Azərbaycan PKK-nı niyə terror təşkilatı kimi tanımır?

Qabil Hüseynli: “Azərbaycanda PKK-ya simpatiya göstərən müəyyən adamlar var”
 
Əli Əliyev: “Azərbaycan parlamenti, oradakı YAP çoxluğu PKK-nı terror təşkilatı kimi tanımalıdır”
 
Bakıdakı kitab mağazalarında PKK terror təşkilatının lideri Abdulla Öcalanı təbliğ edən kitabların açıq satışda olması PKK mövzusunun yenidən aktuallıq qazanmasına səbəb olub. Məsələyə münasibət bildirən bəzi siyasilər iddia edir ki, ara-sıra gündəmə gələn bu və bu kimi faktlar Azərbaycanda PKK-nın kifayət qədər ciddi dayaqlara malik olduğunu göstərir.
Bəzi siyasilər isə hesab edir ki, PKK-nın hələ də Azərbaycan tərəfindən terror təşkilatı kimi tanınmaması məlum müstəvidə ortaya çıxan problemlərin həllinə imkan vermir. Bu baxımdan da sözügedən siyasilər bu kimi problemlərin ortaya çıxmaması üçün öncə PKK-nın Azərbaycan parlamenti tərəfindən terror təşkilatı kimi tanınmasını zəruri hesab edir.
Politoloq Qabil Hüseynli “Hürriyyət”ə açıqlamasında PKK-nın Azərbaycanda ciddi dayaqlara malik olmadığını vurğulasa da, terror təşkilatına rəğbət bəsləyən bəlli bir qrupun da mövcud olduğunu bildirdi: “Azərbaycanda PKK-nın hüquqi dayaqlarının olması mümkün deyil. Bunu qəbul etmək çətindir. Lakin PKK-ya hüsünü-rəğbət bəsləyən azsaylı bir qrupun mövcudluğunu qəbul etmək məcburiyyətindəyik. “Diplomat” qəzetinin baş redaktoru buraxdığı qəzetdə PKK-nı öyən yazılar dərc edir. İraqın şimalındakı Kürdüstan muxtriyyətinə gedərək orada başmaq seyrinə çıxır.
Azərbacan tolerant, multikulturalizm dəyərlərinin hakim olduğu bir ölkədir. Burada təxminən 10 min nəfərə yaxın kürd toplumu yaşayır. Bu toplum müəyyən haqlara malikdir. Bu haqlar PKK liderini təbliğ edən kitabların nəşrini, yaxud xaricdə nəşr edilən bu cür kitabların Azərbaycanda satılmasını özündə ehtiva edən haqlar deyil”.
PKK-nın Türkiyə üçün ciddi başağrısına çevrildiyinə diqqət çəkən Q.Hüseynli, terror təşkilatı və ya onun liderləri ilə bağlı kitabların satışının qadağan olunmasının vacibliyini qeyd etdi: “PKK Türkiyənin də düşmənidir. Öcalanın “Böyük Kürdstan” planlarında Azərbaycana xələl gətirəcək məqamlar da var. Buna görə də Öcalan bu gün bir cinayətkar kimi Türkiyə həbsxanasında saxlanılır. Onun kitabının Azərbaycanda yayılması qanunla qadağan edilməlidir. Necə ki, Hitlerin “Mayn Kampf” kitabının Azərbaycanda yayılması qadağandır. Separatçı ideyaları yayan kitabların Azərbaycanda satışına imkan verilməməlidir. Bunu yayan şəxslər mütləq məsuliyyətə cəlb edilməlidir.
Zənnimcə, Azərbaycanda PKK ayaq açıb yeriyə bilməz. Amma ona simpatiya göstərən müəyyən adamlar vardır ki, bu adamları biz təbliğat yolu ilə Azərbaycan qanunları ilə tanış etməliyik. Həmin şəxslərə başa salmaq lazımdır ki, sən 10 min nəfərlik toplumun maraqlarını güdə bilərsən. Bütün dünyadakı kürdlərin mənafeyini güdməklə məşğul olmaq sənin vəzifənə daxil deyil. Belə olan halda Azərbaycan qanunlarını pozmuş olursan.
Bu, əlbəttə ki, hakimiyyət orqanlarının üzərinə düşən bir məsələdir. Güman edirəm ki, bu məsələyə münasibətdə hər kəs lazımi həssaslığı göstərəcək”.

VİP sədri Əli Əliyev isə hesab edir ki, bu kimi hallarda məsələ ciddi şəkildə araşdırılmalı, dövlət öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir: “Ara-sıra mətbuatda bu cür məlumatlar yer alır. Bu yaxınlarda Novruz bayramının qeyd edilməsi ilə bağlı da məlumatlar yayılmışdı. Sonradan sosial şəbəkədə həmin tədbirin iştirakçılarından birinin açıqlamasına rast gəldim. Məlum oldu ki, 2014-cü ildə keçirilən tədbirlə bağlı informsiya 2016-cı ildə dövriyyəyə buraxılıb.
Daxili sabitliyi pozmaq təşəbbüsləri var. Istisna etmirəm ki, müxtəlif xalqlara məxsus fərqli mənbələrdən maddi və ideoloji baxımdan yemlənən fərdlər də mövcuddur. Onlar Azərbaycanın daxili hüzurunu pozmağa təşəbbüs göstərir. İstisna etmirəm ki, PKK ilə bağlı vaxtaşırı mətbuatda dərc edilən məlumatların içərisində həqiqi məlumatlar da olmamış deyil. Bu məsələdə dövlət öz sözünü deməlidir. Azərbaycan etnik baxımdan rəngarəng bir dövlətdir. Hesab edirəm ki, buradakı etnik rənglilik ümumi məxrəc altında yaşamağa vərdiş edib. Ölkəni kalarid baxımdan zənginləşdirən müxtəlif etnik qrupların adət-ənənəsi, mətbəxi, ortaq dəyərləri o qədər böyükdür ki, qarışıq ailələr o qədər çoxdur ki, Azərbaycanı daxildən parçalamaq mümkün deyil. Ancaq Azərbaycanın rəsmi qurumları belə yaramaz fəaliyyətin ortaya çıxmaması üçün müvafiq addımlar atmalıdır”.
Ə.Əliyevin qənaətincə, parlamentin hələ də PKK-nı terror təşkilatı kimi tanımamasına görə məsuliyyət parlamentdəki çoxluğun üzərinə düşür: “Azərbaycan parlamenti, orada YAP təmsilçilərindən ibarət çoxluq bu sahədəki maneəni aradan qaldırmalıdır. Milli Məclis PKK-nı terror təşkilatı kimi tanımalıdır. Azərbaycanın özü də dövlət olaraq terrorizmdən əziyyət çəkir. Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən ərazi işğalı, insanların qaçqın və məcburi köçkünə çevrilməsi gerçəyini unutmamalıyıq. Bizim həmçinin qardaş Türkiyə dövlətində narahatlıq yaradan, terror aktları həyata keçirən təşkilatı hüquqi-siyasi baxımdan terror təşkilatı kimi tanımaq kimi də mənəvi borcumuz var. Çünki Türkiyə bütün həlledici məsələlərdə Azərbaycanın yanında olub və yanındadır. Ermənistanın Azərbaycana qarşı törətdiyi dövlət terrorunun nəticələrinin aradan qaldırılmasında, ifşasında Türkiyənin xidmətləri əvəzsizdir. Ermənistanın qapalı şəraitdə, izolə edilmiş vəziyyətdə qalmasının səbəbkarı da Türkiyədir. Bu baxımdan bizim parlament çoxluğunun bu məsələdə fəaliyyətsizliyi müəyyən suallar doğurmaya bilmir. YAP-ın parlamentdəki təmsilçiləri bu məsələ ilə bağlı öz mövqelərini ifadə etməlidirlər. Əgər PKK paralament tərəfindən terror təşkilatı kimi tanınmırsa, bu, bütün parlamentin ayağına yazılmamlıdır. Bu, parlamentdə çoxluq təşkil edən YAP-ın ayağına yazılmalıdır. Çünki bu fəaliyyətsizlik dolayısı ilə  PKK-nın maraqlarına cavab verir. Və mümkündür ki, mövcud vəziyyət fonunda kimlərsə PKK-nı təbliğ edən kitabların, məqalələrin, şəkillərin yayılmasını həyata keçirsin”.
 
Hurriyyet.az