Bakı Ağır Cinayətlər Məhkəməsində işlərə baxılması təxirə salındı - ƏMR

Baxış sayı:
3508

Bakı Ağır Cinayətlər Məhkəməsində işlərə baxılması aprelin 20-ə qədər təxirə salınıb. 

Bununla bağlı məhkəmənin sədri Mahmud Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi) istisna olunmaqla icraatda olan digər işlərə baxılması 20 aprel 2020-ci il tarixə kimi təxirə salınıb.

Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 60 yaşdan yuxarı işçilərə yüngülləşdirilmiş, himayəsində 14 yaşına çatmayan uşağı olan qadınlar üçün qısaldılmış – 6 saatlıq iş rejimi tətbiq edilib.

Əmrə görə, məsafədən görülə bilən işlərlə əlaqədar fəaliyyət göstərən işçilərin yalnız zəruri hallarda iş yerinə gəlmələri təmin edilməli, məhkəmənin binasında mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, məhkəmə zallarında işçilər qoruyucu vasitələrdən (əlcək və maska) istifadə etməklə fəaliyyət göstərməlidirlər.

Qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları 20 aprel 2020-ci il tarixə kimi təxirə salınıb.

Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilməli, bu məqsədlə 012 598-47-43 nömrəsi və [email protected] www.bakugravecrimescourt.gov.az elektron ünvanları müəyyən edilib.

Vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsinin təmini məqsədilə - Xuraman Kərimova və Rafiq Qənbərov müəyyən olunub.

Bütün işçilərin işə gələrkən məsafədən ölçmə cihazı ilə hərarəti yoxlanılacaq və müəyyən edilən normadan yuxarı hərarəti olan işçilər işdən kənarlaşdırılacaq.

Məhkəmə işçiləri gün ərzində mütəmadi olaraq spirt vasitəsi ilə iş yerlərinin dezinfeksiya edilməsini təmin etməli və gigiyenik qaydalara riayət etməklə tez-tez əllərini sabunla yumalıdırlar.

İşçilərin məhkəmə daxilində toplaşması da qadağan edilib.

Eyni zamanda əlavə əmrlə bayram və istirahət günlərində məhkəmə binasında hakim və köməkçi və ya məhkəmə iclas katibindən ibarət növbətçilik müəyyən edilib./apa