Bir deyir “hamı erməni dili öyrənməlidir”, digəri “kişi arvadına gördüyü xidmətlərin qarşılığında pul verməlidir”… - BU PARLAMENTİ YENİLƏMƏYİN VAXTI ÇATMAYIBMI?!

Baxış sayı:
739

Azərbaycanda dövlət idarəçiliyində yaşanan problemlərin qaynağının qeyri-effektiv idarəçilik sisteminin olması ölkənin bir sıra ictimai xadimləri, ekspertləri tərəfindən dəfələrlə səsləndirilib. Bunun ən diqqətçəkən əlamətlərindən biri ölkə iqtisadiyyatının fərqli sahələrinin bəzi şəxslərin nüfuz dairələrinə bölünmüş olmasıdır. Amma indi mövzumuz iqtisadi yox, birbaşa dövlətin qanunvericilik təməllərində duran parlament mənsublarının fəaliyyətinin ölkəyə, dövlət maraqlarına nə qədər xidmət edib-etməməsidir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə inteqrasiyasına töhfə vermək" üçün erməni dili kurslarının təşkil edilməsi barədə məlumat yayıldı. Təşəbbüsün müəllifi isə "Qarabağa dönüş" İctimai Birliyinin sədri, Xankəndi üzrə "təyin olunmuş" deputat Tural Gəncəliyevdir.

İlk öncə erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyasında erməni dilinin hansı rolu oynadığını öyrənmək maraqlı olardı. Görəsən, bu erməni milliyyətinə mənsub vətəndaşların öz dillərini öyrənməklə Azərbaycanda hansı karyera pillələrini fəth etmələri nəzərdə tutulur?! Azərbaycanda erməni dilli dövlət idarələri varmı? Əgər nəzərdə tutulan budursa, məqsəd aydın deyil. Çünki ölkədəki iş yerlərində ünsiyyət vasitəsi erməni, yaxud hansısa digər dillərdə yox, Azərbaycan türkcəsi ilə qurulur. Yoxsa Tural Gəncəliyev deputat olduğu üçün düşünür ki, onun təşəbbüsü cəmiyyətin digər fərdləri üçün də mütləq, yaxud yönləndirici xarakter daşıyır? Ümumiyyətlə, bu təşəbbüs hansı məntiqi təməllərə əsaslanır? Öz dillərini kurslarda öyrənməyə təşviq edilən, şərait yaradılan ermənilər Azərbaycanda yaşayan hansı xalqdan daha üstündürlər? Yoxsa deputatın nəzərdə tutduğu budur ki, azərbaycandilli məmurlar müxtəlif xalqlarla dövlət işlərini yürüdərkən hər xalqın nümayəndəsi ilə onunla öz dilində danışmalıdırlar?

Azərbaycanın Konstitusiyasına görə, dövlət qurumlarında istifadə edilən dil Azərbaycan dilidir. Erməni milliyyətinə mənsub şəxslər də daxil olmaqla, hər bir vətəndaş dövlət qurumlarından faydalanmaq, yaxud çalışmaq üçün Azərbaycan dilini bilməlidir. Misal üçün, çox uzağa getməyək, qonşu Gürcüstanda azərbaycanlıların gürcü cəmiyyətinə, dövlətinə inteqrasiyası üçün gürcü dili bilmələri tələbi mövcuddur. Bu tələb də ona görə qoyulur ki, dövlət qurumlarında çalışa bilsinlər. Onlarda Azərbaycan türkcəsini, yaxud digər xalqların öz dillərini öyrənməsi üçün kurslar açılması təşəbbüsü yoxdur. Çünki qonşularımız gürcülər öz dövlətlərinə və dövlət dillərinə hörmət bəsləyirlər. Bizdəkilər kimi "aşağılıq-natamamlıq kompleksi"ndən əziyyət çəkmirlər.

Rusiyada, vətəndaşlara demirəm, hələ MDB məkanından bu ölkəyə gedən miqrantlara aid son şərtlərdə rus dili tələbi qoyuldu. Rusiayada, yaxud Gürcüstanda Azərbaycanda ortaya atdığınız ideyanı ata bilərsinizmi? Fikrimizcə, bu təşəbbüsə girişməzdən öncə, deputat deyilən şəxslər atdığı addımların dövlət maraqlarına nə qədər xeyir verəcəyi, yaxud ziyan vuracağını götür-qoy etməlidirlər. Belə addımlar Azərbaycanda etnik-milli zəmində münaqişə yaratmaq istəyənləri fəaliyyətləri üçün "ideya" rolunu oynamaqdadır. İlk növbədə deputat Gəncəliyev demokratiyanın "ağını çıxarmaqdansa" (hərçənd burada demokratiya əlamətləri yoxdur, dağıdıcılıq əlamətləri var), ermənilərə separatçılıq meyllərini körükləməkdən ötrü geniş meydan verməkdənsə, Qarabağ ermənilərinə ölkəmizin dövlət qurumlarında çalışmaq, eləcə də Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq üçün Azərbaycan dili biliklərinə malik olmağın mütləqliyini, vacibliyini başa salsın, anlatsın.

Amma belə görünür ki, ilk növbədə deputatın özü bunu anlamalıdır. Özünün anlamadığı məsələləri erməni vətəndaşlarımıza necə başa salacaq?! Bir halda ki, böyük ehtimalla öz xəyalında demokratiya naminə təxəyyül gücünün icad etdiyi yersiz, ziyankar təşəbbüsləri ilə dövlətə zərər vurmasının fərqində deyil, elə isə, biz deyə bilərik: Cənab deputat, heç uzağa getmədən qonşu Gürcüstandan nümunə götürün, faydalanın. İnteqrasiya ölkədəki bütün etnik xalqların dövlətin əksəriyyət böyüklüyünü təşkil edən və dövlət dili statusu almış dili öyrənmək yolu ilə əmələ gəlir. İntqrasiya dövlət məmurları statusunda olanların digər etnik xalqların dilini öyrənməsiylə olmur. Deputata xatırladaq ki, ölkəmizin dövlət müstəqillik aktından 30 il keçsə də, Azərbaycan dili hələ də Bakının mərkəzində rus dili ilə müqayisədə üstünlüyü tam təmin edə bilmir. Ən sadə misalla desək, Bakının mərkəzində də, mərkəzdəki mağazalarda da rus dilinin hansı çoxluqda işlənməsinin hamımız şahidi olmuşuq və oluruq da. Hətta bir sıra qurumlarda da bu hal var. İndi Tural Gəncəliyev, siz bu hala daha birini də - erməni dilini də əlavə etmək fikrinə düşmüsünüz. Maraqlıdır, Xankəndi Azərbaycanın tam nəzarətinə keçən zaman Bakıda rus dili ilə yaşanan vəziyyəti Xankəndidə erməni dili ilə işə salmaq fikrindəsiniz?   

Sizin və sizin kimi deputatların xalqdan uzaq, əndrəbadi təxəyüllünüzlə, yersiz təşəbbüslərinizlə dağıdıcı ideyalarınızla gündəmə gəlməyinizdə "sizi təyin edənlərin" süçü inkar olunmazdır. Özünüzə umac ova bilmirsiniz, erməni vətəndaşlara "erməni dili kursları ilə əriştə kəsirisiniz". Yaxşı olar ki, deputatlarımız - əslində təyin edilmişlər- öz təxəyyüllərinin məhsullarını dövlətin strateji məqsəd və hədəfləri kimi qələmə verməkdən əl çəksinlər.

Yeri gəlmişkən, daha bir deputat da - Musa Quliyev hansısa abstrakt, elmə məlum olmayan fantaziya ilə düşünür ki, ailə başçısı olan kişi arvadına ev təsərrüfatında olan qatqıya görə pul verməlidir. O biri isə düşünür ki, erməni vətəndaşlar Azərbaycan cəmiyyətinə inteqrasiya etmək üçün mütləq hamı erməni dilini öyrənməlidir. Sanki Azərbaycan adlı ölkə bunların şəxsi abstrakt fantaziyalarının test arealıdır. Bu parlamenti sizlərdən təmixləməyin vaxtı çoxdan çatıb...

Günay MƏMMƏDOVA