Azərbaycanda fırtına öncəsi sakitlik

Ölkəmizdə “əsl tufan” çox yaxında başlaya bilər

Son günlər əksər dövlət idarələrində də kütləvi ixtisarlar aparılır. Belə ki, işçilər heç bir əsas gətirilmədən vəzifədən azad olunur və taleyin ümüdünə buraxılır. Üstəlik, maaşların azaldılmasına da strat verilib. Məsələn, bu günlərdə Müdafiə Nazirliyində bütün hərbi qulluqçuların maaşlarının 30-50 faiz aşağı salınacağı haqda xəbərlər yayıldı. Əlbəttə, hökumətin bu addımıba kəskin reaksiyalar ortaya qoyuldu. Çünki müharibə şəraitində olan bir ölkədə hərbi qulluqçuları yaxşı təminatı daha vacibdir. Doğrudur, indi Azərbaycanda bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Buna rəğmən, hökumət hərbçilərin ailə büdcəsini yarıya salmaq istəyir. Belə olduğu halda indini demirik, gələcəkdə kim bu sahəyə maraq göstərər?
Başqa bir informasiyaya əsasən, “Azərenerji” Açıq Səhimdar Cəmiyyəti (ASC) və“Azəryolservis”də isə bütün işçilərin ərizələri alınıb. Bu o deməkdir ki, həmin qurumlar işə qəbulu yenidən gözdən keçirəcək. Bu zaman isə, şübhəsiz, “arzu edilməyən” şəxslərə heç bir müavinət ödənlmədən, onları kənara atacaqlar.
Doğrudur, “Azərenerji” ASC “Azəryolservis”dən fərqli olaraq ixtisara düşənlərə 6 aylıq müavinət veriləcəyi haqda məlumat yayıb. Ancaq bu bəyanatın nə dərəcədə reallığa çevriləcəyi kifayət qədər şübhə doğurur. Çünki “Azərenerji”dən toplam 3 min nəfərin ixtisar ediləcəyi bildirilir. Bu halda həmin işçilərin hər birinə 6 aylıq müavinət verilməsi inandırıcı görünmür...
Qeyd edək ki, “Azərişıq”da da kütləvi ixtisarlar ediləcəyi haqda məlumatlar var. Halbuki, “Azərenerji”dən ayrılan “Azərişıq”ın 16 min işçisindən hazırda cəmi 8 min nəfər qalıb. Bundan sonra daha neçə min nəfərin ixtisara düşəcəyi bəlli deyil...
Əlbəttə, təkcə adıçəkilən qurumlarda deyil, əksər dövlət idarələrində ixtisarlar aparılacağı haqda məlumatlar var. Bu isə, indiki böhran vəziyyətində əhalinin sosial durumunun daha da ağırlaşmasına səbəb olacaq. Hökumət yeni iş yerlərinin yaradılmasına çalışmaq əvəzinə, kütləvi ixtisarlarla özü üçün “çıxış yolları” axtarır. Amma...
Sözsüz ki, 10 minlərlə insanın taleyin ümüdünə buraxılması ölkədə ciddi problemlərə səbəb olacaq. Lakin görünən odur ki, hakimiyyət böhranın bütün ağırlığını xalqın belinə yükləmək istəyir. Belə vəziyyətdə isə, şübhə yoxdur ki, ağır yükü daşıya bilməyən xalq “yeni yollar arayacaq”!
Yeri gəlmişkən, Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Tomas De Waal “Azərbaycanda əsl tufan” başlıqı məqalə ilə çıxış edib. Bu məqalədə Azərbaycanın hazırkı drumu çox incə və dəqiqliklə təsvir edilir. Müəllif, regionda gedən siyasi çəkişmələrin Azərbaycana də təsirini təhlil edərək qeyd edir ki, İranın neft bazarına çıxması Azərbaycan hakimiyyətinin siyasi oynunu bitirdi. Onun fikrincə, artıq İran kimi “neft bosu” ortada olarkən Azərbaycan hakimiyyətinin daha “oynamağa” da bir bəhanəsi qalmayacaq. Müəllif yazır ki, indiyə kimi Qərb hakimiyyətin hər cür şıltaqlığını qəbul edirdi. Artıq İ.Əliyev iqtidarının belə imkanı yoxdur.
Bəli, cənablar! İndi xalqı və Qərbi dinləməyin vaxtıdır. Necə deyərlər, boyunun “givə” qoyulan vaxtı! Çünki indiyə qədər ikili oyun oynaya bilirdik. Bunun adını nə qoyursunuz qoyun, istər “balanslaşdırma siyasəti”, istər də “müstəqil siyasət”, amma indi ortaya konkret mövqe qoymaq zamanıdır. Odur ki, biraz tələsin!

Aidə İSAXANQIZI