​“Azərbaycanda düşünə bilən beyinlər həbsxanalardadır”

Nahid Cəfərov: “Biz inanırıq ki, qısa bir müddət ərzində qələbə qazna bilərik”

“Heç bir diplomat Azərbaycanda anti-demokratik rejimin olmasında maraqlı deyil”

“Əgər Azərbaycanda hər hansı bir siyasi məhbus varsa və ya hər hansı bir aktivist, hər hansı jurnalist həbs olunursa, bu zaman ən böyük təzyiqi diplomatlar görür”

Martın 6-da Niderland Krallığının Amsterdam şəhərində OYAN Siyasi Hərəkatının əsası qoyulub. Bu barədə Azərbaycanın Niderlanddakı keçmiş konsulu Nahid Cəfərov Facebook səhifəsində məlumat paylaşıb.
Keçmiş konsul qeyd edib ki, Hərəkatın əsas məqsədi cəmiyyəti qısa zaman ərzində təşkilatlandıraraq aktiv siyasi proseslərə cəlb etmək və iqtidara qarşı vahid dinc mübarizə platforması yaratmaqdır.
“Hürriyyət”in əməkdaşı Azərbaycanın Niderland Krallığındakı keçmiş konsulu Nahid Cəfərovdan OYAN Siyasi Hərəkatının yaradılması, təşkilatın məqsəd və məramları ilə bağlı geniş müsahibə alıb.
(Əvvəli bu linkdə:http://muxalifet.az/bu-hrakatin-mqsdi-indiki-rejimi-tarix-qovusdurmaqdir...)

-Sosial şəbəkədəki açıqlamanızı oxuduq ki, siz də hakimiyyətin dinc yolla dəyişməsinin tərəfdarısınız. Azərbaycanda da əksər müxalifət partiyaları hakimiyyətin dinc yolla dəyişilməsini istəyir. Bu halda həmin partiyalarla əməkdaşlıq etmək fikrindəsiniz?

- Bizim Oyan Siyasi Hərakatında rəhbər, lider mexanizimi yoxdur. Biz komanda işini ortaya qoyuruq. Sözsüz ki, bu komandanı geniş çevrədə əhatələndirmək istəyirik. Böyük məmnuniyyətlə o insanlarla işləməkdə, birgə mübarizə aparmaqda maraqlıyıq. Çünki o insanların müəyyən üstün cəhətləri olsa da, Azərbaycanda olmaları onlar üçün müəyyən çərçivələr yaradır. Hakimiyyət onlara böyük təzyiqlər yaradır. Məsələn, bu gün Azərbaycanda hakimiyyəti dəyişə biləcək insanların əksəriyyəti həbsxanalardadır. Hətta, mən deyərdim ki, Azərbaycanda düşünə bilən beyinlər həbsxanalardadır. Ona görə də, biz Oyan Siyasi Hərakatı olaraq bu proseslərə qoşulmaqla ümumi işə töhfə verməyə hazırıq. 

- Nahid bəy, son vaxtlar Azərbaycan diplomatlarının öz vəzifələrindən istefa verərək, hakimiyyətə qarşı sərt mövqe tutmalarının kökündə əsasən nə dəyanır?

- Birinci onu qeyd edim ki, diplomatlar Azərbaycanda despotik rejimin olmasını istəmirlər. Mən bunu ilk dəfə verdiyim açıqlamamda da bildirmişdim. Çünki ilk zərbələr diplomatlara dəyir. Əgər Azərbaycanda hər hansı bir siyasi məhbus varsa və ya hər hansı bir aktivist, hər hansı jurnalist həbs olunursa, bu zaman ən böyük təzyiqi diplomatlar görür. Diplomatların fəaliyyət göstərdiyi hər hası ölkədə hörməti, dostları azalır. O cümlədən, həmin diplomatlara təzyiqlər çoxalır. Məsələn, onları tədbirlərə dəvət etmirlər, həmin diplomatlar özlərini tərk edilmiş kimi hiss edirlər. Ona görə də heç bir diplomat Azərbaycanda anti-demokratik rejimin olmasında maraqlı deyil. Bu səbəbdən, mövcud sistem qaldıqca, Azərbaycan diplomatlarında qəzəb, nifrət getdikcə artır. Elə bir həddə çatır ki, insan dözə bilmir və hər şeyə nifrət edir. Bununla da bütün risqləri gözə alaraq, artıq rejimə qarşı çıxır. Belə bir misal da var: “Batan gəmini birinci siçanlar tərk edirlərsə, batan hökuməti birinci diplomatlar tərk edir”. Bunun da məntiqi ondan ibarətdir ki, onlar o qədər bezirlər və nəticədə heç bir şeyə baxmayaraq rejimə qarşı çıxırlar.

- Bu hakimiyyətə etiraz edərək istifa verən digər diplomatlarla sizin əlaqələriniz varmı? Ümumiyyətlə, Oyan Siyasi Hərəkatında onların da təmsil olunması gözlənilirmi?

-Bəli. Əslində bu təşkilat iki hissədən ibarətdir. Bizim təşkilatın iki institutu var. Birincisi, İdarə Heyətidir. İdarə Heyəti üzdə olan hissədir. İkincisi, Beyin Mərkəzidir. Sözsüz ki, həmin Beyin Mərkəzində keçmiş diplomatlardan da var. Deyərdim ki, bizə böyük dəstək verən insanlar da var. Onların bilikləri, məsləhətləri və töhfələri bizə çox vacibdir.
-Konkret olaraq Arif Məmmədovla münasibətləriniz varmı? Onun bu təşkilatda təmsil olunması gözlənilirmi?
-Arif Məmmədov mənim yaxın dostumdur. Mən deyərdim ki, Arif Məmmədovun təcrübəsi bütün siyasi partiyalara və bu yolda mübarizə aparan bütün insanlara lazımdır. Onunla mütəmadi olaraq əlaqə saxlayırıq. Mütamadi olaraq ondan məsləhətlər alırıq.

- Bəzən belə fikir də səslənir ki, diplomatların hakimiyyətə qarşı çıxması heç də təsadüfi deyil, bunun arxasında Qərbin gizli dəstəyi var. Bu məsələ haqda nə deyə bilərsiniz?

-Xeyir, mən bu məsələyə fərqli yanaşıram. Biz etiraza qalxandan sonra burda bizə Qərbdən heç bir dəstək olmadı. Qərb dövlətləri idealizim tərəfdarları olsalar da, nə qədər demokratik prinsiplərə sadiq qalsalar da, realizm beynəlxalq siyasətdə əsas nəzəriyyələrdən biridir. O insanlar realist insanlardır. O insanlar oturub hesablayırlar ki, bəli, bu insanlar hakimiyyətə qarşı çıxdılar, bəs, onların arxasınca xalq gəlirmi? Onların arxasınca insanlar gəlirmi? Əgər arxasınca insanlar gəlmirlərsə, həmin diplomatları ciddi qəbul etmirlər. Onlarla heç bir əməkdaşlığa razı deyillər. Çünki bu gün güc hakimiyyətin əlindədir. Güc əsas faktordur. Əgər güc kimdədirsə, Qərb dövlətlərində olan diplomatlar, hakimiyyət nümayəndələri bunu nəzərə alaraq öz davranışlarına müəyyən dəyişiklik edirlər. Bu gün bizim hakimiyyətə qarşı çıxmağımız, əslində, böyük gücə sahib olmağımız demək deyil. Əgər biz xalqı ətrafımıza cəlb edə bilsək, onda gücə sahib olmuş oluruq. Əlbəttə, onda bu dövlətlər bizimlə hesablaşmalı olacaqlar. Sizə konkret deyim ki, hal-hazırda heç bir dəstək, heç bir maraq yoxdur. Amma biz inanırıq ki, olacaq.

-Sizcə, beynəlxalq dəstək olmadan Azərbaycanda hakimiyyət dəyişikliyi həyata keçirmək mümkündür?

-Əslində, beynəlxalq dəstəyin olması müəyyən qədər problemlər yaradır. Çünki, biz xarici müdaxilə əsasında demokratiyanın qurulması nümunəsinə baxanda Suriyanı, digər Şərq ölkələrini görürük və heç də ürəkaçan bir mənzərə ilə tanış olmuruq. Biz inanırıq ki, əgər Azərbaycanda xalqı ayağa qaldıra bilsək, məhz onda əsl demokratiyanı qura bilərik. Biz Qərbdən heç bir dəstək gözləmirik. Eləcə də, heç bir xarici dövlətdən dəstək gözləmirik, buna ehtiyacımız da yoxdur. Çünki bizim üçün yeganə güc mənbəyi Azərbaycan xalqıdır. Biz sadəcə olaraq xalqa bunu anlatmağa çalışırıq ki, güc siz özünüzsünüz, heç bir ölkədən heç bir dəstək gözləmək lazım deyil. Çünki onlar gəlməyəcəklər və onlar dəstək verməyəcəklər.

-Bizim suallarımız bu qədər. Əgər hər hansı əlavəniz varsa, buyurun...

-Əslində, bir məsələyə də toxunmaq istəyirəm. Mən fərqindəyəm ki, bəli, biz təzə başlamışıq, eyni zamanda da bu hərakata çox 
savadlı insanları cəlb etmişik. Sadəcə olaraq, biz inanmadığımız prosesə başlamazdıq. Çox yaxın zamanda Azərbaycan xalqına planlarımızı təqdim edəcəyik. Və həmin planları Azərbaycan xalqının iştirakı ilə həyata keçirəcəyik. Biz inanırıq ki, qısa bir müddət ərzində qələbə qazna bilərik. Sözsüz ki, yalnız Azərbaycan xalqının iştirakı ilə! 

Daşqın Nuriyev, "Hürriyyət"