"Belə ideyalar dövləti məhv edir" - Sərdar Cəlaloğlu

ABŞ kimi nəhəng dövlətlərin xarici siyasəti 5-10 il müddətinə hesablanmır. Əksinə, nəhəng dövlətlərin xarici siyasəti 50-100 illik strateji xəttə uyğun olaraq hazırlanır. Bu zaman prezidentlərin bu xətti dəyişməsi sıfıra yaxın olur.
Bunu Teleqraf.com-a ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursunu şərh edən ADP sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, hətta Türkiyə də belə hədəf hazırlayıb: “Ankaranın Avropa və ABŞ-la ziddiyyətə girməsi, Yaxın Şərqdə atdığı addımlar strateji xətlə bağlıdır. Yəni dövlət nə qədər güclüdürsə, iddiası böyükdürsə, onun siyasəti də 3-5 illik ola bilməz. Əksinə 50-100 illik strateji kurs olmalıdır. Dəyişən hakimiyyətlər, qurulan hökumətlərdə fəaliyyətini buna uyğun qurmalıdır”.
S.Cəlaloğlu qeyd edib ki, prezidentlərin bu prosesdə iştirakı taktiki siyasətdə müəyyən improvizələr etməkdir: “İndiki halda dünyada vəziyyət o qədər gərgindir ki, şəxslərin şıltaqlıq edərək, istədiyi taktiki dəyişikliklərə getmək imkan yoxdur. Donald Trampbiznesmen idi, dünyada qlobal siyasi hadisələri o qədər dərindən bilmirdi. Nəzərə alın ki, sıxlıq nə qədər böyükdürsə, orada nizamın pozulması bir o qədər çətin olur və bir o qədər də ağır nəticələr yaradır. İndi dünya o qədər sıxdır ki, ABŞ Koreya və Rusiya ilə bağlı ənənəvi siyasətindən fərqli qərar verərsə, bu, ABŞ-ın özü üçün ciddi problemlər yarada bilər. Bu baxımdan Tramp romantik təklif, düşüncə və ideya ilə hakimiyyətə gəlmişdi, amma hakimiyyət romantika ilə idarə olunmur. İnqilabi ideyalar cəmiyyəti dəyişdirməyə kifayət edir, amma hakimiyyətdə inqilabi ideyalar dövləti məhv edir. Bu mənada Tramp seçkilərdə inqilabçı kimi böyük kütlələrin rəğbətini qazandı, amma hakimiyyətə gəldikdən sonra gördü ki, hakimiyyət real siyasət tələb edir. Reallıqla romantika arasında isə ciddi fərq var. Prezident Tramp da tədricən reallıqla romantika arasındakı fərqi anladıqca özünün taktiki iddialarını ABŞ dövlətinin strateji maraqlarına uyğunlaşdırmağa məcbur olur. Əvvəlcə deyirdi ki, Rusiya ilə münasibətləri düzəltmək istəyir, amma sonrada Rusiyaya qarşı sanksiyaları artırdı. Əvvəl deyirdi ki, İranla danışmaq olar, sonra münasibətlər pisləşdi. Bildirmişdi ki, Türkiyə ilə münasibətlər yaxşı olmalıdır, lakin Türkiyəyə strateji silahların verilməsini qadağan etdi. Eləcə də Avropa məsələsində konfrontasiya tərəfdarı idi, lakin bu da baş tutmadı. Demək istəyirəm ki, böyük dövlətlərin strateji siyasətlərini bir prezidentin dəyişməsi mümkünsüz görünür”.
S.Cəlaloğlu qeyd edib ki, əslində kiçik dövlətlərdə hakimiyyətə gələn şəxs xarici siyasəti istədiyi səmtə döndərə bilər: “Çünki klassik mənada dövlət yoxdur və strateji siyasət yoxdur. Belə dövlətlərdə hakimiyyət adətən taktiki siyasət aparır. Amma nəhəng dövlətlər gələcəyə baxır, 30-50 illik siyasi planlar qurulur. Bu mənada ABŞ nəhəng dövlətdir və dünyanın nizamını heç bir halda poza bilməz”.