Bakıda “Əl-Qaidə” və “Cundu Şam” terror qruplaşmalarının iki üzvü məhkəmə qarşısında - “SURİYAYA SAVAB ƏMƏLLƏR ÜÇÜN GETMİŞDİK...”

Baxış sayı:
7492

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Qəbələ rayon sakini Əfqan Aslanov və Yevlax rayon sakini Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada “Cəbhət-ən Nusra” (“Əl-Qaidə” terror qruplaşmasının Suriya özəyi”) və “Cundu Şam” adlı radikal dini qruplaşmaların tərkibinə qoşulublar, təlimlərdə iştirak ediblər, silahla təchiz olunublar. Sonradan Azərbaycana qayıdıblar. Hər iki şəxs 2019-cu ildə həbs ediliblər. Təqsirləndirilən Əfqan Aslanov məhkəməyə verdiyi ifadəsində dini düşmənçilik zəminində heç bir cinayət törətmədiyini, “savab işlər görmək” məqsədilə Suriyaya getdiyini, lakin sonradan aldanıldığını başa düşdüyünü göstərib. “Qəbələdə Məhəmməd adlı şəxs vardı. O, deyirdi ki, bütün bunlar savab əməldir, xeyirxah işdir. Bizə psixoloji təsir edirdi. Biz Suriyaya qaçqınları sərhəddən keçirmək məqsədilə getmişdik. Doqquz nəfər idik. Türkiyə ilə Suriya sərhədi açıq idi. Suriyada olanda isə başqa şeylər gördüm, aldanıldığımı başa düşdüm, qayıtmaq istədim, buraxmırdılar. Döyüş bölgəsində olmamışam. Təlim nə olduğunu bilmirəm. 2014-cü ilin yanvarında rayona gəldim. Sonradan məni MTN-ə çağırdılar, ifadəmi aldılar, dedilər heç bir cinayət törətməmisən, buraxdılar”,-Aslanov ifadəsində bildirir. Əfqanın ifadəsinə görə, 2017-ci ildə başqa bir cinayətə - kustar üsulla ov tüfəngi düzəltdiyinə görə istintaqa çağırılıb. Amma bu dəfə də həbs edilməyib: “Biz kənddə yaşayırıq. Dörd bir yanımız meşəlik, vəhşi heyvanlarla doludur. Ov tüfəngini heyvanları qorxuzmaq üçün düzəltmişdim. Məni də silaha görə saxlamışdılar. Həmin vaxt Suriyaya getməyimlə bağlı yenə də ifadəmi aldılar, amma Suriyaya getməyimə görə həbs etmədilər. Bir müddət sonra yenidən rayon DTX-nə çağırdılar və Bakıya – DTX-nın istintaq idarəsinə getməyimi bildirdilər. Mən də getdim”. Tərəflərin suallarını cavablandıran Əfqan Suriyada onları Aqil Hacıyevin (“Sumqayıt camaatı”nın əmiri, əslən Lənkərandan olan A.Hacıyev “Talış Aqil” ləqəbi ilə də tanınıb. Bəzi mənbələrdə onun “ən-Nusra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən əsir götürüldüyü, şəriət qanunlarına əsasən barəsində hökm çıxarıdığı bildirilir-red.) qarşıladığını deyib. “Mənim Suriyaya getməkdə niyyətim başqa olub. Silahdan cəmisi bir dəfə istifadə etmişəm. Onda da göyə atəş açmışam. Biz olduğumuz bölgədə silah hamıda var idi. Orada qaldığım müddətdə ev təmiri ilə məşğul olmuşam, qapı, pəncərə düzəltmişəm. Rayonda da taxta sexində işləmişəm. Heç bir təlimdə olmamışam. Suriyadan qayıdandan sonra 6 il azadlıqda olmuşam. İstintaqa da özüm getmişəm. Cinayətkar olsaydım qaçardım, gizlənərdim”. Təqsirləndirilən Bilal Hacıyev ifadəsində Suriyadakı qaçqınlara kömək lazım olduğunu Yevlax məscidində eşitdiyini, oraya da məhz kömək məqsədilə getdiyini deyib: “Həmin vaxtlar Suriya söhbətləri yenicə başlayırdı. Biz Suriyadan Türkiyəyə keçən qaçqınlar üçün qurulan çadırlarda insanlara yardım edəcəkdik. Doqquz nəfər idik. “Abu Muhammad” (Aqil Haciyevi nəzərdə tutur-red.) bizi sərhəddə qarşıladı, Suriyanın içərisinə doğru apardı. Soruşdum ki, bizi niyə bura gətirmisən? Hətta mübahisə də etdim. Dedim ki, bomba düşər, ölərəm. Dedi ki, ölsən heç nə olmaz, savabdır. Sonra bir evə apardılar. On beş gün həmin evdə qalmışam. Orada aşpaz işləmişəm. Tez-tez Azərbaycana dil uzadırdılar, bizə deyirdilər ki, bunlar kafirdirlər. Qaçmağa məqam axtarırdım. Pulum da yox idi. Orada bir motosikleti olan vardı, ondan xahiş etdim, məni sərhədə apardı”. Bilalın ifadəsinə görə, Suriya sərhədini keçdikdən sonra Türkiyədəki məscidlərdən birinə üz tutub. Məscidin gözətçisinə yalvarıb, gedəcək yeri, pulu olmadığını, Allahın evinə sığınmağa gəldiyini deyib: “Həmin gözətçi mənə çox köməklik etdi. İş tapdı, ay yarım orada işlədim. Yolpulu düzəldib Azərbaycana qayıtdım. Valideynlərimə Suriyaya gedəcəyim haqda heç nə deməmişdim, onların xəbərləri yox idi. Rayona qayıtdıqdan sonra məni MTN-ə çağırdılar, ifadəmi aldılar, sərbəst buraxdılar”. B.İsmayılov ifadəsində Suriyada döyüşlərə qatılmadığnı, təlimlərdə iştirak etmədiyini deyib: “Bizi ölümlə qorxudurdular, deyirdilər, qoşulun bizə. Kənd kimi bir yer idi. Əfqan da mənim yanımdaydı. Orada heç nəyə qarışmamışam. Azərbaycana qayıdandan sonra MTN-ə çağırıb ifadəmi aldılar, həbs olunmadım. Əfqan tutulduqdan 20 gün sonra məni çağırdılar həbs elədilər”. Məhkəmə prosesi noyabrın 27-də davam edəcək.