Azərbaycanda insan haqlarının pozulmasına dair qətnamə layihəsi - AVROPA PARLAMENTİNƏ TƏQDİM OLUNDU

Baxış sayı:
22015

Avropa Parlamenti bloqqer Mehman Hüseynovun işi ilə bağlı qətnamə layihəsi barədə təklifin müzakirəsinə başlamaq niyyətindədir.
 
“Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsi yanvarın 17-də Bakı vaxtilə saat 15:00 radələrində başlanmalıdır.
 
Qətnamə layihəsində Azərbaycan hökumətinə Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad olunmasına, habelə ona qarşı bütün yeni ittihamlara xitam verilməsinə, habelə ona lazımi peşəkar tibbi yardımın göstərilməsinə çağırış edilir.
 
Qətnamə layihəsində habelə "Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunması istənir".
 
Sənəddə siyasi məhbus adlandırılan Əfqan Muxtarlının, İlkin Rüstəmzadənin, Rəşad Ramazanovun, Seymur Həzinin, Qiyas İbrahimovun, Mehman Hüseynovun, Bayram Məmmədovun, Araz Quliyevin, Tofiq Həsənlinin, İlgiz Qəhrəmanovun, Əfqan Sadıqovun adları xüsusi vurğulanır, onlara qarşı da bütün ittihamların ləğvinə çağırış edilir.
 
Qətnamə layihəsində Azərbaycanda bir sıra tanınmış insan haqları müdafiəçilərinin, jurnalistlərin, müxalifətçi və fəalın son illərdə həbsxanadan azad edilməsi təqdir olunur, lakin bildirilir ki, İlqar Məmmədov, İntiqam Əliyev, Xədicə İsmayılova və başqalarının hərəkət azadlığının məhdudlaşdırılmasına son qoyulmalıdır.
 
Qətnamə layihəsində Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası üzrə öhdəliklərinə əməl etməsinə çağırış edilir.