“Bakı kinoteatrlarında uşaqlara erotika göstərilir” iddiası

Baxış sayı:
8668

Rəsmi açıqlama gəldi; mütəxəssislər və psixoloq isə çıxış yolu göstərdilər...

“Park Cinema” (18+) filmləri uşaqlara nümayiş etdirir. Bu barədə minval.info saytı məlumat yayıb. Məlumatda bildirilir ki, sosial şəbəkə istifadəçisi Nigar Nazim adlı xanım bildirib ki, “Metro Park” TM-də yerləşən “Park Cinema” kinoteatrında ağır psixoloji yükü olan “Joker” filminə baxıb.

“Film uşaqlıq travmalarından bəhs edir. Amma filmə ”18 yaşdan yuxarı insanlar üçün" məhdudiyyəti olmasına baxmayaraq, zalda balaca uşaqlar var idi. Çıxanda bilet yoxlayanlardan soruşdum ki, niyə uşaqları zala buraxırsınız? Çaşbaş qalıb dedi ki, “Tək buraxmırıq ki, yanında böyük olur”. Ayıbdır, 20-30 manata görə belə hərəkət etmək olmaz", - deyə qadın qeyd edib.

Paylaşımın şərh bölməsində bir çox istifadəçi də kinoteatr haqqında bənzər sözlər yazıb, yaş məhdudiyyəti olan filmlərə uşaqların buraxıldığının şahidi olduqlarını yazıblar.

“Park Cinema”  şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev isə Minval.info-ya deyib ki, burada qadağadan söhbət getmir: “Yaş məhdudiyyətini biz təyin etmirik. Nazirlik və studiyalar təyin edir. Bu da ölkədən-ölkəyə dəyişir. Hər bir ölkədə bu tövsiyə xarakterlidir. ABŞ-da belə, bu cürdür, Avropada da. Biz heç kimə filmə baxmağı qadağa qoya bilmərik. Yaş məhdudiyyəti qadağa demək deyil, tövsiyə xarakterlidir”.

Qeyd edək ki, adıçəkilən  “Joker” filmi hazırda dünyada ən məşhur filmlər sırasındadır. Film haqda tənqidçilərin rəyi müxtəlifdir. Onların bir qismi hesab edir ki, film aqressiv və şiddəti təşviq edən filmdir. Bu baxımdan  uşaqların, yeniyetmələrin bu filmi izləməsi tövsiyə edilmir.

Ümumiyyətlə, Amerika Kino Assosiasiyası valideynlər üçün övladlarının filmlərə baxışını müəyyənləşdirmək üçün kateqoriyalar təyin edib. Belə ki, 13+, 16+ və 18+ yaş kateqoriyaları üzrə filmləri müəyyənləşdirən sistem ekran əsərlərinin yaxşı və ya pis olacağı barədə öz üzərinə tənqid funksiyasını götürmür. Sadəcə, uşaq gözü üçün filmin potensial təhlükəsini müəyyənləşdirir. ABŞ, Avropa ölkələri, o cümlədən qonşu Türkiyə və Rusiyada istehsal etdikləri və ölkəyə idxal olunan filmləri yaş kateqoriyası üzrə müəyyənləşdirən sistem fəaliyyət göstərir. Sistemə görə, “Yaş məhdudiyyəti yoxdur”, “Yeniyetmələr üçün məhdudiyyət. 11 yaşdan 13 yaşa qədər”, “16 yaşa qədər”, “17 yaşlı yeniyetmələr üçün”, “18 yaşdan yuxarı insanlar üçün” və s. kateqoriyalar müəyyənləşib. Belə ki, hər bir kinofilm üçün xüsusi komissiya yaradılır və çəkiliş qrupunun məhsuluna baxış keçirilir. Baxışdan sonra səsvermə nəticəsində filmin hansı kateqoriyaya aid olması müəyyənləşdirilir. Ekran əsərinin prodüserləri komissiya ilə razılaşmayanda apelyasiya verə bilərlər. Bu zaman təkrar komissiya yaradılır və 14 və ya 18 nəfərin iştirakı ilə keçirilən iclasda film yenidən müzakirəyə çıxarılır. Qərardan sonra film prodüserlərin qərargahına göndərilir. Daha sonra yaradıcı heyət özü qərar çıxarır: ya həmin səhnələri kəsib atmalı olurlar, ya da komissiyanın rəyi ilə razılaşmaq məcburiyyətində qalırlar.

Bəs Azərbaycanda vəziyyət necədir? Bu məsələyə hansı qurum nəzarət edir?

Müşfiq Hətəmov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri, Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov “Yeni Müsavat”a danışdı: “Nazirlik kino haqda qanuna əsasən  irqi, pornoqrafik, milli dəyərləri pozan filmlərin qeydiyyatına icazə vermir. Həmçinin nazirliyin vəzifə borcudur ki, digər filmlərin yaş kateqoriyasını təyin etsin. O ki qaldı kinoteatrların yaş kateqoriyasını pozması, Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq bu barədə xəbərdarlıqlar olunur. Lakin bu məsələyə görə cəzalandırmaq nazirliyin səlahiyyətində deyil.

Yəqin ki, məlumatınız var, kino ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim olunub. Həmin qanun layihəsində bir çox məsələlər var, o cümlədən nəzarət mexanizmi haqda".

Qurum əməkdaşı qeyd edib ki, bəzən xarici filmlərin yaş məhdudiyyətində dəyişiklik etmək zərurəti yaranır: “Biz filmlərə baxırıq, bəzən olur ki, 16+ qoyulan filmlərə biz 18+ qoymalı oluruq. Amma elə filmlər də var ki, olduğu kimi qalır. Artıq Avropanın özündə hazırda bu məsələ ilə bağlı çox ciddi nəzarət var. Bu gün bizim əsas problemlərimizdən biri də bədii təsir vasitələri ilə cəmiyyətə ötürülən mənfi amilləri neytrallaşdırmaqdır. Ümumilikdə dünyada gedən qloballaşma prosesində mənfi informasiyanın axını məsələsi var ki, bunun da qarşısını almaq üçün biz özümüzə məxsus sənət nümunələrini təqdim, təbliğ etməliyik ki, həmin təsir vasitələri zəifləsin”.

İlqar Fəhmi ile ilgili görsel sonucu

Yazıçı, kinodramaturq İlqar Fəhmi isə qeyd etdi ki, məsələni ciddi tənzimləmək üçün xüsusi komissiya yaradılmalıdır: “Çünki bu məsələni kinoteatrların və yaxud istehsalçıların öhdəsinə buraxanda müəyyən anlaşılmazlıqlar yaranır. İstehsalçı adətən xarici ölkədən olur və ölçüləri öz ölkəsinin mentalitetinə uyğun qoyur. Hər bir ölkə üçün bu ölçü müxtəlif ola bilir. Məsələn, Avropa, Amerikada +16 olan filmlər əslində bizim mentalitetdən xeyli uzaqdır. Buna görə də mentalitet fərqliliyi olduğu üçün yerli komissiya yaradılmalı və bu məsələyə nəzarət etməlidir”.

İlqar Fəhmi yaş məhdudiyyəti ilə bağlı kateqoriyanı bu cür təhlil edib: “Ümumilikdə dünyada təyin edilmiş kateqoriya belədir - 3+, 8+, 16+, 18+. Təxminən 8+ qədər olan filmlər daha çox romantik, uşaq macəraları, 16+ qədər olanlar müəyyən qəhrəmanlıq filmlərini, 18+ isə açıq-saçıq səhnələri olan filmləri əhatə edir. Amma əsasən 16+-a qədər olan filmlər daha çox maarifləndirici və tərbiyələndirici filmlər olmalıdır. Çünki bu yaş həddi uşaqların yetişmə dövrüdür. Bundan sonra isə hər şeyi sərbəst buraxmaq olar”.

Ramin Hacıyev ile ilgili görsel sonucu

Rejissor Ramin Hacıyev isə qeyd etdi ki, bu məsələdə ilk növbədə valideyn məsuliyyətli olmalıdır: “Əgər afişada 16+, 18+ işarəsi varsa və uşaqlar həmin filmlərə gedirsə, deməli, bu məsələdə rejissor deyil, valideyn məsuliyyət daşımalıdır. Əgər filmdə açıq-saçıq, zorakılıq səhnələri varsa və rejissor yaş məhdudiyyəti qoymayıbsa, yalnız bu halda rejissoru suçlamaq olar. Bəzən olur ki, rejissor yaş məhdudiyyətini yazıb qoyur, lakin afişanı çap edən bunu vermir”.

Psixoloq Fərqanə Mehmanqızı ile ilgili görsel sonucu

Psixoloq Fərqanə Mehmanqızı isə zorakılıq, açıq-saçıq səhnələrin uşaqların psixologiya vurduğu zərərlərdən söz açdı: “Hər bir yaş dövrünün özünə məxsus psixoloji durumu olur. Təbii ki, 10 yaşında olan uşağın qavrama səviyyəsi, baxışları 18 yaşında olan şəxslə eyni olmur. Buna görə də məlumatlar da yaş kateqoriyasına bölünür ki, hansı yaşda hansı informasiyanı, məlumatları vermək olar və yaxud olmaz.  Zorakılıq səhnələri uşaqlarda bir çox travmalara gətirib çıxara  bilir, xüsusən də şəxsiyyətin formalaşması, yeniyetməliyə qədər olan dövrdə. Yeniyetməlik dövründə isə artıq şəxsiyyətin formalaşmasının korreksiya dövrüdür. Bu zaman daha ehtiyatlı olmaq lazımdır. Çünki məlum olduğu kimi, yeniyetmələr daha emosional, ondan kiçik olan dövrdə isə hadisələrə daha saf yanaşma olur. Bu dövrlərdə uşaq hər hansı fiziki şiddət gördükdə aqressiv davranış nümayiş etdirə və yaxud daxili depressiya yaşaya bilər. Şiddətə alışqanlıq şəklində də qəbul edə və yaxud şiddət qorxduqlarına görə assosional, yəni ətrafdakı cəmiyyətdən, insanlardan qorxa bilərlər.  Sanki bu şiddət hər an hər kəs tərəfindən tətbiq edilə bilər”.//musavat