"Azərbaycan hökuməti utanmaz-utanmaz deyir ki, Rusiya dostumuzdur..." - PARTİYA SƏDRİ

Baxış sayı:
13216

"...Azərbaycan əhalisinin 80 faizi öz kimliyini unutmuş zombidir"
 
Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə rus dilində təhsilin fəsadları, Azərbaycan türklərinin milli kimlik problemi, Rusiyadan ölkəmizə yönələn təhdidlər və digər mühüm mövzularla bağlı söhbətləşdik.
 
- Sərdar bəy, bildiyiniz kimi, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasının Tiflisdə keçirilən iclası zamanı Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin yerində oturması müxalifətin kəskin etirazına səbəb olub və bundan sonra ölkədə kütləvi etiraz aksiyası başlayıb. Əfsus ki, Azərbaycanda Rusiyaya qarşı münasibətdə tamam fərqli mənzərə müşahidə olunmaqdadır. Belə ki, tarix boyu və bu gün də ermənilərə havadarlıq edən Rusiyanın əlaltısı olanlar son zamanlar ciddi cəhdlə rus dili və mədəniyyətinin ölkəmizdə geniş şəkildə yayılmasına çalışırlar. Sizcə bu, Azərbaycanı yenidən Rusiyanın boyunduruğuna salmaq, Azərbaycan türkünü öz milli kimliyindən, keçmişindən, adət-ənənəsindən uzaqlaşdırmağa xidmət etmirmi? Ümumiyyətlə, nədən Azərbaycan da Gürcüstan kimi Rusiyaya öz yerini göstərmir, Kremlin ölkəmizdə mövqelərinin güclənməsinə göz yumur?
 
- Əvvəla, bu, Rusiyanın apardığı diskriminasiya siyasəti ilə bağlıdır. Belə ki, ruslar ermənilər, gürcülər və digər xristian xalqlarını da müsəlmanlarla birlikdə eyni dərəcədə öz imperiya sərhədlərinə salmalarına baxmayaraq, xristianlarla müsəlmanlara qarşı münasibətdə fərqli siyasət aparırdılar. Məsələn, gürcülər və ermənilər Rusiyanın hakimiyyət strukturlarının, ordunun ən yüksək səviyyələrinə qədər gedə bildilər. Azərbaycanlılar isə çarın vaxtında orduya cəlb olunmurdu. Sovet vaxtında isə azərbaycanlıları "stroybat"da fəhlə kimi işlədirdilər. Erməni və gürcülər isə döyüşən orduda xidmət keçməklə general olurdular. Beləliklə də bizimkilər ordudan yaxşı aşbaz, bənna, dülgər kimi qayıdırdılar. Bundan başqa, onu da qeyd etməliyəm ki, rusların hər bir SSRİ xalqı üçün xüsusi təbliğat planı vardı. Məsələn, bizi qonaqpərvər, şair, əməkçi xalq kimi tərbiyə edirdilər. Deyirdilər ki, Azərbaycan xalqı çox qonaqpərvərdir, özünün hər şeyini qonağa verməyə hazırdır. Gürcü və ermənilər haqqında isə tamamilə fərqli kriteriyalar müəyyən edilmişdi. Yəni səni necə təqdim edirlərsə, ona uyğun olmağa çalışırlar. Əslinə baxsanız, ideyaların seçilməsində də məqsəd budur. Belə ki, ideyaların aşılanmasında bir məqsəd var: Konkret situasiyada xalq həmin ideyanı verən adamın iradəsinə uyğun hərəkət etməlidir. Məsələn, bizə ideal, qəhrəman kimi Koroğlunu, Babəki, Qaçaq Nəbini seçiblər. Burada rusun məqsədi o idi ki, müəyyən vəziyyətdə biz özümüzü Qaçaq Nəbi, Koroğlu və ya Babək kimi aparaq. Yəni yeri gələndə Babək kimi dinimizə qarşı çıxaq, yeri gələndə Qaçaq Nəbi kimi onun-bunun malına göz dikək, ya da Koroğlu kimi öz dövlətimizə qarşı ayaqlanaq. Əslində, Koroğlu dramatik yox, komik qəhrəmandır. Gah aşıq, gah da qadın paltarı geyinir, dəlilərinin hamısına məğlub olur. Onu elə təqdim edirlər ki, guya Azərbaycan xalqının ən böyük qəhrəmanıdır. Belə də qəhrəman olar?! Halbuki, bu, qəhrəman yox, qəhrəmanın müqəvvasıdır. Sonda isə o, deyir ki, tüfəng gəldi, qəhrəmanlıq erası bitdi. Guya qəhrəmanlıq ancaq qılıncla olur. Lakin sonra gördük ki, ən böyük qəhrəmanlıqlar elə tüfəng erasına təsadüf edir. Yəni bununla qəhrəmanlığı belə, alətə bağlamağa çalışıblar. Bəzən deyirlər ki, tüfəng, top yoxdur, erməninin qarşısında necə duracağıq. Bütün bunlar Koroğludan gələn mənfi təsirlərdir. Qəhrəmanlıq vasitəyə baxmaz. Qəhrəmanlıq ruhla bağlıdır. Yəni ruhun özü qəhrəman olmalıdır. Yəni əsl qəhrəman üçün əlindəki alətin elə bir önəmi yoxdur. Komik qəhrəman üçün isə alətdən çox şey asılıdır.
 
"Ruslar bizi kiçiltmək üçün tarixdə mövcud olan imperiyalarımızı belə, dövlət kimi təbliğ edib"
 
Rusiyanın Azərbaycana qarşı münasibətinə gəlincə, bildiyiniz kimi, ruslar ermənilərə Qafqazda dövlət yaradıb, bizim torpaqlarımız hesabına Ermənistanı genişləndirib. "Kürəkçay" müqaviləsindən sonra Gürcüstanı Azərbaycan torpaqları hesabına 2 dəfə genişləndirib. Bundan başqa, sovet dönəmində Ermənistan dotasiya ilə yaşayırdı, Azərbaycan isə Ukraynadan sonra ittifaq fonduna nəhəng gəlir gətirən ikinci respublika idi. Lakin buna baxmayaraq, həyat səviyyəsinə görə ermənilər bizdən iki dəfə yaxşı yaşayırdı. Yəni sovet hökumətinin istər əməkhaqqı, istər vətəndaşların gəlirləri, istər nəzarətlə bağlı, istərsə də hər bir xalqın tarixi və mədəniyyətinə yönəlik siyasəti fərqli olub. Bu səbəbdən də Azərbaycan tarixində çox böyük qəhrəmanlıq səlnaməsinə imza atan Şah İsmayıl Xətai bizə ancaq şair kimi təqdim olunub. Hətta onun imperiyası Azərbaycan tarixində Səfəvilər dövləti kimi təqdim olunub. Halbuki Səfəvilər dövləti olmayıb, Səfəvilər imperiyası olub. Lakin ruslar bizi kiçiltmək üçün tarixdə mövcud olan imperiyalarımızı belə, dövlət kimi təbliğ edib. Bundan başqa, sovet dönəmində tarix ədəbiyyatında, Nadir şah və Qacar haqqında bir cümlə məlumata rast gələ bilməzdin. Yəni Azərbaycan xalqının qürur mənbəyi olan, xalqın tarixi ruhunun möhtəşəmliyini özündə təcəssüm edən bu şəxslər təbliğ olunmurdu. Onların əvəzində isə Nərimanov kimi sovet rejiminə, kommunist partiyasına xidmət edən insanlar təbliğ olunurdu. Bununla da insanlarda rusa məhəbbət aşılanırdı.
 
"Elə ki, düşdük rusların əsarəti altına, dinimiz əlimizdən alındı və bununla da halal-haram məsələsi aradan çıxdı, rusların bütün neqativ xüsusiyyətləri bizə də sirayət etdi"
 
- Bəzi vətəndaşlarımız arasında belə bir deyim var ki, guya rusun vaxtında rüşvət yox idi. Siz bu fikirlə razısınızmı?
 
- Təbii ki, bu, doğru deyil. Sovet hökuməti yarandıqda Lenin dedi ki, əgər biz müsəlman xalqlarını rusların rüşvətxorluğundan xilas edə bilməsək, sosializm məğlub olacaq. Çünki o vaxta qədər bütün müsəlman xalqlarında halal-haram anlayışı vardı, rüşvət ən böyük günahlardan biri idi. Elə ki, düşdük rusların əsarəti altına, dinimiz əlimizdən alındı və bununla da halal-haram məsələsi aradan çıxdı, rusların bütün neqativ xüsusiyyətləri bizə də sirayət etdi. Bu gün azərbaycanlılar elə zənn edir ki, rüşvət bizdən Moskvaya gedib. Halbuki Çar Rusiyasından bu tərəfə rüşvətin mənbəyi Moskva olub. Bu barədə Qoqolun əsərlərində də qeyd olunub. Yəni rüşvət Rusiyadan periferiyaya gəlib. Bizdə cəmiyyətdə elə əxlaq normaları olub ki, onlar oğurluğun qarşısını alıb. Lakin Rusiyada ən sərt qanunlar olsa da yenə cinayətkarlığın qarşısını almaq mümkün olmayıb. Buna baxmayaraq, bizdə ilə fikir yaradırdılar ki, guya ruslar olmasa yaşaya bilmərik. Bir qədər əvvəl də qeyd etdiyim kimi, bunun əsas səbəbi odur ki, rusların xalqımızla bağlı aprdığı dövlət siyasəti gürcülər və ermənilərlə bağlı aparılan siyasətdən olduqca fərqli olub. Bunun birinci səbəbi dini fərqliliyimizdir. İkinci səbəb isə Rusiyanın Qafqazda özünün təsir dairəsini möhkəmləndirmək üçün həyata keçirdiyi siyasətdir. Bildiyiniz kimi, Azərbaycan parçalanmayana qədər Gürcüstan Azərbaycanın protektoriyası olub. Bu ərazilərdə Ermənistan adlı dövlət isə ümumiyyətlə olmayıb. Yəni bütün bu ərazilər Azərbaycan türklərinin dövləti idi. II Yekaterinanın vaxtında Azərbaycanın bir hissəsi işğal olunduqdan sonra ruslar bu bölgədə alternativ iki dövlət - Gürcüstan və Ermənistan yaratdılar. Təbii ki, dövlət yaradan xalqın mütləq qürur hissi olmalıdır. Buna görə də ruslar gürcülər və ermənilərə dövlətçilik şüuru aşılamağa başladılar. Azərbaycana gəlincə, yaxın keçmişimizdə olan imperiyanın varlığını bizdən gizlətməyə başladılar.
 
"Azərbaycanda uzun müddət rus təhsili həyata keçirilib və həmin təhsilin yaratdığı düşüncə, davranış xalqımızda Rusiyaya qarşı qeyri-adi dərəcədə bir məhəbbət formalaşdırıb"
 
- Yəqin razılaşarsınız ki, rus dilində təhsil alan şəxs istər-istəməz ruslaşacaq, bununla da Azərbaycan əbədiyyatından, milli mentalitetimizdən və digər dəyərlərdən məhrum qalacaq. Sizcə, gələcək nəslin rus adət-ənənəsinə uyğun yetişməsinə, əhalinin öz doğma dilindən uzaq düşməsinə nədən rəvac verilir?
 
- Ümumiyyətlə, təhsil haqqında belə yanlış fikir var ki, təhsil insanlara savad verir. Əslində, savad zamandan asılı olaraq dəyişilir. Məsələn, elmi qanunlar dəyişir, yeni kəşflər gəlir. Belə ki, 1960-cı illərdə institutun hansı bir fakültəsində oxuyan şəxslə bu gün həmin institutun eyni fakültəsində oxuyan şəxsin aldığı biliklər eyni deyil. Yəni o dövrdə təhsil alan adam buhünkü biliklərə baxsa, məəttəl qalar, çox şeyi başa düşməz. Çünki elm inkişaf edib. Bu baxımdan, məlum olur ki, təhsildə məqsəd biliyin saxlanması, qorunması, əldə edilməsi deyil. Bunlar zamanla keçicidir. Odur ki, təhsildə davranış və düşüncə modelinin formalaşdırılması qalır. Yəni insan hansı təhsil sistemində oxuyursa, həmin təhsil sisteminin məqsədlərinə uyğun düşüncəsi və davranışları formalaşır. Bildiyiniz kimi, Azərbaycanda uzun müddət rus təhsili həyata keçirilib və həmin rus təhsilinin yaratdığı düşüncə, davranış xalqımızda Rusiyaya qarşı qeyri-adi dərəcədə bir məhəbbət formalaşdırıb. Halbuki ərazimizin böyük bir hissəsini Rusiya işğal edib, 1918-ci ildə ermənilərlə birləşib 65 min, 1937-ci ildə isə 75 min adamı güllələyiblər. Bundan başqa, 1990-cı ildə 20 Yanvar faciəsini, 1992-ci ildə Xocalı soyqırımını törədib. Adamı heyrətləndirən odur ki, sanki bütün bunların Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur. Axı, düşmənçilik necə olur?! Məgər, Rusiyanın törətdiyi bütün bu əməllər düşmənçilik deyil?! Baxın, Gürcüstanın baş naziri çıxış edərək birmənalı şəkildə bəyan etdi ki, Rusiya bizim düşmənimizdir. Qarabağı faktiki olaraq Rusiya işğal edib, torpaqlarımızı işğaldan azad etməyimizə imkan vermir, orda ilhaq siyasəti aparır, Azərbaycan hökumətinin təmsilçiləri isə utanmaz-utanmaz deyir ki, Rusiya bizim dostumuzdur. Yəni bizim millətin şüurunda düşmənə dost deyəcək qədər deformasiya var.
 
"Belə çıxır ki, Azərbaycan əhalisinin 80 faizi öz kimliyini unutmuş zombidir"
 
- Necə düşünürsünüz, bütün bunlar milli kimlik problemindən irəli gəlmirmi? Bundan xilas olmağın yolunu nədə görürsünüz?
 
- Hər bir xalqın milli kimliyi bir xalqın A nöqtəsindən başlayıb B nöqtəsinə qədər bütün tarixi boyu gedən bir kimlikdir. Əgər sən özündən qabaqkı kimliyin nədən ibarət olduğunu bilmirsənsə, özünü Nadir şah, Qacar, Şah İsmayıl Xətainin ruhuna eyniləşdirə bilmirsənsə, onda sən bu gün həmin milli kimliyin daşıyıcısı ola bilməzsən. Qeyd edim ki, ruslar bizi ilk növbədə tarixsizləşdiriblər. Obrazlı desək, tarix ağacın kökü, mədəniyyət gövdəsi, budaqlar isə müasirliyidir. Təsəvvür edin ki, bu gün müasir Azərbaycanda belə, tariximiz müstəqil dövlətə layiq şəkildə tədris və təbliğ olunmur. Halbuki Azərbaycan xalqı həmin tarixin içində yaşamalıdır. Hara baxsaq, orada Nadir şahı, Şah İsmayıl Xətaini, Qacarı görməliyik. Tarixi bilmək başqa şeydir, tarixlə yaşamaq tamam başqadır. Bu gün Azərbaycanda tarixi şəxsiyyətlərimizin adına bir dənə də olsun şəhər, xalqın kütləvi getdiyi bir yer yoxdur. Deməli, ağacın kökü yoxdur. Təəssüf ki, bu gün Azərbaycan mədəniyyəti də kifayət qədər düzgün təbliğ olunmur. Mədəniyyət incəsənət demək deyil. Bizdə mədəniyyət dedikdə, dərhal fikir kinoya, teatra, rəsm əsərlərinə, xalçaya və s. gedir. Halbuki mədəniyyət yaşam və düşüncə tərzindən tutmuş bir xalqın varlığının əlamətlərindən ibarətdir. Bu baxımdan, mədəniyyət daha geniş anlamdır. Azərbaycanda isə mədəniyyətin öyrənilməsi, inkişafı və gənc nəslə aşılanması düzgün aparılmır. Bildiyiniz kimi, cəmiyyətin əsas funksiyalarından biri də keçmiş nəslin əldə etdiyi mədəni nailiyyətləri yeni nəslə ötürməkdir. Əgər cəmiyyət xəstədirsə, sağlam deyilsə, o zaman o, heç vaxt mədəni irsi yeni nəslə ötürə bilməz. Bu halda, müasir nəsil həm tarixdən, həm də mədəniyyətimizdən məhrum qalır. Odur ki, siz yeni nəslə hansı mədəniyyəti, hansı tarixi təbliğ etsəniz onu da qəbul edəcək. Çünki özünün tarixi və mədəni şüuru yoxdur. Məhz bu şüursuzluğuna görə, Rusiya prezidenti Vladimir Putin Azərbaycana son səfərində rus dilinin Azərbaycan xalqının ürəklərində və beyinlərində olduğunu bəyan edib. Bu, o deməkdir ki, azərbaycanlılar rus kimi düşünür və rusları sevir. Onda sual ortaya çıxır: Azərbaycan türk dili kimin beynində və ürəyindədir? Putinin dediyindən belə çıxır ki, biz türk kimi düşünə və özümüzü türk kimi apara, bir sözlə, özümüzü dərk edə bilmirik. Məsələ burasındadır ki, Putin, vaxtilə Jirinovski kimi Azərbaycan xalqını bu qədər açıq şəkildə təhqir etdi, lakin heç kim buna lazımı səviyyədə reaksiya vermədi. Belə çıxır ki, Azərbaycan əhalisinin 80 faizi öz kimliyini unutmuş zombidir. Yalandan deməklə deyil ki, adım Həsən, Murad, Əlidir, məscidə gedirəm, namaz qılıram. Əhalinin böyük əksəriyyətinin özünün əsl kimliyindən xəbəri yoxdur. Məhz bu səbəbdən də özü kimi yaşaya, özünü özü kimi hiss edə bilmir.
 
- Sərdar bəy, xalqımızı iki yerə bölən "Gülüstan" və "Türkmənçay" müqavilələrinin üzərindən 200 ilə yaxın vaxt keçməsinə baxmayaraq, İrandakı fars rejimi hələ də Cənubi Azərbaycandakı soydaşlarımıza öz milli kimliyini unutdura bilməyib. Ruslar isə Şimali Azərbaycanda buna nail olub. Sizcə, bu nədən qaynaqlanır?
 
- Necə ki, Çar Rusiyasında və sovet hökuməti zamanında gürcülərlə ermənilər tam manqurtlaşa bilməyib, eynilə İranda da soydaşlarımız öz milli kimliklərini qoruyub saxlayıblar. Bunun əsas səbəbi dinin eyni olmasıdır. Yəni millət və mədəniyyətlər fərqli olsa da, din eynidir. Odur ki, dinin eyniliyi ilə mədəniyyət fərqliliyi arasındakı ziddiyyət hər zaman dinin hesabına kompensasiya olunub. Eynilə, ruslar da olduğu kimi. Yəni ruslar əsarət altına aldığı xristian xalqlarını, bizdən fərqli olaraq din nöqteyi-nəzərdən çox da sıxışdırmayıblar.
 
(Ardı var)
 
Hurriyyet.org