“Azərbaycanda təcili “Müflisləşmə haqqında” qanun hazırlanmalıdır” - EKSPERT

Əkrəm Həsənov: “Banka borca görə hədələnmə vətəndaşa sarsıdıcı zərbə vurur deyə intiharların sayı artır”

“Heç bir Avropa ölkəsində borca görə həbs yoxdur... Azərbaycanın qoşulduğu İnsan Haqları üzrə Avropa Konvensiyasında da birbaşa gösətrilib ki, borca görə həbs etmək olmaz. Vətəndaş bütün bunları bilməlidir”

Vətəndaşların banka olan borclarına görə, intiharların sayı əvvəlki illərlə müqayisədə bu il xeyli artıb. Kriminal sahə üzrə yazarlar bildirir ki, ötən illə müqayisədə ilin əvvəlindən indiyədək bu problemlə əlaqədar intihar edənlərin sayı onlarla çoxdur. 
Məsələn, yanvarın əvvəlində Neftçala şəhər 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Alik Novruzov məktəbin qazanxanasında banka 7 min manat borcu olduğuna görə üzərinə benzin tökərək özünü yandırdı. Bakının Pirallahı rayonunda Ələmdar Salamov böyük məbləğdə bank borcuna görə özünü yaşadığı evin həyətindəki yarımtikilidə, Ağdaş rayon sakini 58 yaşlı Nizami Cabbarov da məhz bu səbəbdən özünü ağacdan asaraq öldürdü. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Kamal Yaqubov da eyni səbəbdən yanvarın 15-də özünü asdı, 1 yaşlı oğlu və 5 yaşlı qızı atasız qaldı. Ramana qəsəbə sakini, 3 uşaq atası bankdan dollarla götürdüyü krediti ödəyə bilmədiyi üçün özünü asmışdı. Ərinin banka borcu olduğunu bilən gəlin özünü asdı...
Bu təkcə yanvar ayında baş verən, mətbuata çıxan hadisələrin bir hissədir. Bu faktlar hər ay daha da çoxalır. Belə ki, borc içində boğulan insanlar çıxış yolunu özünəqəsddə, işgəncəli ölümdə, intiharda görürlər. 
Borclu vətəndaşlara hüquqi yardım edən vəkil, uzun müddət bank sahəsində çalışan ekspert Əkrəm Həsənov isə çıxış yolu üçün vətəndaşları intihara yox, öz hüquqlarını müdafiə etməyə səsləyir. Borclu vətəndaşlara hüquqi yardım edilməsi məqsədlə bu ilin martından ekspertin rəhbərliyi ilə Antikollektor Şirkəti də yaradılıb. 
Əkrəm Həsənovun Hurriyyət.az-a bildirdiyinə görə, ölkədə 10 minlərlə belə vətəndaş var və şirkət yarandığı gündən onlara müraciət edən vətəndaşların sayı 400-ə yaxındır. 

-Antikollektor Şirkəti borcu olan vətəndaşların üzünə açıqdır. Gün ərzində təkcə mənə müraciət edən vətəndaşlar ən azı 10 nəfər olur. Biz onlara müəyyən sənəd formaları verib, münasib çıxış yolunu göstəririk. İnsanlarımız çox məlumatsızdır, qanunu bilmədikləri üçün onlar həbsdən, müsadirədən, təzyiqdən qorxurlar. Halbuki bu hədə-qorxuların heç birinin qanuni əsası yoxdur. Əslində belə halda heç vətəndaşa vəkil də lazım deyil. Vətəndaş gəlir, ona vəziyyəti izah edib, hüquqlarını başa salırıq. Bir məsələ də var ki, vətəndaşa təzyiq göstərən bank işçiləri özləri qanundan xəbərsizdir. Vətəndaş bilməlidir ki, borcu varsa, bunun üçün əmlakına görə cabadehlik daşıyır. Borcunu, kreditini qanun çərçivəsində ödəməlidir. Məhkəmə qərarları üzrə icra məmuru vətəndaşı çağırıb sorğu-sual edə bilər, əgər vətəndaşın əmlakı, aylıq gəliri yoxdursa, bu halda vətəndaşa heç nə edilə bilməz. Bəzi hallarda 10-15 sutkalıq inzibati həbs faktları baş verib. Bu da qanunsuzluqdur, çünki onun əmlakı yoxdur. Görünür, bu addımlar da ona görə atılır ki, digər borc edən vətəndaşlar bundan nəticə çıxarsın. 
- Bəs borcu olan imkansız vətəndaş nə etməlidir? 
- Ona zəng edilib, təzyiq göstərilirsə, dərhal 102-yə zəng edib polisə şikayət etsin. Heç kəsə ixtiyar verilməyib ki, borca görə vətəndaşa zəng edib, təzyiqlər göstərsin, evinə basqın etsin, onu söysün, ailəsinin yanında alçaltsın. İnsanlar məhkəmədən o qədər qorxmur, nəinki belə təpkilərdən. Bütün bunlar vətəndaş üçün ağır, sarsıdıcı psixoloji zərbədir. Borcu olan vətəndaşın bir cavabı var: “Borcum var, məhkəməyə ver”. Vətəndaş borca görə məhkəməyə verilirsə, qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edə bilər. Bunun üçün bizdə iddia forması var. Hazırda vətəndaşlar var ki, artıq məhkəməyə müraciət ediblər. 
-Borca görə həbs təhlükəsi yaşayan vətəndaş nə etməlidir?
-Vətəndaşlar bizə müraciət edə bilər. Pulsuz hüquqi yardım göstəririk. Ümumiyyətlə, yaxın günlərdə mən borca görə həbslə bağlı dövlət orqanlarına geniş müraciət hazırlayıb təqdim edəcəm. Heç bir Avropa ölkəsində borca görə həbs yoxdur. İnanıram ki, qısa müddət ərzində bu problem öz həllini tapacaq. Çünki Azərbaycanın qoşulduğu İnsan Haqları üzrə Avropa Konvensiyasında da birbaşa gösətrilib ki, borca görə həbs etmək olmaz. Vətəndaş bütün bunları bilməlidir. 
-Bu halda dövlət tərəfindən hansı addımlar atılmalıdır?
-Sivil ölkələrdə “Vətəndaşların müflisləşməsi” haqqında qanun mövcuddur. Bizdə təəssüf ki, yoxdur və təcili belə bir qanunun hazırlanmasına ehtiyac var. Belə bir qanunun tətbiqi həm vətəndaşın, həm bankların - maliyyə sisteminin və dövlətin xeyrinədir? Çünki belə bir qanun mövcud olduqda vətəndaş özü gedib məhkəməyə müraciət edir, əmlakının olmaması, borcunu qaytara bilməməsi haqqında məlumat verir. Bu halda məhkəmə araşdırması aparılır və müəyyənləşir ki, o müflisləşib. Belə vətəndaşın fəaliyyətinə məhkəmə qaydasında müəyyən məhdudiyyətlər qoyulur. Məsələn, belə olan halda vətəndaş sahibkarlıq fəaliyyətilə məşğul ola, müəyyən vəzifələri tuta bilməyəcək. Müflisləşmiş şəxs kimi onun adı ictimailəşəcək, xüsusi internet saytında onun haqqında borc məbləği barədə məlumat veriləcək və insanlar da, banklar da məlumatlı olacaq ki, belə şəxsə borc verilməməlidir. Əks təqdirdə, borclu şəxslərlə müqavilə bağlamaq maliyyə sisteminə sarsıdıcı zərbə vurur. Ona görə bu, “Müflisləşmə haqqında” qanunun tətbiqinə Avropa dövlətlərində ciddi önəm verilir. Bizdə də belə bir qanun mövcud və işlək olarsa, nə vətəndaş intihar edər, nə də maliyyə sistemi zərər görər. 
-“Müflisləşmə haqqında” qanun layihəsinin hazırlanması üçün hər hansı bir təşəbbüs varmı?
-Bir ay öncə cənab prezidentə belə bir qanun layihəsinin hazırlanmasının vacibliyilə bağlı müraciət etmişəm. Müvafiq qurumlarda bu məsələni qaldırmışam. Amma hələ ki, belə bir qanun layihəsinin hazırlanacağı barədə məndə məlumat yoxdur.
-İndiki vəziyyətdə mövcud qanun-qaydalarla vətəndaş hansı addımı ata bilər?
-Bayaq da vurğuladım ki, istənilən halda vətəndaş müflis olubsa, ona heç bir cəza üsulu tətbiq etmək mümkün deyil. Mövcud qanunla belə qəbul edilir ki, vətəndaş ömrünün axırına kimi borcludur. Bu da həm vətəndaş üçün pisdir, həm də cəmiyyət üçün. Vətəndaş borcunu qaytara bilmir, ona görə daim təqib altında olur. Vətəndaş qorxu içində olur ki, işləsə onun əməkhaqqı tutulacaq, əmlak alacaqsa müsadirə olunacaq və sair. Bu da onun aktiv fəaliyyətini azaldır. Bunun cəmiyyət üçün pis tərəfi odur ki, insanlar müflisləşən şəxs barəsində məlumatsız olur. Məndə faktlar var. Borcluların xeyli hissəi 10-dan çox banka borcludur. Birindən borc alıb, digər banka verib. Amma bu qanun mövcud olsaydı və tətbiq edilsəydi bank bilərdi ki, bu vətəndaş müflis olub, ona borc verməzdi. Bu gün tək bank deyil ki. Vətəndaş dükanlara, mağazalara da gedib nisyə mal götürür, kompüter, texnika, mebeldən tutmuş ərzağa qədər. Belə borclar hədsizdir. Ona görə də belə bir qanunun olmaması iqtisadi inkişafımıza zərbə vuracaq amildir. 
-Amma deyəsən, vətəndaşlara pulsuz hüquqi yardım edən Əkrəm Həsənov bəzi bank rəhbərlərinin yuxusunu qaçırıb. Hətta barənizdə “Bank VTB” baş prokurorluğa şikayət edib. 
-Məni Baş Prokurorluqdan kimsə müraciət etməyib. Əslində mənə qarşı hər hansı bir iddia vardısa, Baş Prokurorluğa yox, məhkəməyə müraciət edilməliydi. “Bank VTB”-nin bütün iddiaları tam cəfəngiyyatdır. Guya mən borclulara deyirəm ki, kreditləriniz ödəməyin. Halbuki mən vətəndaşa başa salıram ki, bank qanunsuz olaraq borcu şişirdir, vətəndaşa yüksək faizlə borc yazılır, cərimələr edilir və sair. “Bank VTB”-nin şikayətinin əsası mənə aydındır. Məndə faktlar var ki, bu bankın çoxlu sayda problemli kreditləri var və onlara borclu olan vətəndaşların xeyli hissəsi bizə müraciət edib və biz o vətəndaşlara hüquqi yardım edirik. Belə banklar tək “Bank-VTB” deyil, çoxdur. Mən də vətəndaşlarımıza deyirəm, ayıq-sayıq olsunlar, belə banklara etibar etməsinlər. Hər bir bank rübdə bir dəfə maliyyə hesabatını dərc etməlidir, amma bu bank gizlədir. Onların kredit siyasəti o qədər bərbaddır ki, bunu qurumun nümayəndələri özləri də etiraf edirlər. Bu bankın daxilində korrupsiya halları çoxdur. “Bank VTB”-nin filiallarının birində 600 min manatlıq korrupsiya faktları aşkarlamışıq. Hazırda bizim vəsatətimizlə bu bankın bütün filiallarında məhkəmə ekspertizası gedir. Üzə çıxardığım bu faktlar da həmin bankı narahat edir. Digər banklarda da belə faktlar üzə çıxarmışıq və onlar da anlayıb ki, Azərbaycan qanunvericiliyinə sayğıyla yanaşılmalıdır. “Bank VTB” isə Rusiyaya məxsusdur, nədənsə ərköyünlük edir. Biz də tələb edirik ki, digər banklar kimi, bu bank da qanunlarımıza hörmət etsin.