“Bakını göz yaşları içində tərk etdim”

Zöhrə Batalova: “İnsanların danışqılarını duyduqca, elə bilirdim ki, Başkortstandan dışarıda deyiləm”

Onunla bir qış günü, Türkiyənin Eskişehir şehərində “I Türkvizyon Uluslararası Müzik Yarışması”nda tanış olmuşduq. Başkortstan Dövlət Televiziyasında çalışan köhnə dostlarımdan Ramiz Dövlətbaevi və Gövhər Batalovanı soruşdum. Daha sonra isə, Ufa və Başkortstandakı son yeniliklərlə maraqlandım. Beləliklə də Başkortstanı burada yaxından tanıyan birisi kimi, bu tanışlıq dostlüq münasibələrinə çevrildi. Sən demə, bu xanım ana dilindən savayı Tatar, Azərbaycan, Anadolu Türkcələrini də çox yaxşı bilirmiş. Həyat yoldaşı Marat Abdullin və oğlu Mürtəza da ortaq Türk dəyərlərinə böyük sayğı göstərir. Zöhrə Batalova Başkortstan Dövlət Televiziyası və Radiosunun öncül aparıcılarından biri sayılır. Onun rəhbərliyi altında hazırlanan və yayınlanan proqramlarda Ural boyunca yaşayan bütün toplumların mədəniyyət düzənini yüksək səviyyədə nümayiş etdirməsinə görə, hamı tərəfindən sevilir. Elə onunla bu yöndə söhbət etdik.
–Zöhrə xanım, siz işinizlə bağlı daim səfərlərdə olursunuz. Səsiniz gah Uralın hansısa adi bir kəndindən, bəzən də uluslararası mədəniyyət toplantılarından eşidilir. Bunca səfərlərdə olmaq sizi yormur ki?
–Əlbəttə, yollar adamı bəzən çox yorur. Xüsusilə də qadın üçün bu daha əziyyətlidir. Ancaq, mən peşəmdən heç bir zaman nə yoruldum, nə də usandım. Həyat yoldaşım da bütün bunlarda mənə arxa-dayaqdır.
–Bəs oğlunuz Mürtəza sizə görə darıxmır ki? Axı o hələ ki, balacadır.
–Onun adını ilk prezidetimiz Mürtəza Rəhimovun şərəfinə qoyduq. Çağdaş Başkortstan dövlətçiliyinin təməlini qoydu. Tarixdə ilk dəfə olaraq, bizlər artıq respublika statusu ilə tanınmaqdayıq. Onun yüksək səviyyədə iradəsi, respublikamızda yaşayan xalqları barış və hüzur içində birgə yaşayış düzəninə yönəldə biləcək ən güclü liderlərdən biri idi. Bax oğlumuza buna görə o adı verdik. Təbii ki, mən də bir ana kimi ezamiyyətə gedəndə oğlum üçün darıxıram. O, da mənim üçün darıxır. Elə ki, səfərdən geri dönəndə əla bir hədiyyə verirəm ona, sanki, dünyanı bağışlayıram.
–Zöhrə xanım, Başkortstanda çoxlu sayda Azərbaycandan olan insanlar yaşayırlar. Hətta onların diaspor təşkilatları da vardır. Azərbaycan Diasporunu Başkortstanın ictimai-mədəni həyatında iştirakı nə yerdədir.
–Başkortstanda heç bir zaman azərbaycanlılar üçün problemlər olmayıb. Bu indi də belədir. Bizdə aydınların və alimlərin sözünə daha çox inanırlar. Türk Dünyasının ən dahi şəxsiyyətlərindən biri olan Zəki Vəlidi Toğanın Azərbaycan haqqında çox dərin və möhtəşəm elmi əsərləri var. Sizlər üçün Məmmədəmin Rəsulzadə kimdirsə, bizlər üçün də Zəki Vəlidi Toğan həmin missiyanının daışıyıcısıdır. Başkortstanda fəaliyyət göstərən soydaşlarınızın “Ümumrusiya Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının yerli özəyi fəaliyyət göstərir. Bu təşkilat həm Azərbaycan, həm də Başkortstan məsələsində daim dövlətçi mövqe sərgilədiyi üçün, onlarla sıx əməkdaşlıq edirik. Qurumun başqanı Mirzə Dadaşov demək olar ki, Başkortstanın KİV-lərində, mədəniyyət nazirliyimiz tərəfindən düzənlənən törənlərdə böyük şövqlə iştirak edir. Hətta onun rəhbərliyi altında musiqi-folklor ansamblı da yaradılıb. Həmin ansamblda sizin diaspora məxsus ailələrin uşaqları çıxış edirlər. Bundan əlavə, Başkortstanda faktiki olaraq, Novruz Bayramı münasibəti ilə hər il keçirilən törənlərdə və folklor festivallarında burada yaşayan azərbaycanlılar da yaxından iştirak edirlər.
–Başkortstan bir respublika olaraq, Türk Dünyasında baş verən bir çox qurultaylarda, konfranslarda hər zaman fəallıq göstərir. Hətta Uluslararası Başkort İcmaları Birliyi adlı qurum yaradaraq, bu prosesdə daha aktiv şəkildə iştirak edir.

–Başkortstan indiki coğrafi məkanla məhdudlaşmayıb. Çarlıq Rusiyası və Sovetlər Birliyi dönəmində İosif Stalinin Türk xalqlarına qarşı apardıqları siyasətin nəticəsi kimi, bizim torpaqlarımızı uezdlərə, müxtəlif vilayətlərə, quberniyalara bölünmüşdür. İndi ərazimiz 143 min kv. km-dir. Halbuki, tarixi ərazilərimizin tutumu bundan dəfələrlə çoxdur. Biz indi kimsəyə ərazi iddiası irəli sürmürük. Respublikanın xaricində yaşayan soydaşlarımızla mədəni-ictimai əlaqələrimizi qurmaqla inteqrasiya yoluna üz tutmuşuq. Bunun da çox geniş mənada effekti vardır. Teatr və musiqi kollektivlərimiz daim qastrol səfərlərinə çıxaraq, soydaşlarımıza mədəni xidmət göstərirlər. Hər il “Başkort folkloru” festivallarını keçiririk. Orenburq, Çələbi, Kurqan, Samara, Sarı Torpaq, Sverdlovsk və başqa vilayətlərdə fəaliyyət göstərən “Başkort Mədəniyyət Mərkəz”ləri də yaxından iştirak edirlər. Təbii ki, bizim mədəniyyət sahəsində aparılan tədbirlərimizə Tatar, Azərbaycan, Qazax, Tuva, Xakas, Çuvaş və başqa Türk boylarının mədəniyyət mərkəzləri, diaspor təşkilatları da qatılırlar. Öncələr belə şeylər demək olar ki, yox kimiydi. Onu da bildirmək istəyirəm ki, Rusiya Federasiyasında xalqların milli tərkibinə görə, sayca biz Başkortlar dördüncü yerdəyik.
–Onu da duyduq ki, Başkortstanda Qarabağ probleminə münasibət tamamilə fərqlidir...
–Bizlər bütün bunları necə unuda bilərik? “Qarabağ” sözü Türk sözü olduğuna görə, elə həmin ərazilər də sizlərə məxsusdur. Bizdə Başkort, Tatar və Çuvaş tütrcələrində çoxlu sayılar dərc olunub. “Türk Xalqları Assmableyası”, “Dünya Türk Gəncləri Birliyi”, başqa uluslarası qurumlarda zatən bizlər hər dəfə Qarabağ məsələsini gündəmə gətiririk. Onu da xatırladım ki, Qarabağ məsələsinə görə, Başkortstanda yaşayan erməni və yezidi kürdləri əvvəllər insanların bilgisizliyi ucbatından öz maraqları çərçivəsində müəyyən fəaliyyətlərdə olmaq istədilər. Ancaq, hökumət səviyyəsində, bir də bizim alimlərin elmi məntiqə söykənən fundamental məqalələri sayəsində onlar susduruldular. Bununla yanaşı, Başkortstan və Azərbaycan arasında geniş mənada mədəni, iqtisadi və digər əlaqələr ildən ilə daha da inkişaf etməkdədir. Məncə, hər iki respublikanın potensial imkanlarından daha çox faydalanmaq lazımdır. Başkortstanda istehsal olan “KumAPP” helikopterləri dünyanın ən müasir standartlarına cavab verir. Maşınqayırma sahəmiz də artıq sürətlə inkişaf edir. Başkortstanla Azərbaycan arasında ticarət əlaqələrinin tutumu artıq 50 milyon dollara yaxınlaşmışdır.
–Eşitdik ki, Başkortstanın başkəndi Ufada Azərbaycan Türkcəsində məktəb, hüquq müdafiəsi və mədəniyyət mərkəzləri də fəaliyyət göstərir.
–Elədir ki, var. Hətta Azərbaycan Türkcəsi məktəbinə Tatar, Başkort və Çuvaş Türkləri də gəlirlər. Ortaq Türkcəni öyrənməklə bir sıra uğurlara da imza atmaq olar. Mən özüm Azərbaycan Türkcəsini elə sizinkilərdən öyrənmişəm. Hətta burada sizin soydşlarınız “Araz” Futbol Komandası yaradıblar. İki il öncə bu klub həvəskar futbol üzrə keçirilən respublika çempionatında 1-ci yeri tutub. Ufadakı “Xəzər” restoranı demək olar ki, çoxlarının ən çox sevdiyi və istirahət etdiyi bir məkan sayılır. Burada hamı Azərbaycan mətbəxi ilə tanış olur. Milli yeməklərinizi dadırlar. Bizi ən çox sevindirən hadisələrdən biri də, Azərbaycan Diasporunun humanitar yönlü fəaliyyətləridir. Onlar müharibə veteranlarına, kimsəsiz uşaq evlərinə, əlil mərkəzlərinə daim humanitar yardımlar edirlər. Başqa xalqların diaspor təşkilatlarının bunca humanitar aksiyalarda iştirakını şəxsən mən görmədim. Diasporun digər fəaliyyəti isə, mütəmadi olaraq, bizim milli kitabxanamıza və Ufa Dövlət Universitetinə Azərbaycanda nəşr edilmiş kitabları hədiyyə etməsidir. Ufadakı “Azərbaycan Hüquq Mərkəzi”nin fəaliyyət dairəsi isə, soydaşlarınıza rus dilini bəzən yaxşı bilmədiklərinə görə, onlara hüquqi yardımların edilməsi ilə müşahidə olunur. Rəsmi statistikaya görə, Başkortstanda 4500 nəfər azərbaycanlı yaşayır. Onlar burada heç də özlərinin yad ölkədə olduğu kimi hiss etmirlər. Sevindirici məsələlərdən biri də Azərbaycan və Başkort Türkləri arasında son illərdə qarışıq ailələrin sayının artmasıdır.
–Bəs özünüz necə, rəhbəri olduğunuz “Yuldaş” (Yoldaş) radio proqramlarında bayaq qeyd etdiklərinizi işıqlandırırsınızmı?

–“Baçkortstanda hazırlanmışdır”, “Doğma tərəf”, “Müxbirin qeydləri” adlı radio verilişləri mənim əsas müəllif proqramlarımdır. Bundan əlavə, “Dayra” (çevrə), Yaradıclıq Birliyi ilə birlikdə “Sələmətlek” (salamat qalmaq), “Şəmsırak” (yolunuz ağ olsun), “Şarlauık” (maraq) və “Saktamaş” (irs) adlı başqa layihələrimi də həyata keçirirəm. Bütün bunlara görə heç bir zaman yorulmadım. Hətta illərin təcrübəsini bir zamanlar təhsil aldığım Ufa Dövlət Universitetinin jurnalistika və filologiya fakültəsinin tələbələrinə böyük həvəslə öyrətməyə çalışıram.
–Həm də bütün bunlara görə sizə ödüllər də verilib.
–Anadan olduğum Aski şəhərinin yerli hakimiyyət, mədəni təsisatları ilə sıx əlaqələrim var. İlk dəfə mənə verilən ödül Aksi şəhər bələdiyyəsinin təşəbbüsü ilə təqdim olunub. “Şahit Xudayberdin adına Mükafat”a layiq görülməyim isə, məndə çox böyük mənada qürur hissi oyatdı.
–Başqa ödüllər də aldınızmı?
–İlk ödül ilk sevgi kimidir. Həm qürur hissi keçirirsən, həm də sənə dəyər verilməsinə görə daxilən daha da özünü xoşbəxt sayırsan. Həyatda insana qiymət verəndə bunun mənası o qədər dəyərli olur ki. Bəzən söz tapmaqda belə, aciz qalıram. Türk Dünyası Yazarları və Qəzetçilər Dərnəyinin ödülünü isə heç zaman unutmayacam. TÜRKSOY tərəfindən mənə verilən bu ödül əməyimə və Türk Dünyasına xidmətə görə verildi. O qədər sevincli anlar yaşadım ki. Elə indinin özündə belə, xatırlayanda az qala sevincdən qanad açıb uçam.
–Deyəsəsn, hərdən mahnı və şeirlər də yazırsınız.
–Bu mənim həyatımın və yaradıcılığımın ayrılmaz bir parçasıdır. Əsasən kuray, kobız, dombıra, sıbızqı, işkuray, uzlyau, zornay, borqo, kamış kuray, bayan, aqas (ağac), teyme, şakıldaq, kubız, donqor, dıbıla, kabak, dumburzyak alətlərində ifa edilməsi gərəkən mahnıları bəstələyirəm. Aerofon və idifon musiqi alətlərində Uzlyau, Tüben Uzlyau, Yuqarı Uzlyau, Bala Uzlyau (Katın (qız) Uzlyau), Uzun Küy, Xalmak Küy, Kıska Küy, Aul Küy və Uram Küy janrlarında mahnılar yazıram. Sizlərdə olduğu kimi bütün bunlar bayatı üslubunda yazılan mahnılar xalq tərəfindən daha asanlıqla başa düşülür. Faktiki olaraq, Başkort milli musiqinin təməli məhz bunun üzərində qurulub.
–Azərbaycanda oldunuzmu?
–Bir neçə dəfə olmuşam. Bu əsasən rəsmi törənlərlə bağlı olub. Yəni TÜRKSOY tərəfindən düzənlənən törənlərə qatılmışam. Gəncə və Şəki məni o qədər valeh etdi ki. Hələ də o yerlər yadıma düşəndə bir daha oraları gəzib dolaşmaq istəyirəm. Oğluma söz vermişəm ki, Azərbaycana növbəti səfərimdə onu da aparacam. Son dəfə Bakını göz yaşları içində tərk etdim. Xəzər sahilini necə unutmaq olar? İnsanların danışqılarını duyduqca, elə bilirdim ki, Başkortstandan dışarıda deyiləm.
Söhbətləşdi: Ə. Yusifoğlu