"Baş nazirin Əli Əsədov olacağı barədə məlumatlar doğrudur" - DEPUTAT VAHİD ƏHMƏDOV

Baxış sayı:
753

Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Novruz Məmmədovun istefa verəcəyi gözlənilir. Məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Məlumatı Meydan TV-yə deputat Vahid Əhmədov təsdiqləyib.
Vahid Əhmədov yeni Baş nazirin Əli Əsədov olacağı barədə məlumatların da doğru olduğunu deyib.
Deputat əlavə suallara cavab verməyib.
Novruz Məmmədov ötən ilin 21 aprel tarixində Baş nazir vəzifəsinə təsdiqlənib.
Əli Əsədov — Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.
O, 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub.
1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda fosent, kafedra müdiri vəzifələrində çalışıb.
Əli Əsədov 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Prezidentin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Əli Əsədov İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Administrasiya rəhbərinin müavini təyin edilib.
O, 2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.