiya və onun yaratdığı inflyasiyanın vətandaşların budcəsinə bilavasitə (aztəminatlı, sosial yardıma ehtiyacı olan şəxslərə  daha açınacaqlı) təsiri: əmtəə və pul tədavülünün azalması, vətandaşın alqı-satqı mexanizmində iştirakçılıqdan yayınması ilə nəticələnmişdir. Bu isə bir-birindən asılı olan iqtisadi qanunauyğunluqların işləməməsinə və bunun nəticəsi olaraq ümumilikdə iqtisadiyyatımızın tənəzzülə uğramasına gətirib çıxaracaqdır.
Odur ki, mövcud durumdan ilkin olaraq çıxış yolları araşdırılmalı və idarəetmənin imkanlarından istifadə etməklə çevik iqtisadi və siyasi qərarlar vermək lazımdır. İqtisadi dedikdə, budcə, maliyyə-kredit, pul siyasətlərinin köməkliyi ilə  inflyasiyanın yaratdığı neqativləri aradan qaldırmaq nəzərdə tutulur. Dayanıqlı iqtisadiyyatın formalaşması üçün əlavə qanunvericilik bazası hazırlanmalıdır.
Devalvasiya şəraitində ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün, mütləq yerli məhsulların digər bazarlara çıxışı təmin edilməlidir. Amma çox təəsüf ki, uzun müddət stabil pul siyasəti yeridildiyi zaman iqtisadiyyatın digər sahələri (Ənənəvi söylənən qeyri-neft sektoru) inkişaf etdirilmədi və Azərbaycanın ixrac potensialı (burada söhbət hazır məhsuldan gedir) artırılmadı. Mövcud ixrac imkanlarına baxsaq, burada da rəqabətə dözümlü, müasir standartlara cavab verən çox az məhsul tapmaq olar.
Azərbaycanı inkişaf etməkdə olan ölkə kimi səciyyələndirsək və nəzərə alsaq ki, istehsal sahəsində həm ixtisaslaşmamışıq, həm də hazır məhsul istehsalında müstəqil deyilik (məhsulun maya dəyərini təşkil edən, istehsal potensialını təmin edən bütün elementlərin daxili imkanlar çərçivəsində mövcud olmaması), onda rəqabətə dözümlü məhsulumuz da çox az olacaqdır. Bu baxımdan  ilkin olaraq bizim yerli məhsullarımız üçün xarici bazarları da qəqiq müəyyənləşdirmək lazımdır. Məsələn, bu mərhələdə süd, şirniyyat məhsulları üçün Rusiya Federasiyası bizim üçün o qədər də cazibədar olmamalıdır.
Az-çox biz neft sahəsində ixtisaslaşmış hesab edilə bilsək də, xammaldan hazır məhsul alınmasında çox geri qalırıq. Neft ehtiyatları ümumiyyətlə olmayan bir sıra ölkələr milli gəlirin əhəmiyyətli  hissəsini dünya bazarından aldığı xam neftdən əldə etdiyi hazır məhsulun satışından formalaşdırır. Ona görə bu gün prioritetlər içərisində neft sektorundan hazır məhsul əldə edilməsi də olmalıdır.
İstehlak məhsullarına qoyulan vergilər azaldılmalıdır. Bu, öz növbəsində məhsulun maya dəyərinə təsir edəcək və qiymətlərdə qismən azalma olacaq. Qiymətlərin qismən nizamlanması istiqamətində atılan bu addım inflyasiyanın artma tempini də zəiflədəcək.
Bütün bunları nəzərə alaraq iqtisadiyyata təsir edə biləcək mexanizmlərdən istifadə etməklə möhkəm iqtisadi təməl qurulmalı və gələcəkdə iqtisadiyyatımızın bütünlükdə xarici faktorlardan asılılığı aradan götürülməlidir.
Rəşid MƏNSUROV