AZƏRBAYCAN SEPARATİZMİN KÖKÜNÜ BALTALAYIR - Cinayətkar rejimin milyonluq qazanc yerləri əlindən çıxır

Baxış sayı:
3105

Azərbaycan Laçın yolunun girişində - Ermənistanla dövlət sərhədində nəzarət buraxılış məntəqəsi yaratmasına daha çox etirazlar haradan səslənir? 

İlk sırada Qarabağdakı separatçı-cinayətkar rejimin başçıları, Ermənistanda hakimiyyətdə və müxalifətdə olan bəzi qüvvələr, keçmiş hərbi-siyasi elita, onların xaricdəki bağlantıları gəlir. Paşinyan hökumətindən, Fransa, ABŞ rəsmi dairələrindən də bir-iki boğazadan yuxarı bəyanatlar eşitmişik. Amma bölgədə Azərbaycanın nəzarətinin tam təmin olunmasından keçmiş erməni siyasi elitası qədər narahat olan olmayıb.

Əlbəttə, onlar blokada, təhlükəsizlik, entik təmizləmə kimi nağıllar uydurmaqla gerçək narahatlarını pərdələməyə çalışırlar. Qonadarma rejimin süqutunun qaçılmaz olduğu artıq böyükdən-kiçiyə bütün ermənilərə məlumdur. Onlar da bilirlər ki, bu, zaman məsələsidir, Azərbaycan bayrağının Xankəndində dalğalanacağı gün uzaqda deyil.

Sirr deyil ki, ötən 30 il ərzində Qarabağda separatçı-cinayətkar rejimin bərqərar olması, onların rəhbərləri və himayədarları üçün böyük gəlir mənbəyi olub. Hər il erməni lobbisindən, Ermənistan hakimiyyətindən, Rusiyadan, Fransadan göndərilən milyonların böyük hissəsi cinayətkar dəstələr tərəfindən mənimsənilib. Bu vəsaitlər hesabına Azərbaycanın işğalda olan səfalı guşələrində villalar tikilib, Ermənistanda, Rusiyada, dünyanın bahalı paytaxtlarında daşınmaz əmlaklar alınıb, şirkətlər təsis edilib.

Hərbi xuntanın ikinci ən böyük qazanc mənbəyi Azərbaycanın sərvətlərini dağıdıb talan etməkdən çıxıb. Ötən illər ərzində qiymətli meşə fondu, faytdalı qazntıları, mineral bulaqları istismar edilərək Ermənistana və xaricə daşınıb. Eyni zamanda bölgənin yüz min hektarlarla əkin sahələri də separatçı cinayətkarların, rus və erməni generallarının şəxsi təsərrüfatı kimi istifadə edilib. Hətta Ermənistanın taxıla olan tələbatının böyük bir hissəsi işğalda olan ərazilərdən yığılan məhsullar hesabına əldə olunub.

Bütün bunlarla bir yana, separatçı cinayətkarları ən çox incidən böyük narkotik biznesinin əldən çıxmasıdır. Məlumdur ki, 28 il ərzində nəzarətsiz olmuş Qarabağ bölgəsi həm də dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilmişdi. Azərbaycan xüsusi xidmət orqanlarının apardığı araşdırmalara görə, narkotacirlərin istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. 

Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadan ibarətdir. Ermənistan və separatçı Qarabağ rəhbərliyi narkotika ticarətini birbaşa himayə edib, bu marşrutların ən çox istifadəçilərindən hesab olunub. Azərbaycan bu məsələni dəfələrlə müxtəlif beynəlxaq tribunlardan qaldırsa da, bu məsələyə ikili yanaşmanın şahidi olub. İşğalda olan Qarabağ və ona bitişik rayonlarda narkotiklərin becərilməsi, emalı və daşınması ilə bağlı tutarlı faktlar təqdim olunsa da hesabatlara salınmayıb. Qeyd edək ki, burada istehsal olunan narotik İrandan Rusiyaya və Gürcüstana daşınmaqla oradan Avropa bazarlarına çıxarılıb.

Azərbaycanın öz sərhədlərinə nəzarəti təmin etməsi cinayətkar qruplaşmaları və onların havadarlarını böyük gəlirdən məhrum edib. Nəzərə alsaq ki, bu gəlirlərin bir hissəsi separatizmin ayaqda qalması üçün istifadə olunub.

Bakının qətiyyətli addımı bu dayaqların kökündən baltalanması deməkdir və onun real nəticələrini biz yaxın gələcəkdə görəcəyik. Qarabağdakı hərbi xuntanın mövcudluğu üçün bütün əsaslar sürətlə ortadan qaldırılır. Onun başbilənlərinin və havadarlarının hay-küy qaldırması fəlakətin nə qədər yaxında olmasını hiss etməkləri ilə bağlıdır. 

Qarabağ artıq “boz zona” olmaqdan qurtulur və Azərbaycanın bu addımları bölgədə öz suverenliyini təmin etməklə yanaşı, narkoticarətə qarşı mübarizədə bəşəriyyətə verdiyi mühüm töhfədir.

Rasim Əliyev