Azərbaycan gəncliyi klassik müxalifətə və YAP hakimiyyətinə güvənmir – ÖLKƏDƏ ÜÇÜNCÜ QÜVVƏYƏ EHTİYAC VAR...

Baxış sayı:
6558

Azərbaycan Qərbə inteqrasiya etdikcə, ölkədə müasir dünya görüşünə sahib, savadlı, intellektli gənclər ordusu formalaşmaqdadır. Hansı ki, ölkənin gələcəyi də məhz bu gənclərdən asılıdır. Çünki gələcəkdə Azərbaycanı yalnız yenilikci, Avropanın mentalitetimizə yad olmayan müsbət dəyərlərini və Qərb təhsil sistemini mükəmməl şəkildə mənimsəyən gənclər inkişafa apara bilər.
İndiki məmurların böyük əksəriyyəti kimi, ölkənin nicatını Rusiya və İrana boyun əyməkdə görənlərlə, təbii ki, heç də uzağa getmək olmaz. Ali məktəblərdə təhsil alan gənclər arasından apardığımız rəy sorğusu da bu düşüncəmizdə yanılmadığımızı ortaya qoyur...
Maraqlıdır ki, fikrini soruşduğumuz gənclərin böyük əksəriyyəti Rusiya və İranın Azərbaycana heç vaxt dost ölkələr olmadığını, əksinə, zaman-zaman hər iki qonşumuz tərəfindən dövlətimizə qarşı aşkar düşmənçilik mövqeyi sərginləndiyini dilə gətirdilər. Üstəlik, bu ölkələrin, xüsusən də Rusiyanın xalqımıza dəfələrlə dəhşətli faciələr yaşatdığını da xatırladanlar az olmadı. O cümlədən, respondentlər arasında hazırda İranda yaşayan soydaşlarımızın bütün hüquqlardan məhrum edildiyini də vurğulayanlar oldu.
Azərbaycan gəncliyinin əksər hissəsi bu fikirdədir ki, ölkəmizin iqtisadi inkişafı, müxtəlif sahələrdə mövcud olan çoxsaylı problemlərin həlli Qərbə inteqrasiya xəttinin inkişafından keçir.
Məsələnin digər maraqlı tərəfi isə odur ki, rəyini soruşduğumuz gənclərin böyük əksəriyyəti istər klassik müxalifətin, istər də YAP hakimiyyətindəki mühafizəkar qüvvələrin ölkəni xoşbəxt gələcəyə apara biləcəklərini güman etmirlər. Onlar düşünürlər ki, Azərbaycanın inkişafı üçün ölkədə üçüncü qüvvəyə ehtiyac var. Bu qüvvənin isə, siyasi baxışından asılı olmayaraq, Qərb təhsilli, intellektli, islahatlara meylli, dövlətçiliyə bağlı və milli düşüncəli gənclərdən ibarət formalaşmalı olduğunu qeyd edirlər. Respondentlərin fikrincə, yalnız bu kateqoriyaya cavab verən gəncləri hakimiyyətdə yüksək vəzifələrə təyin etməklə, həm ölkəni inkişaf etdirmək, həm də cəmiyyətdə barış mühitini formalaşdırmaq olar.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu gün Azərbaycan hakimiyyətinin daxilində islahatlara qarşı çıxan məmurlar olduğu kimi, müxalif düşərgədə də yeniləşməyə meylli olmayan, hələ də 20-ci əsr düşüncəsi ilə yaşayan qüvvələr mövcuddur. Hansı ki, bu qüvvələr, özləri etiraf etməsələr də, yenilikci, islahatlarla meylli gənclərin qarşısında böyük sipərə çevriliblər. Məhz bu səbəbdən də ölkədə - istər müxalifətdə, istər də hakimiyyətdə - yeniləşmə prosesi olduqca ləng gedir.
Bir sözlə, nə qədər ki, müxalif düşərgə son 25 ildə olduğu kimi “Azadlıq!”, “İstefa” şüarları qışqıracaq, hakimiyyətdəki mühafizəkar qüvvələr də polis zopası ilə onları susduracaq, insanları kütləvi surətdə həbsə atacaq, Azərbaycanda heç bir halda yenilikdən, islahatlardan söhbət gedə bilməz. Zənnimizcə, yeniliyə, islahatlara öncə düşüncələri dəyişməklə başlamaq lazımdır. İslahatlar isə ilk növbətə beyinlərdə aparılmalıdır. Cənablar, sizcə, müasir dünya düzəninə uymayan beyinləri “təqaüdə” göndərməyin zamanı deyilmi?..

Muxalifet.az